Milli ədəbiyyatımızda İnsan konsepsiyası və onun inkişaf istiqamətləri
Rövşən Məmmədov
Sumqayıt Dövlət Universiteti / Azərbaycan
XX əsrin 60-cı illəri və bu dövrdə təşşəkkül tapmış ədəbiyyat. Bu dövrün ədəbiyyatı dövrü mətbuatda, ədəbi tənqiddə və elmi araşdırmalarda kifayət qədər araşdırılmış, haqqında olduqca geniş şərhlər verilmiş və təhlillər aparılmışdır. Nədir bu dövrün nəsrini əlamətdar edən… Bu illər nəsrinin, hər şeydən əvvəl İNSANa diqqəti dərinləşdi. Bunun məhz belə olduğunu demək, bəlkə də, hələ heç nə demək deyil, axı İnsan elə həmişə ədəbiyyatın diqqət mərkəzində olub. Ancaq məsələ burasındadır ki, “altımışıncılar” bədii ədəbiyyata bu mövzunu yeni mövzu, yeni problem kimi yenidən daxil etdilər. Söhbət – şəxsiyyətə, fərdə, mənəvi-psixoloji “daxil”ə, “Mən”ə artan bədii maraqdan gedir, mənəvi potensialı birbaşa “ictimai system” kimi yox, daha əvvəl vicdani etik səltənət, əxlaq mehrabı kimi açan bədii təhlil və tədqiqatdan gedir.
İnsan konsepsiyası mürəkkəb məsələ olduğundan onu fəlsəfi, sosial-siyasi, ideoloji istiqamətdə təhlilə cəlb edənlər, bu məsələ barədə bir-birindən fərqli elmi fikirlər söyləyənlər olsa da, onun sənətin başlıca amili olduğu inkar edilməzdir. Ədəbiyyat illərin, yüzillərin sınağından keçərək sübut etmişdir ki, onun əsas təsvir obyekti də, gələcəyə yönələn inkişaf istiqamətləri də insane üzərində qurulmuşdur.
Qeyd etmək lazımdır ki, ədəbiyyat insan talelərinin, insan münasibətlərinin məcmusudur. Ədəbiyyatda insan problemi, eyni zamanda qəhrəman problemidir, şəxsiyyət sənətkarın və bədii obrazın xarakteri, yazarın-qəhrəmanın estetik idealı məsələsidir. İnsan cəmiyyətdə şəxsiyyət kimi, xarakter formalaşmasında, inkişaf etməsində ədəbiyyatın rolu müqayisəedilməz dərəcədə misilsizdir.
Ədəbiyyat insan məsələsi, cəmiyyətdə şəxsiyyətin rolu, insanın azadlıqları problemi ilə bağlıdır. İnsanın həyatı, davranışı, fəaliyyəti, digərlərinə münasibəti cəmiyyət daxilində mövcud olduguna görə bu problem eyni zamanda ictimai anlam qazanır. Cəmiyyətdəki insan-cəmiyyət, cəmiyyət-fərd məsələsi də eyni zamanda ədəbiyyatın əsas təsvir obyektidir. Fərd kimi insanın daxili “Mən”i, onun sosial-psixoloji dərki, bu “Mən”in cəmiyyətdəki mürəkkəb münasibətlərinin üzə çıxarılması hər zaman yazarları dərindən düşündürmüşdür. Ədəbi qəhrəmanın bu münasibətlərdən doğan fərdi iztirabları cəmiyyətlə şəxsiyyət arasındakı mövcud dramatizmi müəyyənləşdirir.
İnsanın cəmiyyətdə tutduğu yer, mövqe, onun dövrü, ictimai-siyasi münasibətlər sistemi ilə sıx bağlıdır. Şəxsiyyət ictimai-siyasi və mənəvi mühitlə formalaşdığına görə onun mənəvi yetkinliyi və özünüdərki də bu makro mühit içərisində müəyyənləşir. Zamanın və dövrün, ictimai-siyasi quruluşun, idarəetmə sisteminin insan üzərindəki təsirləri, insanın təklənməsi, ondakı inam vı inamsızlıq, davranışında mütiləşmə və yaxud mübarizləşmə, döyüşkənlik hisslərinin artması kimi keyfiyyətlərə dolması 60-cı illərdə ədəbi prosesə ciddi təsir göstərirdi. İnsanın bu mühüm, dərin prosesdəki dəyişmələrini əks etdirmək, bədii üsullarda canlandırmaq yazarda daha yeni axtarışlar və təsvir üsulları tapmaq meylini gücləndirirdi. Ümumiyyətlə, insan və ətraf mühit arasındakı sosial-siyasi münasibətlər kifayət qədər ciddi problemdir və ədəbi prosesin inkişafında çox mühüm yer tutur.
