Dekabr ayının 11-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Gənc yazarların Bakı Görüşü” adlı layihə çərçivəsində Bakıya gəlmiş gənc şairlərin Azərbaycan Yazıçılar Birliyində respublika ədəbiyyat ictimaiyyətinin nümayəndələri və Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi ilə görüşü keçirildi.
Görüşü giriş sözü ilə DGTYB-nin rəhbəri Əkbər Qoşalı açaraq iştirakçıları salamladıqdan sonra layihə çərçivəsində görülən işlər haqqında məlumat verdi, rayonda yaşayıb fəaliyyət göstərən gənclərlə iş birliyi, problemlər, perspektivlər, uğurlar haqqında danışdı.
Görüşdə Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid çıxış edərək 2008-ci ildən fəaliyyət göstərən Gənc Ədiblər Məktəbinin fəaliyyətindən, uğurlarından, gənclərə göstərilən dövlət qayğısından danışdı.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Fikrət Qoca çıxışında gənc şairlərə ədəbiyyatın kəşməkeşli yollarında yaradıcılıq uğurları, yaşadıqları həyatda geri baxıb utanmamağı arzuladı.
Görüşdə Aydın Xan Əbilov, Xəyal Rza, Qəşəm Nəcəfzadə, Fərqanə Mehdiyeva, Cəvahir Qaraqızı, Fəridə Ləman, Zərəngiz Dəmirçi, Balayar Sadiq və başqaları iştirak edirdilər.
Görüşün sonunda bölgələrdə yaşayan, fəaliyyət göstərən gənclərin adından Elşən Əzimov çıxış edərək gənclərə göstərilən etimada görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə, ədəbi ictimaiyyətin nümayəndələrinə təşəkkürünü bildirdi,
bölgələrdə yaşayan gənclərlə Bakıda və digər şəhərlərdə yaşayan yaradıcı gənclərin virtual aləmdə ortaq şəbəkələrinin yaradılması təklifini irəli sürdü.