“Ölümlə qətl”də bizə ironiya edənlər

Detektiv janrı sevənlər Artur Konan Doylun ədəbiyyata atdığı (bəli, məhz ovcunu açıb bilərək atdığı!) “Moriarti sindromu”ndan xəbərdardırlar.  Şerlok hər hekayədə bir düşmənə qalib gəlir-cinayətkar detektivin şəxsi düşmənidir prinsipi ilə. Lakin Moriartinin uzaqdakı mövcudluğu Şerlokun xarakterini oxucuların gözündə ucaldır, onu əhəmiyyətli edir. Necə deyərlər, “sən məni də düşmənli gör!”

               Aqata Kristidə isə fərdilik önə çəkildi-insan fərd olaraq dəyərləndirildi.  Qadın müəllif heç bir obrazına konkret olaraq “sən pissən!”, “sən yaxşısan!” demədi. Hətta Puaronu və Marplı belə, oxucuların öhdəsinə buraxdı;  zəifliklərini tapaq deyə… Ki, tapdılar da, tapdıq da…

               Və sonra Hollivudda Şerloka da, Puaroya da, Marpla da ironiya edən bir nəfər tapıldı: Nil Simon (1927-2018). 1 ildə 4 əsərinin Brodveydə səhnələşdirilməsi ilə rekorda imza atan  Nil  həm də film ssenarisi yazıb. “Ölümlə qətl”  (“Murder by Death”) məhz onun ssenarisi əsasında 1976-cı ildə çəkilib. “Columbia Pictures” studiyalarında çəkilən filmin rejissoru öz dövrünün istedadlılarından sayılan Robert Mur  (1927-1984)  idi.

               XX əsrin sevilən aktyorlarından Peter Falk, Alec Guinness, David Niven, Peter Sellers, James Cromwell, James Coco, Eileen Brennan, Elsa Lanchester və Nancy Walker “Ölümlə qətl”də gözəl oynayıblar. Maggie Smith sevdiyim aktrisadır deyə, onun performansı barədə bircə kəlmə deyə bilərəm: “Gözəldir!” Amma ən maraqlısı “O`Henri mükafatı” laureatı, “Başqa səslər, başqa otaqlar”  (“Other voices, other rooms”) əsərində dostu Harper Li`nin prototipini yaradan Truman Kapot`un (Truman Capote) da filmdə oynamasıdır…  Hətta yazıçı məhz bu filmdəki performansı ilə “Altın Kürə”yə namizəd göstərilib.

               “Ölümlə qətl”in janrı komediya kimi təqdim olunur. Amma yox, komediya, həm də, ürəkdən güldürməlidir axı! Bu film güldürmür-nigaran bir kədər var hər epizodunda. Xüsusilə, “Puaro tərzi”nə-“Sonda içəridəkilərdən biri mütləq qatil olmalıdır!” əminliyinə ironiya o qədər incə üslubla tamaşaçıya ötürülür ki, filmin hər epizoduna, azı, 2 dəfə baxmaq istəyirsən.

               Hə, “Moriarti sindromu”ndan sonra “Puaro tərzi”ndə düşünmək detektivsevərlər üçün “göydən düşən üç alma” oldu. Artıq hamımız bilirik ki,  Po`nun Düpeni də, Leblankın Lüpeni də, Doyl əminin Holmsı da, Aqata xalanın Puarosu da artıq keçmişdə qalıb… Onlar nostalgiyadır.  Amma 1976-cı ildə bu nostalgiyalar yenicə cücərməyə başlayırdı. 

Nil Simon və Robert Mur  məhz bu cücərtilərə ironiya etdilər. Onlar  artıq “Moriarti sindromu”nun Hollivudun  damarlarında axdığını görürdülər-Hollivud  o dövrdə bunu etiraf etməsə də… Uzağa getməyin, bir “Sümüklər” (“Bones”, 2005-2017), bir də “Qara siyahı” (“The Blacklist”, 2013-2023) seriallarına  baxın; uzaqda həmişə və həmişə bir əsas düşmən var…   Uzaqdakı düşmənin varlığı ilə rahat yaşamaq olarmı? Təbii, yox. İndi deyə bilərsiniz ki, bu tryuk rejissorların tamaşaçını daim gərginlikdə saxlamaq cəhdidir. Mübahisə etməyəcəyəm… Amma gəlin etiraf edək ki, əsl tamaşaçı bu tələyə düşmür. Beləcə, nə alınır?

“Ölümlə qətl”in janrı komediya olur, amma biz gülmürük…

“Qara siyahı” kriminal triller janrındadır, biz Redin nəinki sözlərinə, hətta mimikalarına belə, gülürük…

Bəli, “Ölümlə qətl”də ssenarist və rejissor, hətta aktyorlar da bizə ironiya edirlər. Bizə anlatmağa çalışırlar ki: “Hazır olun, bundan sonra incəsənət qəhrəman yaratmayacaq!”  Nəticədə, biz bu gün Puaronu şəfqətlə, Harri Holl`u (Co Nesbonun əyyaş detektivi) isə hərisliklə oxuyuruq…

Sonda, nə deyim,  mütəşəkkirəm Nilə də, Robertə də… Filmin mövzusundan danışmayacağam, tapın, baxın, bir az da siz üzülün. Üzülün ki, qəhrəmanların öldüyünü ekrandan söyləyənlər də qəhrəman kimi deyil, ən adi insan kimi öldülər; səhvləriylə, günahlarıyla, peşmanlıqlarıyla… Üzülün ki, insan həmişə eynidir-səhvlərinin üstünü örtməyə çalışmağı, günahını etiraf etməməyi, peşmanlığını boynuna almamağıyla…

Gələn filmlərədək…

Şəfa Vəli (2025, may)