İnsani münasibətlər, şəxsiyyətlərarası ünsiyyət, məhəbbət, konflikt, narazılıq və ziddiyyətlər ədəbi aləmdə xüsusi diqqət çəkən məsələdir. Ədəbi qəhrəmanın xarakterinin üzə çıxarılması, onun yetkinləşməsi, obraz kimi bədii dəyər qazanması şəxsiyyətlərarası münasibətlər arasında mümkün olur. Ədəbi qəhrəmanın şəxsiyyətinin formalaşması həyat mövqeyinin müəyyənləşməsi də bu məsələ ilə bağlıdır. Məhz buna görə çağdaş insanın daxili-psixoloji aləmi 60-cı illər ədəbi mühitində daha çox zəruri hesab edilirdi.
Ədəbi qəhrəmanların təkamül prosesinin izlənməsi göstərir ki, o dövrün ədəbi cərəyanları və ədəbi prosesi qəhrəmanların hərəkət və davranışına, psixikasına, düşüncə tərzinə, intellektual durumuna, ictimai varlıq kimi fəaliyyəyinə ciddi təsir göstərmiş və onun taleyinə mühüm yeniliklər gətirmişdi. XX əsrin modern baxışları, daxili-mənəvi, lirik-psixoloji düşüncələrə qayıdış, insanın mücərrəd taleyinin, insani ziddiyyətlərin qabarəq şəkildə üzə çıxarılması, bir tərəfdən sevgi və idealların genişliyi, digər tərəfdən fərdin-insanın imkanlarının məhdudluğu fərdi təklənmə və cəmiyyətdən təcrid olunma və s. kimi durumlar ədəbi şəxsiyyət və qəhrəman konsepsiyasının xüsusi çəkisinin nə qədər artdığını göstərirdi.
60-cı illər ədəbi prosesində diqqəti çəkən cəhətlərdən biri də fərdiləşmiş insan konsepsiyası, yəni çağdaş insanın mikromühitinin təsvirinə diqqətin artması idi. Sadə adamlarən bədii obrazının yaradılması, onların sadə, adi həyatının böyük təsvir obyektinə çevrilmişdi, qapalı həyatlarının aşkar canlandırılması geniş hal almışdı. Bu cəhət cəmiyyəti, bütövlükdə isə insan həyatını canlandırmaq baxımından qeyd edilən dövrdə prioritet sayılırdı. Ədəbiyyatın bu yöndəki axtarışları insanların daxili aləminə, mənəvi aləminə pəncərə açmağa zəmin yaradırdı. Ona görə də, yazılan roman, povest və özəlliklə də, hekayələrdə zahiri əlamətlərin təsvirindən çox, mənəvi aləmin təsvirinə üstünlük verilirdi. Bu proses özlüyündə bədii təsvirdə şəxsiyyətin daxili-mənəvi üfüqlərini genişləndir.
Ümumiyyətlə, bədii ədəbiyyatda insanın xarakterinin konfliktlərdə və mübarizələrdə formalaşdığı adi həqiqətdir. Lakin düşdüyü mühitdə konfliktlərin müxtəlifliyi, ziddiyyətlərin kəskinliyi, mübarizənin daha da güclü olduğu zamanlarda imkanların daxilində mübarizə aparır. Universal insan tipini fərqləndirən cəhət odur ki, burada insan, bəzən təbii imkanlardan daha artıq gücə malik olur. Burada söhbət təbii ki, fiziki gücdən deyil, mənəvi-psixoloji, daxili intellektual səviyyədən söhbət gedir.
