Şair, yazıçı Güldərən Vəlinin şeirlər kitabı işıq üzü görüb. “Səsinə gələrəm” adlı kitaba şairin uzun illər qələmə aldığı şeirlər toplanıb. Oxucular şairin Göyçə həsrətli şeirlərini oxuduqca, Göyçə dənizinin sahillərinin, Dərə kəndinin ətrafındakı bulaqların, dağların bədii sözlərlə çəkilmiş rəsminin sehrinə dalacaqlar. Eyni zamanda, şairin Göyçəyə qovuşmaq ümidinin də şahidinə çevriləcəklər:
Göyçənin dağları dağlardan göyçək,
Yazda ətir saçır hər gül, hər çiçək.
Sərin bulaqlardan doyunca içək,
Şehli çəmənində itərik dedim,
O Ulu Göyçəmə dönərik dedim.
Güldərən Vəlinin lirikasında zaman-insan münasibətləri, insanın özünüdərki, taleyinə şairlik yazılanların ürək çırpıntıları xüsusi yer tutur:
Köklənmiş bir tardır şair ürəyi,
Zili də ağladır, bəmi də onun.
Toxunma, toxunma sarı simlərə!
Qəmi də ağladır, dəmi də onun.
Şairə ömrünün bundan sonrasında yeni yaradıcılıq uğurları arzulayır, nəsr kitabının da yolunu gözlədiyimizi bildirmək istəyirik.
Bir cavab yazın