Xalq şairi Nəriman HƏSƏNZADƏ.”MƏNƏM”

Dəyişir mənim də halım arabir,
bəzən heç bilmirəm nəçiyəm, nəyəm.
Üstümə suallar yağır, elə bil
hardasa müttəhim kürsüsündəyəm.

Odlara qalanıb yanır bədənim,
hissimi, ruhumu buza qoyurlar.
Şahidlər üzümə dururlar mənim,
hakimlər üzümə hökm oxuyurlar.

Nə vaxtsa yıxılıb biri qəfildən,
yüyürüb qolundan tutmamışam mən.
Görmüşəm, vurublar bir vaxt kimisə,
arxa durmamışam yıxılan kəsə.

Kimsə ac olubdu, mən tox olmuşam,
məni axtarıblar, mən “yox” olmuşam.
Nə vaxtsa gizli bir macəram olub,
sonradan kiməsə bu, haram olub.

Dolaşır qanımda yad bir hiss mənim,
dünya günahımdan xəbərsiz, mənim,
Mənəm ən müqəddəs, mənəm ən təmiz,
mənəm, günahkar da mənəm, şübhəsiz.