Ədəbiyyatda insan konsepsiyası çox mürəkkəb anlayışdır. Dövr və mühitlə əlaqədar olaraq, insanın inkişaf prosesi, şəxsiyyətin tərəqqisi, mənəvi zənginləşməsi, daxili duyğulardakı oyanışlar və dirçəliş, ondakı intellektual və emosional-psixoloji imkanların genişlənməsi və s. kimi problemlər bu konsepsiyanın önəmli özəlliklərindəndir. Çağdaş insanın şəxsiyyət kimi formalaşması, xarakterinin müəyyənləşməsi üçün ədəbi proses önəmli vasitədir. Ədəbi proses insanları bədiiləşdirir və beləliklə də, bədii təsvir obyektinə çevrilən insan əbədilik qazanır.
Bu dövrün ədəbi nəsli geniş miqyaslı problemi daxili-şəxsi təhlilin və qiymətin güzgüsündə təsvir etdilər. Beləliklə də, şəxsiyyətlə cəmiyyət arasında qarşılıqlı sosial və əxlaqi əlaqə, hadisənin obyektiv mənası ilə onun fərdi şüurdakı qeyri-standart inikası kimi aktual ədəbi problemlər nəsrdə yeni estetik baxış və ölçü, əlavə ideya-fəlsəfi çalar kəsb etdi.
Cəmiyyətin yeni inkişaf mərhələsində insanın dairəsinin daha da genişlənməsi ədəbi prosesdə daha dolğun, daha real insan xarakterlərinin yaradılmasını tələb edir. Yeni insanın ictimai və mənəvi mühitdə hərtərəfli, inandırıcılıqla təsviri, ictimai və sosial durumların analitik təhlilinin dərinləşməsi, təsvirdə üslub rəngarəngliyinin artması da, məhz şəxsiyyətin sosial-mənəvi aləminin zənginləşməsi ilı bağlıdır.
Mövcud obyektiv dəyişikliklər zəminində həyat və insan amilləri arasındakı qarşılıqlı münasibətlərinin mürəkkəbləşməsi insanların xarakterinə də ciddi təsir göstərirdi. Bütün bunları genişliyi və mürəkkəbliyi ilə aşkar etmək üçün yeni bədii vasitələr, təsvir formaları axtarılırdı.
İnsanın daxili mənəvi aləminin getdikcə zənginləşməsi, şəxsiyyətlərarası münasibətlərin dərinləşməsi nəticəsində, 60-cı illər milli ədəbiyyatımızda çağdaş insan xarakterinin daha geniş təsviri çətinləşmişdi. Bu problem yazıçı təsvirlərinin daha da təkmilləşməsini, təsvir ustalığının artırılmasını, həyati proseslər içərisindən ümumi və fərdi özəlliklərin ayırd edilib bədii təhlil süzgəcindən keçirilməsini tələb edirdi. Keçmiş dövrlərdəki ədəbiyyatlardan fərqli olaraq, adı çəkilən dövrdə mənəvi aləmin təsvirinə, həyat hadisələrinin daxili-psixoloji, daha tez-tez isə fəlsəfi düşüncələrdə canlandırılmasına üstünlük verilirdi.
İnsan xarakterinin bədii əsərdə hadisələrin qeyri-müəyyən axınında deyil, xarakterik hadisələrin qanunauyğun inkişafı prosesində, həyati konfliktlər və durumlar içərisində müəyyənləşdiyi məlumdur. Kəskin süjet daxilində hadisələrin bir-birini əvəz etməsi və ədəbi “qabartmalar” vasitəsi ilə diqqətin cəlb edilməsi insanların birtərəfli, sxematik təsvirinə gətirib çıxararsa (belə halda insan-obraz hadisələri davam etdirən vasitə rolunu oynayır, yəni hadisə əsas, insan və onun xarakteri ikinci dərəcəli əhəmiyyət kəsb edir), həyati hadisələr içərisində insanın psixoloji dəyişmələrinin verilməsi, hadisələrin obrazı bütövləşdirən vasitə kimi səciyyələndirilməsi, yəni hadisə əsərdə psixoloji aləmi müəyyənləşdirən vasitə olur, insanın xarakteri əsərdəki bütün obrazların qarşılıqlı əlaqələri fonunda açılır. Həyat ziddiyyətlərinin (ictimai, təsərrüfat-iqtisadi, ailə-məişət və s.), insani münasibətlərin mürəkkəbliyi, hər gün qəbul edilən informasiyaların artması, müxtəlif ideoloji təsirlər ədəbi müşahidələrin intensiv inkişafını və sayıqlığını zəruriləşdirir.
