İqtisadi böhranın hökm sürdüyü bir dövrdə İraq və Əfqanıstandakı müharibələrə müdaxilə edərək silah-sursatını, raketlərini, əsgərlərini, gəmilərini istifadə edən, lakin gözlədiyi mənfəəti əldə edə bilməyən super bir qüvvəni yenidən ələ keçirtmək, şübhəsiz, asan deyildi. Buşun hakimiyyəti dövründə amerikalılar Yaxın Şərqin zülm, nifrət və müharibə üzünü görmüş, tanımadıqları torpaqlarda övladlarını itirmişdilər. Müharibədən qayıdanlar isə dərin psixoloji problemlər yaşamışdılar. Amerika xalqı bu əziyyətlərin sona çatmasını istəyir, Yaxın Şərqdən çəkilməyi əmr edən bir lider arzulayırdılar. Məhz bu dövrdə Obama hakimiyyətə gəldi.
Yaxın Şərqdən çəkilmək bura hücum etmək qədər asan olmadı. ABŞ-ın müttəfiqi olan dost ölkələr, qoyulan investisiyalar, neft və silah müqavilələri, Yaxın Şərqin hər tərəfində yaradılmış hərbi bazalar, İraq və Əfqanıstandakı xarabalıqlar Amerikanı buradan asanlıqla ayıra bilmirdi. Bütün bunlara baxmayaraq, Obama hökuməti bu ölkələrdən uzaqlaşmağa cəhd göstərdi. İraqdan çəkildi. Lakin Ərəb Baharı Yaxın Şərqdəki vəziyyəti daha da ağırlaşdırdı. Bu, Amerikanın cəhdini çətinləşdirirdi. ABŞ-ı günahlandıran insanlar çıxış yolunu yenə bu dövlətdən gözləyirdilər. Misirdə də, Suriyada da bu super qüvvənin problemləri həll edəcəyi düşünülürdü. Beləliklə, ABŞ Yaxın Şərqdə hegemonluğunu qoruyub saxlayan, lakin heç bir problemə qarışmayan bir siyasətlə hər iki ölkədən uzaqlaşdı.
Misir, Suriya, Liviya, İraq, Əfqanıstan və Pakistanda vəziyyətin ağırlaşdığı və Yaxın Şərqin parçalanma ssenariləri ilə üzləşdiyi bir vaxtda Buşun hakimiyyət dövründəki kiçik qruplaşmalar Obamanın qarşısına qüvvətlənmiş, silah və insan gücünü qat-qat artırmış, nifrət püskürən böyük radikal qruplar kimi çıxdılar. Uzun müddət Amerikanın radikal qrupları susdurmağa qadir olduğu güman edilirdi. Lakin dünyadakı siyasi vəziyyət dəyişdi və radikallar güclənərək Amerikaya meydan oxumağa başladılar.
Yaxın Şərqdəki müharibələrdə milyonlarla dollar xərcləyərək iqtisadi böhrana sürüklənən Amerika artıq bu ölkələrdə “düşmən” kimi qəbul edilir. Əl-Qaidənin İraqda həyata keçirdiyi terror aktları daima Amerikanın bu ölkəni işğalı ilə əlaqələndirilir. Əfqanıstan və Pakistanda isə Amerikanın zahirən Taliban qruplaşması ilə düşmən olduğu, əslində isə bu qruplaşmanı hərtərəfli təmin etdiyi güman edilir. Məsum insanların ölümünə səbəb olan terror aktları isə xalqın Talibana deyil, Amerikaya nifrətinin artırır.
Vəziyyəti getdikcə ağırlaşan Yaxın Şərqdən əsgərləri geri çəkib, xərcləri azaltmaq və bölgədə pilotsuz təyyarələrlə nizam yaratmaq ideyası həm Amerikanın super qüvvə mövqeyini təhlükə altına saldı, həm də Obama siyasətininin zəif cəhətlərini ortaya qoydu. Obamanın məqsədi Buşun Yaxın Şərqdə Amerikaya qarşı yaratdığı nifrəti aradan qaldırmaq idi. Düşünürdü ki, bir neçə taktika ilə radikalizmi təsirsiz vəziyyətə gətirəcək. Bəlkə də məhz bu ideya onu aldatdı.
