1451511_10202086844468905_251623986_n

Dekabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu öndər və Azərbaycan ədəbiyyatı” mövzusunda tədbir keçirildi.
Tədbir iştirakçıları Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Xalq yazıçısı Anar çıxışında Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpa edilməsi, möhkəmlənməsi, müstəqilliyi, inkişafı uğrunda əvəzsiz xidmətlərindən, gördüyü işlərdən, ədəbiyyata, yazıçılara qayğısından söz açdı: “ Bu gün Azərbaycan xalqının ən kədərli günlərindən biridir. On il bundan əvvəl xalqımız böyük oğlu Heydər Əliyevi itirdi. 1991-ci ildə Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra xalqımız çox ağır, məşəqqətli günlər keçirdi. Qarabağın bir hissəsi alınmışdı, respublikada hərc-mərclik hökm sürürdü. 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı, Yeni Azərbaycanın əsasını qoydu. Heydər Əliyev ədəbiyyatın dostu, çox böyük cəfakeşi idi. Bu gün başqa respublikalardan fərqli olaraq Yazıçılar Birliyi varsa, fəaliyyət göstərirsə, bu Heydər Əliyevin xidmətidir. O, ədəbi orqanların dövlət büdcəsindən maliyyələşməsinə göstəriş verdi. Mənim qəlbimdə onun işıqlı siması, qayğıkeşliyi hər zaman yaşayacaq”.
Fikrət Qoca çıxışında dedi ki, heç kəs onun haqq-sayını itirə bilməz, biz yazarlar hər zaman onun ədədbiyyata qayğısını görmüşük. “Heydər Əliyevin heykəli ürəklərdədir. Onun insanlarla ünsiyyəti, insanlara qayğısı hər birimizin yadındadı. Bu gün mənim bu məclisdə danışmağıma görə Allahdan aşağı o kişiyə borcluyam. Böyük vəzifədə çalışmasına baxmayaraq mənim səhhətimlə maraqlandı, mənə qayğı göstərdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdan zaman dağılmış dövləti dənə-dənə topladı, yığdı. Müstəqillik bizim ən böyük qazancımızdır.”
Arif Əmrahoğlu çıxışında Heydər Əliyevlə bağlı xatirələrini söylədi: “Yeddi il Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Onun iş rejiminə, siyasətinə bələdəm. Heydər Əliyev təzə hakimiyyətə gələndə Prezident Aparatına məktublar rus dilində gəlirdi. O göstəriş verdi ki, rus dilində gələn məktublar qəbul edilməsin. Heydər Əliyev milli dili qoruyurdu, ədəbiyyatın hamisi idi. Onun böyük xidmətlərindən biri də dövlət olmayan illərdə ədəbiyyatı, dili yaşatmağıdır. Heydər Əliyevin ruhu, yeri həmişə görünür.”
Tədbirdə Oqtay Rza Ulu öndərə həsr etdiyi şeirini oxudu.
Anım mərasimində Nazim İbrahimov, Çingiz Abdullayev, Ayaz Vəfalı, İntiqam Qasımzadə, Elçin Hüseynbəyli, Maarif Soltan, Oqtay Rza çıxış edərək Heydər Əliuyevlə bağlı xatirələrindən söz açdılar, Ulu öndərin Azərbaycan Respublikasının müstəqilliyi, inkişafı uğrunda əvəzsiz xidmətlərindən, gördüyü işlərdən, ədəbiyyata, mədəniyyətə, incəsənətə qayğısından danışdılar, Ulu öndərin işıqlı xatirəsinin daim qəlblərdə yaşayacağını dedilər.