MƏN TÜRKƏM
Mən türkəm, türklüyümlə öyüləsi boyum var,
Oğuz kimi mərd elim, azər adlı soyum var,
Yağı bağrını yaran harayım var, hoyum var,
Mən türkəm.
Türkəm, türkün öcünü düşməndən alasıyam,
Mən sultan Bəyazidin, Teymurun balasıyam,
Babəkin, Cavanşirin alınmaz qalasıyam,
Mən türkəm.
Nizami, Yunus İmrə qələmindən sipərim,
Koroğlu qalxanından dəmir düşmən çəpərim.
Xətai qılıncında polad gücüm, təpərim,
Mən türkəm.
Tarixlərə sığmayan şöhrətim – Turan adım,
Qorqudun qopuzunda çalınası muradım,
Nəsimi məsləkində yenilməyən inadım
Mən türkəm.
Süzür səmazənlərim səmada mələklər tək,
«Cəngi» ilə cəng tutan igidlərim bir pələng.
Hünərim dildə gəzir Doğudan Batıyadək,
Mən türkəm.
Çanaqqala, Qarabağ– göynəyən dərd ünvanım,
Xocalıda, Gördesdə tökülən şəhid qanım…
Çox əydin qırılmadım, tanı, düşmənim, tanı,
Mən türkəm,
Mən türkəm.
MƏNİM TARİXİM
Batı Trakya türklərinin dilindən
Bu torpaqda ulu babam at çapıb,
Hər qarışı hünərimin izidi.
Zəfər üstə zəfər yazan igidlər
Bəşər tarixinə türkün sözüdü.
Mənim tariximdi köhnə daş məzar,
Gümülçinədəki Yıxıq Minarə,
Mora üsyanında Gördes qalada
On minlərcə türkə vurulan yara.
Burda ruhu gəzir memar Sinanın,
Hər daşı, kəsəyi türkün yurd yeri.
Adını tarixə yazdı qanıyla
Korfuda uyuyan türk şəhidləri.
İmana səsləyir Zincirli Cami,
Qəsdən mirasımı yox edənləri.
Bu yeri cənnətə çevirən türkdü
II Muraddan, Fatehdən bəri.
Bombalandı zaman-zaman qala, bürc,
Yatmadı yenə də yağı hikkəsi.
Məğrur durub əsrə meydan oxudu
Tembidəki Həsənbaba Təkkəsi.
Meton qalasında əzəmətə bax,
Dəniz güclü Bəyazid yadiğarı.
Sultan Süleymanın Bəyaz qülləsi
Selanikin göyü dələn vüqarı.
Əsrlərdə yaşar Osmanlı adı,
Tarixə yaraşıq türkün qüdrəti.
Varlığı sığışmır daş yaddaşına,
Türk milləti – yer üzünün zinəti!
MƏN BU CAHANA SIĞMAYAN
BİR MİLLƏTİN ŞAİRİYƏM
Bir hikmətəm, xəzinəmdə Şeyx Nizaminin dürrü,
Bir söhbətəm, hər kəlməsi açılmaz Füzuli sirri,
Nəsimiyəm, haq yolunda soyulmuşam diri-diri,
Mən bu cahana sığmayan bir millətin şairiyəm.
Tarix boyu dosta-yada açıla qalıb qollarım,
Çapılmışam, talanmışam, əksilməyib yenə varım,
Vurulmuşam kürəyimdən, saxlayıb məni vüqarım,
Başımda bəla çələngi, hər zillətin şairiyəm.
Yüz illərdi dolub-daşır səbir kasam bir az-bir az,
Qəzəbim kükrəyib-coşur yenə Kür-Kür, Araz-Araz,
Sahillərim ayrı düşüb neçənci qış, neçənci yaz,
Güney, Quzey Vətən adlı bir həsrətin şairiyəm.
Hanı Dərbənd? Qoca tarix, bağışlama suçlarımı!
Borçalıda Qarayazı yolub-tökür saçlarını,
Göyçədə bir acı nisgil qırıb-qalıb qıçlarını,
Ürəyimi didib-tökən bu möhnətin şairiyəm.
Bir zirvəyəm, çəkilməyən dumanı var başımın da,
Dərd gətirdi gözəlliyi torpağımın, daşımın da,
Açıq qalıb yaraları Xocalımın, Şuşamın da,
Xəyalımda Xarıbülbül, o xiffətin şairiyəm.