İnsanlararası münasibətlərin ətraf mühitə təsirinin artması bir tərəfdən xarakterlərin zənginləşməsinə səbəb olurdusa, digər tərəfdən yeni həyat hadisələri və konfliktlərdə bədii obrazın real, əhatəli təsvirində yazıçı işini xeyli çətinləşdirir, ondan daha geniş və dərin müşahidəçilik, daha səmərəli təsvir ustalığı ilə yanaşı, yeni təqdim və təhlil bacarığı tələb edirdi. Ona görə də, adı çəkilən dövrdə sosial, iqtisadi və coğrafi mühitlər arasında insan xarakterinin bədii təsvir və səciyyələndirilməsində əvvəlki onilliklərdən xeyli fərqli olaraq, onun müəyyən mühit və vaxt çərçivəsində izlənilməsi və zahiri səciyyələndirmədən daha çox, daxili-psixoloji təsvir üstünlük təşkil edirdi.
Xarakterin təsvirində yazıçı təqdiminin, onun həyata baxışının dəyişməsi də, məhz 60-cı illərdə daha çox diqqəti cəlb edirdi. Xarakterlərin səciyyələndirillməsində artıq “o belədir” yox, “mən beləyəm” prinsipinə, yəni obrazın içəridən, öz düşüncələri vasitəsi ilə dəyərləndirilməsinə üstünlük verirdi.
O dövrdə psixoloji amillərin güclənməsi bir tərəfdən ədəbi prosesin özünün fəallaşması və həyat münasibətlərinin artması ilə bədii ideyaların daha yaxşı qaavranılmasına və duyulmasına da zəmin yaradırdı. Nəzəri ədəbiyyatda və ədəbi tənqiddə psixoloji nəsrin bu cəhətinin həllində onun müəyyən mənfi cəhətləri də qeyd olunurdu. Zamana, dövrə, mühitə və hadisələrə münasibəti qəhrəmanın fərdi, özünəməxsus(dar, məhdud, bəzən də subyektiv) düşüncələri kimi görünürdü.
Bədii obraz sosial mühit, cəmiyyət üçün xarakterik olmayan adi hadisələr üzərində qurulur, bu da çox vaxt konkret bədii nəticənin əmələ gəlməsini çətinləşdirirdi. Görkəmli yazarımız İ.Əfəndiyev yazırdı: ”Ədəbiyyatımıza yeni gəlməkdə olan gənc nasirlərin əsərlərində duyulan birinci ciddi nöqsan həyatın dərindən verilməməsi, adamların ötəri, səthi göstərilməsidir. Bunu hər şeydən əvvəl yazıçılıq müşahidəsinin zəif olması ilə izah etmək lazımdır. Bədii-psixoloji təsvirdə o qədər xırdaçılıqlara yol verilir, qəhrəman o qədər fikirləşdirilir ki, o, öz düşüncələri içərisində sanki yoxa çıxır, müasirləri ilə müqayisədə az qala “kənar adam” təsiri bağışlayır. Bədii nəsrin ortaya çıxardığı belə xarakterlər əslində kiçik çərçivələr içərisində tamdır, yaxşıdır, hətta inandırıcıdır, ancaq mürəkkəb münasibətlər dövrünün insanları və hadisələri ilə müqayisədə sanki yaddırlar, bu günün adamlarını yetərincə təmsil etmədiklərinə görə aldadıcıdırlar”.
Ümumiyyətlə, ədəbiyyat öz qəhrəmanlarını yetişdirərək onların səciyyəsi ilə dövrün xarakterini təcəssüm etdirir. Ancaq heç də həmişə ədəbi qəhrəman dövrün, həyatın simasını canlandıra bilmir. Həyat müəyyən məqamlarda oyundan kənarda qalmış, sözünün ötkəmliyini, hökmünü itirmiş, hamı ilə razılaşa-razılaşa aldanmış adamlar vasitəsiylə səciyyələndirilirsə (Anar “Dantenin yubileyi”, Elçin “Sos”), burada xarakterlər cəmiyyətin aparıcı qüvvəsi olmasa da, yazıçılar əsas diqqəti həmin adamların xarakterindəki müsbət cəhətlərə yönəldirsə və bu müsbət məqamlarla həyata, insana düzgün baxış müəyyənləşdirirsə, burada aparıcı qüvvə təsəvvürdə yaradılmış olur. Mühitə və dövrə münasibət qəhrəmanların hərəkətləri ilə deyil, bədii nəticə ilə üzə çıxır. Həyat hadisələri bədii-məntiqi nəticə ilə dəyərləndirilir.
