Azərbaycanın Xalq artisti, Azərbaycan Akademik Opera və Balet Teatrının solisti, müəllim Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin nəzdində opera teatrı açmağa hazırlaşır. AZƏRTAC -ın müxbiri ilə söhbətində o, bu layihənin ideyasının necə yarandığı və onun həyata keçirilməsi ilə bağlı gedən işlər barədə danışıb.
– Fidan xanım, məktəbin nəzdində opera teatrı yaratmaq ideyası necə yarandı?
– Mənim çoxlu istedadlı tələbələrim var. Onlar məktəbi bitirir və getməyə yerləri yoxdur. Onlar isə səhnədə oxumaq istəyirlər. Məndə də gənc istedadlı opera müğənnilərimizi səhnəyə çıxarmaq fikri yarandı. 2024-cü ildə ilk Beynəlxalq Opera Festivalını təşkil etdim. İndi də məktəbimizin nəzdində opera tamaşaları, operalardan parçaları səhnələşdirmək, uşaq balet və uşaq opera tamaşalarını təşkil etmək qərarına gəldim. Mən artıq bu barədə Mədəniyyət Nazirliyi ilə danışmışam. Nazirimiz Adil Kərimli bu fikri dəstəklədi.
– Teatrın repertuarında hansı əsərlər yer alacaq?
– Teatrın repertuarında Azərbaycan və xarici əsərlərlə yanaşı, müasir və yeni operalar da yer alacaq. Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu, bəstəkar Könül Hüseynova ilə yaxın dostuq. O, şəhid pilot polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşıdır. O, vətənpərvər ruhda yazır, mən onun mahnılarını ifa etmişəm. Mən ona opera yazmağı təklif etdim. Onda artıq material hazır idi. Hazırda opera üzərində iş gedir və məktəbimizin nəzdindəki teatrımızın ilk tamaşası 2025-ci il Beynəlxalq Opera Festivalı zamanı nümayiş olunacaq. Həmçinin gənc truppa ilə “Arşın mal alan” tamaşasını Azərbaycan və ingilis dillərində səhnələşdirməyi planlaşdırırıq. Mən bir neçə heyət hazırlayacağam. Gənclərə kömək etməliyik ki, ölkəmizdə qalsınlar. Onlara burada özlərini ifadə etmək, özlərini burada reallaşdırmaq imkanı yaratmaq ki, bizi tərk etməsinlər. Onları öyrətmək və böyük səhnələrə çıxarmaq mənim missiyamdır. Mənim vəzifəm xalqımıza və bütün dünyaya bizim nə qədər istedadlı uşaqlarımızın, gözəl gənc opera müğənnilərimizin olduğunu göstərməkdir.
– Teatra kimlər cəlb olunacaq?
– Teatrda gənc istedadlarla işləyəcək rejissor, xoreoqraf və müəllimlər çalışacaq. Mən mütləq Azərbaycan Milli Konservatoriyasından tələbələri dəvət etmək istəyirəm – mən orada dərs deyirəm və orada tərkibin nə qədər güclü olduğunu görürəm. Onların gözəl xoru var. Biz müxtəlif səhnələrdə, eləcə də universitetlərdə, məktəblərdə çıxış edəcəyik. Düşünürəm ki, hətta səfərlər də edəcəyik. Biz onsuz da məktəbdə çoxlu konsertlər veririk, lakin bunlar artıq böyük opera tamaşaları olacaq. Bu, klassik musiqinin təbliğidir. Gənc opera müğənniləri bu musiqini bütün nəsillər üçün təbliğ edəcəklər.
– Siz ikinci Beynəlxalq Opera Festivalını qeyd etdiniz. Artıq ona hazırlıq gedir?
– Bəli, proqram artıq düşünülüb. Biz artıq orkestr məşqlərinə başlamışıq. Festivalın özü operalardan və operalardan olan parçalardan qurulacaq, maraqlı duetlər və triolar olacaq. Təbii ki, gənc istedadların ifasında yeni operanın premyerası 2025-ci il festivalının ən parlaq hadisəsinə çevriləcək.
Mənbə: https://azertag.az/