Hərbi müdaxilələr radikalizmi daha da gücləndirir. Pilotsuz təyyarələr daha çox raket atır və daha çox məsumu qətlə yetirir. Nəticədə, Amerikaya nifrət qat-qat böyüyür. Amerika bu strategiya ilə heç vaxt qazanmaz, ancaq məğlub olar.
Hazırda Obama dünya siyasətçilərinin mühüm simalarından biridir. Ağıllı və bacarıqlı dövlət başçısıdır. Bu kritik vəziyyəti lehinə çevirməli və bu mesajı mütləq nəzərə almalıdır:
Radikalizm din adı altında ortaya çıxır, gücü də məhz buradan qaynaqlanır. Sürətlə yayılır və asanlıqla ölümə hazır, gözünü qan bürümüş tərəfdarlar toplayır. Ən böyük səhvi isə yanlış din anlayışına yiyələnməsidir. Bir radikalın öyrəndiyi din ona nifrət qazandırır və bütün fəaliyyətləri bu nifrət üzərində qurulur. Öyrəndiyi dinin qanunlarına sözsüz tabe olur. Nifrətə layiq gördüyü insanlardan var gücü ilə nifrət edir, qorumalı olduqlarını canını ortaya qoyaraq qoruyur, lazım bildikdə öldürür, lazım bildikdə isə ölür. Onun bu qətiyyətinə səbəb isə əlindəki silah deyil, beynindəki inancdır. Beləliklə, ona qalib gəlməyin yolu silahına silahla deyil, səhv, xurafat dolu inancına həqiqi İslam dini ilə cavab verməkdir.
Burada ən mühüm məqam isə ondan ibarətdir ki, radikalın öyrəndiyi bu din İslam dini deyil. Lakin radikalizmin qurbanı olan şəxs bunun fərqində olmur və öyrəndiklərini əsl İslam dini hesab edir.
Radikalizmə qalib gəlmək üçün əlimizdə çox güclü silahımız var: həqiqi İslam. Qurandakı İslam sevgini, sülhü tərənnüm edir. Təkcə müsəlmanları deyil, bütün bəşəriyyəti sevgiyə dəvət edir. Radikalizmdəki nifrət, öldürmə arzusu Quranda yoxdur. Radikalın Qurandan bixəbər olması problemin əsas qaynağıdır. Əgər İslam dinini Qurandan mənimsəsə bütün qətiyyəti ilə həqiqi İslamın əmrlərini yerinə yetirəcək.
Obama həm öz ölkəsində, həm də Yaxın Şərqdə sülhün bərqərar olmağını istəyir. Amerika super qüvvə kimi qalmağı qarşısına məqsəd qoyubsa, yanlış din anlayışını aradan qaldırmalı və həqiqi İslam dininin bölgəyə hakim olmasına zəmin yaratmalıdır. Yaxın Şərqdə Qurana səmimi iman gətirən müsəlmanlar hər zaman belə bir ittifaqa hazırdırlar. Amerikanın dəstəyi ilə maarifləndirmə siyasəti qısa vaxtda hər yeri əhatələyər. Bunun üçün silahlanmağa, bazalar yaratmağa, milyardlarla dollar xərcləməyə ehtiyac yoxdur. Ziyalı və ağıllı müsəlmanlarla birlikdə maarifləndirmə sistemi hazırlamaq çox asandır. Bu, Obama və Amerikanın tək çıxış yoludur. Bu çağırışa qulaq verməklə dünyanı başqa bir dünyaya çevirmək mümkündür.
Adnan Oktarın Arab News ve Pakistan Observer’də nəşr olunan yazısı:
http://www.arabnews.com/news/513676