60-cı illər nəsrinin, xüsusilə, o dövrün hekayələrinin yadda qalan özəlliyi ondan ibarət idi ki, burada aparıcı qüvvə, müsbət xarakter, qəhrəman hadisələrin aparıcısı kimi çıxış etmir, onun obrazı oxucu təsəvvüründə müəyyənləşdirilirdi. Bu da qeyd etdiyimiz kimi, bədii nəsrdə psixoloji təsvirin, fəlsəfi duyumun üstünlük qazanmasından irəli gəlirdi.
Hadisə və münasibətlərin mürəkkəbliyi, obrazlar sıxlığı təsvir vasitələrinin daha effektiv formalarına gətirib çıxarırdı. Bu, əsərdə daxili monoloqun və müəllif səciyyələndirmələrinin aktivləşməsini, qəhrəmanların hərəkətlərindən çox düşüncələrinin, müəyyən vaxt və məqamlarda keçirdikləri psixoloji halların dəyərləndirilməsini, onun daha dəqiq bədii təsvirini tələb edirdi. 1960-cı illər Azərbaycan ədəbiyyatında bu cəhəti Ə.Əylisli, Anar, Elçin, M.Süleymanlı, S.Azəri, İ.Məlikzadə kimi yazıçıların əsərlərində aydın görmək mümkündür.
İctimai gerçəkliyin mənəvi-əxlaqi qatlarına, şəxsiyyətin psixologiyasına artan maraq 60-cı illər Azərbaycan ədəbiyyatını bütünlükdə səciyyələndirir, onun ideya-bədii sərvət və estetik dəyər rolunu və çəkisini artırır.
O da maraqlı və mənalıdır ki, milli nəsrin “yeni dalğa”sı bədii tədqiqatın məcrasını gündəlik məişətə və adi adama yönəltməklə həm fərd, həm də cəmiyyət miqyasında mənəvi-əxlaqi iflas, ictimai və sosial tənəzzül, böhran əlamətlərinə diqqəti vaxtında cəlb etdi və elə məhz bu xüsusiyyəti ilə o, ümumittifaq nəsrinin vahid axarı ilə vəhdət və ahəng təşkil edə bildi. Bu yazıçılar yalnız ən yeni, çoxmillətli avanqard nəsrin deyil, həm də milli klassik irsin bədii ənənəsindən bəhrələndilər. Özəlliklə, C.Məmmədquluzadənin realizm və satira dərsləri, ondakı ayıq və oyaq nəsr üslubu, psixoloji yığcamlıq, ən sərt satiranın da lirika ilə qaynağı, amansız “mətnaltı”- semptomatik həqiqətlər, üslub və dil demokratizmi bu zaman yenidən bədii təravət və kəsər kəsb etdi (əvvəlki iki on ilin sürəkli laqeydliyindən sonra).
Yeni Azərbaycan nəsrinin Mirzə Cəlil ənənəsi ilə üzvi bağlılığını yazıçı Anar belə başa düşür: “əgər biz nəsillərin varisliyi və əlaqəsindən danışsaq, “yeni Azərbaycan nəsri” nin axtarışlarına sələflərindən ən yaxını yenə də C.Məmmədquluzadə olacaq. 60-cı illərdə bu sənətkar sanki yenidən kışf edildi, onun yaradıcılıq irsi xrestomatiya parıltısından təmizləndi və biz onun simasında öz böyük və həmişəyaşar müasirimizi gördük”.
60-cı illər nəsri müasirliyin ağırlı problemlərinə laqeyd qalmadı, ictimai yaraları açıb-ağartmaqdan, əşyaçılıq, konformizm, rüşvət psixologiyasını bütün neqativ təfsilatı ilə təsvirə cəlb etməkdən çəkinmədi. Özü də nasirlər bədii ədəbiyyatın yalnız mövzu imkanlarını genişləndirmədilər, həm də nəsrə yeni bədii vasitələr, bədii priyomlar məhz “yeni dalğa” üçün səciyyəvi olan obrazlılıq- daxili monoloq, “şüur axını”, təhkiyədə təzadlı montajlar, bədii zaman komponentləri və s. gətirdilər.