Bir gün gələr, ödəyərəm düşmənimə qəm borcunu,
Babalarım kəsmədimi qılıncıyla hər acını,
Gör nə xaqanlar itirdi yurdumda öz taxt-tacını,
Sorağımı bəşər aldı, bu şöhrətin şairiyəm.
Bilsən necə inanıram, o böyük zəfər gələcək,
Birləşəcək Azərbaycan, qara daşlar göyərəcək.
Mən də deyəcəyəm: – Görün, nə qüdrətin şairiyəm,
Mən bu cahana sığmayan bir millətin şairiyəm!
İZMİRDƏ BİR ŞAM GÖRDÜM
İzmirdə bir şam gördüm
Berqama xərabəsində,
Kral əzəməti kimi.
İki min beş yüz yaşında
daşların zinəti kimi.
Kim bilir neçə zamandı
bu təmkinlə dayanıb,
Neçənci qış yuxuya gedib,
neçənci bahar oyanıb
onun şahidliyi ilə.
Kökləri, rişələri
torpağın dərin qatında,
Meydan oxuyur illərə
məğrur durub
yağışın, qarın altında.
İzmirdə qoca şam gördüm,
Qədim Helen yadigarı
daşların sirdaşı kimi.
Berqama krallığının
bir vaxt göylərə ucalan
şan-şöhrət tacı kimi.
Zevs Suna həsrətiylə
boylanır yüksək təpəyə,
Budaqları uzandıqca əyilir
ona nəfəs verən torpağı öpməyə.
Berqamada bir şam var,
Yaşının qürub çağıdır,
ömrünün həsrət dəmidir.
Budağına, yarpağına
bir azca sərt toxundunmu
gərək «könlünü alasan»,
Ağacların yaşlısı da
yaşlanmış adam kimidi.
TÜRKÜN NAĞILI
Sənin yadına gəlməz,
Hələ yox idin onda.
Doğulmuşdum atamın
Qızılı çadır-evində.
soyların ən qüdrətlisi
Türk soyunda,
Oğuz elində…
Böyüdüm Qorqudu gördüm,
Türkün gücünü tanıdım.
Bir əlim qopuzda,
biri yaraqda,
böyüyürdü üstündə
böyüdüyüm torpaq da.
İri-xırda bütlərə
əyilirdi o zaman
bu dünyanın yarısı,
Təkiydi mənim Tanrım.
Ən böyük şöhrətim, varım
yenilməz türk adıydı.
Mən türkün hünəriydi,
ya elə inadıydı
Vətən böyüyə-böyüyə
gəlib çıxmışdı Bağdada.
Sonra nə oldu bilmirəm,
İnandıq yağıya, yada…
Türkü türkə saldırdılar.
Bir də gördüm
Çaldıran döyüşündəyəm,
O döyüşdə bizi bizə qırdırdılar…
Mən də o döyüşdə öldüm.
Sonrası yadıma gəlmir…
Sənin heç yadına gəlməz,
Onda sən hələ yox idin.
BATI TRAKYA*
Dolanır əsrlər, bilinmir yaşı,
Hünər salnaməsi torpağı, daşı.
Türkün ulu yurdu, ulu yaddaşı
Batı Trakya.
Gördes qalasının məğrur inadı,
Yağı qılıncını burda sınadı.
Sultan Bəyazidin qolu, qanadı
Batı Trakya.
O yovşan ətirli qıpçaq düzündə
Fateh Sultan Mehmet zəfər izində…
Hər daş kitabənin axır sözündə:
«Batı Trakya».
Məriç, Gümülçinə, İskəçə adı
Sanki ürəyimin Araz fəryadı.
Səni həsrətindən görüb tanıdım
Batı Trakya.
İtirdin qeyrətli Sadıq Əhmədi,
Ötdü vaxt, bu qovğa hələ ötmədi.
Sən barış istədin, savaş bitmədi,
Batı Trakya.
Başın üstü yenə dumandı, çəndi,
Azadlıq həmişə ölümlə təndi.
Türkün qanı düşən hər yer Vətəndi
Batı Trakya.
* Yunan – Türk müharibəsi nəticəsində
bağlanmış sülh müqaviləsinə görə Yunanıs-
tan ərazisinə qatılan tarixi osmanlı torpaqları.