Ibrahim-Ilyasli1-300x2253

DƏRD Kİ, ADİLƏŞDİ, ONA DƏRD DEMƏ…

Şair İbrahim İlyaslı ilə jurnalist Həmid Ormanlının könül söhbəti

İbrahim bəy, ilin-günün bu vaxtında, Akif Səməd demiş “Hörmətin su qiymətində, Şerin sözün su vaxtında” 50 yaşı şair kimi haqlamaq çətininə gəlmədi ki?
Həmid bəy, bilirsən ki, mən giley-güzardan bir az aralıyam. 50-ni haqlaya bildiyimə görə də uca Tanrıya şükranlarım var. O ki, qaldı çətinliyə – hərənin özünə görə yükü var. Təki Allah insana bu yüklərin altında davam gətirmək üçün güc-qüvvət, həyat eşqi versin. Bəzən bir çiçəyi tamaşa qılmaq bir ömürlük acını belə adama unutdurur. Ömür qəmlərin və sevinclərin vəhdətindən ibarətdir.
Kimi deyir dünyanı gözəllik xilas edəcək, kimi deyir dünyanı insan azadlığı xilas edəcək. Bəs bu haxda İbrahim İlyaslı nə deyir?
İbrahim İlyaslı deyir ki, dünyanı Allah-Təala özü xilas edəcək. Təbii ki, Ona iman gətirənlərin, Ona tapınanların aracıyla. Gözəllik də, azadlıq da nisbi anlayışlardır. Gözəlliyi gözəllik, azadlığı azadlıq eləyən var. Allah insanı faili-muxtar yaradıb. İnsan birinci növbədə bunun fərqinə varmalıdı. Gözəllyi dəyərləndirmək üçün gərək gözəl də qəlb sahibi olasan.
Şerləriyin birində deyirsən ki: “Hardasan dünyanın halal adamı?” Tapa bilibsənmi həmin halal adamı?
Halal adamı tapa bilməmək də olar. Amma mən onun varlığına hər zaman inanmışam. Nə olsun ki, ona əlim çatmır, ünüm yetmir. Onun var olduğunu düşünmək, dərk etmək, hiss etmək mənə bəs elər.
Füzuli də deyirdi ki: “Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm…”
Bu qənaətə gəlmək üçün əvvəlcə gərək Füzuli ucalığını fəth eləyəsən. Həmin ucalıqdan baxanda yəqin belə görünür.
Deyirlər insan taleyi yox, tale insanı seçir. Bəs İbrahim İlyaslı yenidən bu dünyaya gəlseydi yenə də şair olmaq istərdimi?
İstərdi. Məni seçən taledən heç narazılığım yoxdur. Məsləhətinə şükür. Mən şairliyin cəfasını çəkdiyim kimi səfasını da sürənlərdənəm. Ürəyimcə olan bir şeirin son sözünü yazıb, axırına bir nöqtə qoymağın ləzzətini özgə heç nədə görmədim.
Ədəbiyyatdan baxanda siyasət necə görünür?
Ədəbiyyatda olan adam məcbur olmasa heç üzünü o tərəfə çevirmək belə istəməz. Siyasət bizlərə yad olan bir sənətdir. Amma təəssüf ki: “Sən siyasətlə məşğul olmasan, o səninlə məşğul olacaq” kimi bir məşhur deyim də var. Siyasət həyatın özündən doğur. Buna görə də hər kəs istər-istəməz birbaşa olmasa da dolayısıyla bu əməlin içində olur. Dünya binnət olalı siyasət olub, var, olacaq da. Toplum idarə olunmağa məhkumdu.
Gənc qələmlərdən umudla baxdıqların varmı?
Əlbəttə var. Hər zamanın(bütün zamanlara dəxli olacaq) öz ədəbiyyatı yaranır. Çağdaş ədəbi gəncliyi mümkün qədər izləyirəm. Uğurlarına sevinirəm, uğursuzluqları görəndə təəssüflənirəm. Bəzən gənclərimiz ədəbiyyatın könül işi olduğunu unudurlar. Mətnlərində bilgilərini, mütaliələrini sərgiləyirlər. Bu keyfiyyətlər ədəbiyyatın, ələlxüsus da poeziyanın arxa planına aiddir.
Bilirsən ki, bir toplum kimi bizim də xeyli sorunlarımız var. Təbriz, Dərbənd, Borçalı, Göyçə, Qarabağ… məhz belə yaralı yerlərimizdəndir. Bu problemlərimizin həlli yolları barədə bir aydın kimi nə düşünürsən?
Bu sorunların çözülməsi və həlli hər mənada, bütün parametrlədə güclü olmaqdan keçir. Mən bir yazar olaraq bəşəri duyğularla yaşasam da, milliyətçi kəsimə aidəm. Sadaladığın dərdlərimiz məni də çox incidir. Türk qövmünün bu yaraları sağalıncaya qədər hər bir türk ayaqda olmalıdır. Başqa millətlər kimi bizim də bütöv məmləkətimiz, bəlli sınırlarımız olmalıdı. Bu istəyimizə çatana kimi dinclik tapmamalıyıq. Unutmamalıyıq ki, sənətindən, cəmiyətdəki statusundan asılı olmayaraq hər birimiz eyni zamanda millətin əsgərləriyik.
İstər iqtidaarda, istər də müxalifətdə fərqi yoxdur. Məddahların sırasına daxil olmamaq çətin deyil ki, Sənə?
Qətiyyən çətin deyil. Nəinki bu cür addım atmaq, bunu ağlından belə keçirmək mənim əxlaqımla daban-dabana ziddir. Valideyninə belə yarınan adamdan xoşum gəlməz. Azadlığın ən qatı düşməni elə məddahlıqdır.
İlham Mirzəyevin verlişinə çıxsan indiyənə qədər Sənə bəlkə də 5-6 etiraf elətdirmişdi. Bəlkə bizə də bir etirafda bulunasan?
Diqqətlə baxsanız mənim bütün etiraflarımı şeirlərimdə görə bilərsiniz. Etiraf etmək səmimi olmaq deməkdir. Səmimiyyətdən qıraqda şeir tanımıram mən.
Maraqlıdır ən böyük arzun nədir ?
Şablon səslənsə də deyəcəm: Ən böyük arzum məmləkətimi bütöv və azad, millətimi şərəfli və qalib görməkdir. Vəzifə düşkünü deyiləm, var-dövlət hərisi deyiləm, şan-şöhrət azarına tutulmamışam. Öz payıma qalsa, hər mənada sağlam, kamil və imanlı bir bəndə olmaqdan savayı Tanrıdan başqa bir diləyim olmazdı yenə də.
Təbrizin “Traktor”komandası ilə Qazağın “Göyəzən”i seçimi ilə üz-üzə qalsan hansına azarkeşlik edərsən?
Düzü, futbol azarkeşi deyiləm. Türkiyə komandalarının yabançılarla oyunlarına baxıram səmti düşəndə. Bunun da bəlli səbəbi var və niyəsini sən də bilirsən. Azərbaycanda futbolun zəif olduğunu azarkeş olmaya-olmaya hətta mən də bilirəm. “Traxtor”la “Göyəzən” oynasa birmənalı şəkildə “Traxtor”a azarkeşlik edərdim.
Ağrılarımızın, acılarımızın, ən ağır dərdlərimizin dillərdə mövzuya çevrilərək çeynənilməsi Sənə necə təsir edir?
Bir şeirim var. Çoxdan yazdıqlarımdandı. Birinci bəndi belədi:
Əyilə bildisə ona mərd demə,
Döyülə bildisə ona sərt demə.
Dərd ki, adiləşdi, ona dərd demə,
Çəkməsən də birdi, çəksən də birdi.