Müəyyən dərəcədə bədii obrazın, özəlliklə, müsbət qəhrəmanın özü də dəyişdi. Əlbəttə, şüurlu bir sosial vəzifə borcundan, etik-əxlaqi mövqedən irəli gələn güzəştsiz, fədakar, güclü hərəkətlərin sahibinə-qüvvətli şəxsiyyətə biz bu dövrün hekayələrində də rast gəlirik və onların birbaşa antaqonisti olan surətlərlə də tez-tez qarşılaşırıq. Lakin soyuqqanlı-rasional ovqatın diri, insani hiss üzərində göstəriş, sənəd və dəftərxana “həqiqəti”nin, ehkamın və kağızın, canlı gerçəkliyin özü üzərində sərhədsiz inhisarına artıq az-çox müəyyən hüdud qoyulmağa başlayır. 60- cı illər nəsri ənənəvi əxlaqi problemin əhəmiyyətini azaltmaqla bərabər, elə adamlar barədə də yazmağa başlayır ki, onlar əvvəllər nəsrin diqqətini çox az məşğul edərdi. Qəribə, uğursuz, təzadlı, mürəkkəb taleli adamlar, həyatda bəxti gətirməyənlər, mövcud sistemdə formalaşmış stereotiplər çərçivəsində “xoşbəxt” sayılan şəxslər ütüsüz, nahamar düşüncələr, xasiyyətlər və xarakterlər də nəsrə axınla daxil olmağa başladı.
Ümumiyyətlə, bu yazıçılar nəslini onların yaradıcılıqlarının başlıca meylləri baxımından səciyyələndirmək lazım gəlsə, demək olar ki, onlar ədəbiyyatın əsas vəzifəsini insana daha artıq diqqət və maraq göstərməkdə, insanın işindən, fəaliyyətindən çox onun şəxsiyyətini, mənəviyyatını açmaq, təhlil və əks etdirilməsində görürdülər. Onlar sovet gerçəkliyini tərənnüm etmir, onu bədii mühakimənin mövzu vəpredmetinə çevirirdilər. Buna görə də, onların əsərləri daha çox tənqidi mahiyyət daşıyırdı. Həmin əsərlərdə yazıçı mövqeyi, həyat hadisələrinə münasibət birmənalı təsir bağışlamırdı. Məhz bu səbəbdən həmin əsərlərin aktuallığı günümüz reallığında da itmir.
ƏDƏBİYYAT
1.Anar Nəsrin fəzası. – “Azərbaycan” jurnalı №7, 1984
2.Göyüşov Z. Daxilə pəncərə (özünüdərketmə). – Bakı: Azərnəşr, 1978
3.Qarayev Y. Meyar – şəxsiyyətdir. – Bakı: Yazıçı, 1988
4.Quliyev Q. “Bədii ədəbiyyatda ekzistensializm”. – “Cahan” jurnalı № 4, 1998
5.«Müasir sovet ədəbiyyatında konflikt və xarakter” məqalələr toplusu. – ADU, 1987
6.“Müasirlik uğrunda… Böyük sənət uğrunda”. – S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət ədəbiyyat və İncəsənət arxivi. – F. №137, siy. 1, iş №128, vərəqə 5-8
7.Şerbina V.R. “Müasir ədəbiyyatda insan konsepsiyası”. – Moskva: SSRİ-nin nəşriyyatı, 1963
9.Vəliyev İ. (Öməroğlu) Burulğanlar içində (məqalələr toplusu). – Bakı: Günəş, 1997
10.Vəliyev İ. İnsan: həyatda və sənətdə. – Bakı: Günəş, 1998
Ровшан Мамедов
Человеческая концепция в национальной литературе и его стадии развития
В данной статье исследовается человеческая концепция в нашей национальной литературе начиная с 60-х годов, анализируется его стадии развития.
Rovshen Mamedov
Human conception in national literature and growth stages
In this article the influence of human conception in national literature since 60-th, analysis growth stages of this conseption.