TƏRCÜMEYİ-HAL
Tural Adışirin 1990-cı il fevral ayının 26-da Şəki şəhərində anadan olub.1996-2007-ci illərdə Şəki şəhər 9 saylı orta məktəbdə təhsil alıb.2007-2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. Elmi və bədii yaradıcılıqla məşğuldu. Dövri mətbuatda publisistik yazılarıyla müntəzəm çıxış edir. Şeirləri “Region Şəki”, “Şəki təhsili”, “Oğuz yurdu”, “Ədalət”, “Söz odası” mətbuat orqanlarında müntəzəm çap edilir.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı. Həmçinin şeirləri Türkiyədə çap olunmuş “Türk dünyası şairləri antologiyası”na da salınmışdır. “20-21-ci əsr Şəki ədəbi-mədəni mühiti”(Səbuhi ədəbi məclisi) elmi işi üzərində tədqiqat aparır.2013-cü ildə Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü seçilmişdir.Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
Sən kimsən?
Sən kimsən?-bu sual yerinə düşdü,
Özünü ələ al tələsmə bir an.
Bu sənin özünlə qəfil görüşdü,
Sən kimsən? Özünlə üz-üzə dayan.
Gör, kimin eşqiylə döyünür ürək,
Gör, kimin odunda bu qəlb isinər”
Sən öz kimliyini biləsən qərək,
Kimsə kimliyini soruşa bilər.
Ovçumda çığırlar ömür yolusa,
Əllərim bilir ki,sabah mən kiməm.
Əgər sonralardan xəbərim olsa,
Mən öz kimliyimə bilki hakiməm.
Sən kimsən?-bu fikrin tərkinə mindim,
Sən kimsən?-bu fikiri çəkdim ortaya.
Torpaqdan boyumca dərinə endim,
Baxdım uzaqlara,baxdım sonraya.
Mən elə Fərhadam-qayalar yaran,
Ya da,haqq yolunda güllə hədəfi,
Mən öz kimliyimi unudammaram,
Mən elə hər yerdə düzün tərəfi.
Sən ana südündən halallıq istə,
Özünə məhrəm bil,mənim ərkimi.
Heykəl oğullar var bu torpaq üstə,
“Kimsən” sualına bir cavab kimi.
Sevinc, kədər…
Tale dənizində qaldırıb yelkən,
Ömür uzaqlara üzüb gedəndir.
Dünya başdan-başa bir nəğmə ikən,
Bu kədər hardandır, bu qəm nədəndir?
Yəqin xoşbəxtliyin yolu daş-kəsək,
Yəqin bədbəxtliyin yolu düz-hamar.
Əgər qarış-qarış dünyanı gəzsək,
Görərik sevincdən artıq kədər var.
Qara saçlara da vaxtsız salar dən,
Sevinc bir üzlüdü, kədər min yönlü.
Qəm elə hissdir ki, özün bilmədən,
Ağlada-ağlada ovudar könlü.
Sevinc qəm içində kiçik bir ada,
Kədər təlatümlü,dalğalı ümman.
Bir cür sevinsə də hər kəs dünyada,
Başqa cür qəmlənir, qəmlənən zaman.
Sevinclər hardasa uyuyar, yatar,
Hiss edər nə vaxtsa qəmi qovacaq.
Günəş də belədir, axşamlar batar,
Bilər ki, səhərlər bir də doğacaq.
VAXT…
Bəzən vaxt çatışmır, vaxt çatmır deyə
Vaxtın azlığından gileylənirik.
Bir manat itirsək gəzirik niyə
Bir günü itirsək heyfsilənmirik.
Vaxtı öz vaxtında anlasaq da biz
Bəzən özümüzü anlamamışıq.
Min yol özgəsini danlasaq da biz
Bir yol özümüzü danlamamışıq.
Vaxtın alovunda bişməmişiksə
Zəhmətin odunda çətin bişərik.
Özümüz çətinə düşməmişiksə
Çətinə düşəni başa düşmərik.
Bu dünyanın qapısı
Ürəyimə daman hansı duygudu?
Ovcumdaca oxu alın yazımı.
Həyat sanki bir qarışıq yuxudu,
Qarışıqdı yozanların yozumu.
Bura qədər harda ömür sürmüşük?
Bəlkə elə yox olmaqdı dogulmaq?
Dogulmagın növbəsində durmuşuq,
Qəm eləmə, növbəsizdi yox olmaq.
Qapısızmı tanrının bu qalası?
Burdan gedib, bir də geri gələn yox.
Bu dünyanın gizlin giriş qapısı
, Hayandadı – axtaran çox, bilən yox.
Ömür sürdük günəş altda, kölgədə,
Bəlkə ölüm göy üzünə uçmaqdı?
Dar məzara endirilmək bəlkə də,
Bu dünyanın qapısını açmaqdı?
Nə dünya sənindi,nə dünyan-mənəm,
Nə də sən mənimçün dünyadan baha.
Ìnana bilmirəm yuxuna gələm,
Məni yuxunda da gözləmə daha.
Bu çətin sınaqlar mənimi yordu?
Sənmi gözlərimdən düşmüsən qaçaq.
Bilmirəm, qəlbimdə sönən bu odu,
Bilmirəm, təzədən kim qalayacaq.
Nə olsun oxumuz toxundu daşa,
Tale öz verdiyi qisməti aldı.
Deyirəm bir az da gəl mənsiz yaşa,
Demirəm səninki Allaha qaldı.
Bu dünya yaxşını yamandan seçər,
Hər qəmi bir şıltaq sevinc izleyir.
Bir oğlan səninçün başından keçər,
Məni də hardasa bir qız gözləyir…