Həsrətini çəkdiyin adam varmı?
VAR.
Bir də görürsən ki, şairlər 50 yaşdan sonra nəsrə keçdi? Səndə belə ehtiyac yaranmayıb ki?
Mən nəsri oxumağı sevirəm. Çingiz Aytmatov ən çox sevdiyim yazıçıdır. Bu yaxınlarda rus dilində hekayələrini oxudum Aytmatovun. “Qanun” nəşriyatı ilə anlaşma yapdıq. Tərcümə edirəm həmin hekayələri. Ayrıca kitab halında nəşr olunacaq.
Bir çox ziyalılarımız maddi çətinliklərindən gileylənirlər. Qarının üçün yox, qədrin üçün soruşmaq istəyirəm ki, dolanışığın necədir?
Fiziki cəhətdən sağlam olan kişi gərək dolanışıqdan gileylənməsin. Dolanışığını qurmaq hər kişinin birinci missiyasıdır. Zəhmət çəkib səhərlər yuxudan tez oyansın, gecələr də bir az gec yatsın. Əməyini paraya çevirib ailəsini dolandırsın. O ki, qaldı mənə, mənim dolanışığım da əməyimə görədir. Allah bərəkət versin.
Oxucularımız üçün də maraqlı olar, bəlkə bir az da xeyli müddətdir imzası Sizdən xeyli qabağa keçən kiçik qardaşın, ünlü nəqşibənd Hacı Məhəmməd Astanbəylidən da danışasan.
Əslində bu sualı başqalarına, hal əhli olanlardan birisinə ünvanlasan daha yaxşı olardı. Mən qətiyyən özümü, ya başqa birisini Məhəmmədlə müqayisə etməzdim. Mən Azərbaycanda 10-larla şairdən biriyəm. Hacı Məhəmməd Astanbəyli isə təkdir. Onun məqamı başqadır. Nə həyat tərzi həyat tərzimizə, nə düşüncə formatı düşüncə formatımıza, nə duyduqları bizim duyğularımıza bənzəməz, zatən. Şair kimi də, insan kimi də bənzərsizdir Hacı Məhəmməd. Nə qədər təkid etsək də, kitabını nəşr etdirməyə razı sala bilmirik onu. Bir də onu xatırladım ki, Məhəmməd elə uşaqlıqdan tamam fərqli olub.
Necə olur ki, Sənin yazdıqlarıyın hamısı dillər əzbəri olur?
Bu cür sual qoymaqla məni çox tərifləmiş olursan, ay dost. Şeirlərimin bir qismini əzbərində saxlayanlarla zaman-zaman rastlaşıram. Bəzi qoşma və gəraylılarımı aşıqlarımız saza qaldırıblar. Yazdıqlarıma bu cür diqqət göstərənlərin hər birinə ayrıca təşəkkürlərim var. Sağ olsunlar. Mən hətta bəzilərinin ağız büzdükləri ənənəvi üslubda yazıram. Yazıram deyəndə ki, mənim bacardığım və elə istədiyim də budur. Münasibət isə oxucunun ixtiyarındadır. Bu yerdə heç bir təbliğat maşını işə yaramır. Heç kim oxucuya nəyisə zorla bəyəndirə bilməz.
Müasirin olan şairlərdən kimi bəyənirsən?
Yenə də ad çəkmək, kiminsə könlünə toxuna bilmək ehtimalıynan üzləşirik. Bir də ki, mənim bəyənib-bəyənməməyim nəyi həll edir ki… İstənilən müqayisədə bir yanlışlıq ola bilir. Həmişə müəllifinin kimliyindən asılı olmayaraq əsil şeir oxuyanda könlüm açılır, gözlərim gülür. Sabir Yusifoğlu və Vasif Süleyman isə mənim ilk şair dostlarımdır. Onların adını tutmadan bu sualdan adlaya bilmərəm.
İstədiyin mövzunu olubmu ki, şerlə deyə bilməyib başqa janıra müraciət edəsən?
Bircə dəfə bir hekayə yazmışam. Onu da nasir dostlarımın bir qismi əməlli-başlı tərifləyib, bir qismi isə çox zəifdir deyib. Mən bu yerdə iddialı deyiləm. Bir işdi olub. Bir də olmaz…
Öz aramızdır yaxşı da saz çalmağın var haaa. Saz sənə hansı hikməti öyrədib?
Mən aşıq olmayan yerdə saz çalıram, adətən. Ya tək olanda, ya da aşıq olmayan dostlar arasında. “Mənim də dünyadan qandıqlarım var, Sirmi var açmasın qara saz mənə” demişəm bir şeirdə. Saz məni sözün hikmətindən agah eləyib.
Şaiq Vəlisiz Sumqayıtın meyxanə məclisləri çox kövrək keçir ….
Hə… Şaiq Vəli ayrı aləmiydi. Şair kimi də, dost kimi də onun yerini heç kim verə bilməz. İndilərdə “dəst-xətt” ifadəsini tənqidçi dostlar, eləcə də bir çox yazarlar geninə boluna kullanırlar. Şaiq Vəli Əli Kərimdən sonra dəst-xətti olan yeganə şair idi çağdaş poeziyamızda. Onun şeirlərinin bir ayrı havası var. Bizim aşıqlar qədər, bəlkə də daha çox qıpçaq akınlarının oxularını sevirdi. Bu duyğu onun şeirlərinə də sirayət eləmişdi. Bir nəhayətsizlik var Şaiq Vəlinin şeirlərində. Zaman gələcək, Şaiq də öz qiymətini alacaq. Buna tamamilə əminəm. Hazırda dostumuz Umud Rəhimoğlu ilə Şaiq Vəlinin kitabını nəşrə hazırlayırıq.
Ədəbi taleyindən razısanmı?
Razıyam. Niyə də razı olmayım? İndiyəcən nəyə nail olmuşamsa hamısına görə yazdıqlarıma borcluyam. Mənə çoxlu və dəyərli dostlar qazandırıb, məni hörmət-izzət sahibi eləyib şeirlərim. Haqqımda xoş sözlər deyilib, səmimi ədəbi-tənqidi yazılar yazılıb. Nəşr olunan kitablarımın satışından evimə halal ruzi daşımışam.
Həyat yoldaşınızın yaradıcılığınıza münasibəti necədir?
Mənə elə gəlir normaldır. Təhsili, dünyagörüşü, hər ikimizin ixtisasca mühəndis olmamız, üstəlik onun da qazaxlı olmağı imkan verir ki, məni başa düşsün. Bütün bununla belə mən ailə ilə işlərim arasında məsafə saxlamağı xoşlayıram.

SƏSİMİZ DƏ BAMBAŞQADI

İBRAHİM İLYASLIYA

Cibimizə axın-axın
para gəlməyən adamıq.
Bu… və digər səbəblərdən
“Kara gəlməyən” adamıq.

Nə gəlir, – gələn başdandı,
əymədin, yaxan boş qaldı.
Səsimiz də bambaşqadı,
xora gəlməyən adamıq.

Axtardıq vaxtın yiyəsin,
O da mat qalıb, neyləsin?!
…Çağırma taxtın yiyəsi, –
Ora gəlməyən adamıq.

Sabir Yusifoğlu