“De, Vaqif ölməliydi, Gəl öldü naһaq yerə…” – Xalq şairi Vaqif Səmədoğlunun ŞEİRLƏRİ

Sevgilim, mən öləndə,

Bir küncdə xısın-xısın

Ağlayacaqsanmı sən?

Kimin xarabasında

Bir damla yaşa dönüb

Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,

Ağla, һeyranım, ağla,

Evdə qonaqlar olsa,

Çıxıb eşikdə ağla.

Gözlə, gecə düşəndə

Yorğan-döşəkdə ağla.

Qulaq asma aləmin

Sözünə bircə kərə.

De, Vaqif ölməliydi,

Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,

Soraq sənə gələndə,

Düşmən gözü güləndə,

Ağla, olanım, ağla,

Ağla, qalanım, ağla,

Ağla, mən ölüm, ağla…

*

Məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

Bir cüt ayaqqabı qoyun,

ayağıyalın

geyib getsin…

***

Allah,

Nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq

neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

***

İlahi,

Yatağın nə sağında

Nə solunda,

Nə bir gözəlin qolunda

Yatmaq istəmirəm.

İlahi,

Nə söyüd kölgəsində,

Nə dünyanın ən azad ölkəsində

Yatmaq istəmirəm.

İlahi,

Dar quyu dibində,

Qaranlıq nəm içində,

İşıqlı qəm içində,

Ağrısız

Bir az yatmaq istəyirəm…

***

Əlimi uzatdım

Sevincə sarı,

Gördüm, yox,

Arada kədər dayanıb.

Atamı səslədim,

Köməyə gəlsin,

Gördüm, yox,

Arada qəbir dayanıb.

Üz tutub gedirdim

Allaha tərəf,

Gördüm, yox,

Arada ömür dayanıb…

***

Bir axşam taksidən düşüb payıza…

Bilmədik haraya, hayana gedək…

Bahar həsrətiylə, payız axşamı…

Yenə həzin- hzin, titrədi ürək…

Yağışın əlindən qaçıb bir küncə

Dayandıq üzümüz dənizə sarı…

Yenə tapılmadı, payız gəlincə

O keçən günlərin itmiş sağları…

***

Şam sönəndə

qaranlıq çöksə yaxşıdır.

Mənim yüzlərlə şam içində

sönən tənha şama

yazığım gəlir.

Hər insan o tənha şamdır…

***

Hər uca bir dağın dərin

Dərəsi var, deyiblər.

Ölümdən başqa hər dərdin,

Çarəsi var, deyiblər…

Bəlkə də hər uca dağın

Zirvəsi dərəsidir,

Bəlkə də ölümün özü

Hər dərdin çarəsidir…

***

Bu ayrılıq dəniziylə

Səni aparan gəmi,

Yuxumdan keçdi bir gecə,

Moskvadan may kimi…

Ondan sonra küçə gördüm,

Getdim aptekə sarı,

O gün ilk dəfə səsləndi,

Ömrün son akkordları…

Ömrün sonuna az qalıb,

Düzsayıramsa əgər,

Bəlkə beş il, bəlkə yüz il,

Bəlkə qapıya qədər…

Mənbə: https://edebiyyatqazeti.az/

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir