R.M.Məmmədov
Sumqayıt Dövlət Universiteti Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müəllimi
UŞAQ NƏSRİNDƏ QƏHRƏMAN PROBLEMİ (1970-80-Cİ İLLƏR)
Açar sözlər: uşaq ədəbiyyatı, qəhrəman, xarakter
İ.V.Stalinin ölümündən sonra “Sovetlər cəmiyyəti”ndə gedən ideoloji proseslər ədəbiyyatda güclü rezonans doğurdu, ideal axtarışları azad və tamamilə başqa məcraya yönəldi. Bir tərəfdən bu proseslər sosializm nəzəriyyəsinin öz daxilində kommunizm cəmiyyəti ilə bağlı utopik fikirlər zəminində cərəyan edirdisə də, digər tərəfdən yazarlar xalq həyatına müraciət edir, onun əsrlərdən bəri gələn, hələ saflığını itirməmiş dəyərlərinə üz tutur, bunu “sosializm humanizmi” prinsipləri ilə uyğunlaşdırmağa çalışırdılar. Həyat həqiqətlərinin bu tip ideya və idealla xəbərdar edilməsi çox zaman “kompromis” nəticələr verir, özünəməxsus nəsr poetikaları doğururdu. (1, səh. 23)
Hələ sovet yazıçılarının II Ümumittifaq qurultayında (1954-cü il 15-26 dekabr) cəmiyyətin həyatında, ideya və psixoloji gerçəkliyində “ayazlaşma dövrü”nün baş verməsindən bəhs olunurdu. Lakin ədəbi mühitin diqqət mərkəzində dayanan problemlər sırasında hələ də müsbət qəhrəman, sovet insanının obrazını bütün əzəməti ilə əks etdirmək və s. məsələlər önəmli yer tuturdu.
Xalq şairi Səməd Vurğun qurultayda ədəbiyyat haqqında nəzəri məruzə ilə çıxış etdi. O, müsbət qəhrəman problemi üzərində dayanıb göstərirdi ki, “müsbət qəhrəman bütün müsbətliyi ilə bərabər səhv də edə bilər və yazıçı bu səhvlərə biganə qala bilməz”.(2)
Qəhrəmana bu prizmadan yanaşılması ədəbiyyatda yeni insanın təcəssümü, sosializm realizminin dərinləşməsi demək idi. Lakin bu problemi birdən-birə çözmək qeyri-mümkün idi. Yaradıcılıq tərəddüdləri, tənqid qorxusu bədii sənətdə yeni insan obrazı məsələsinin həllində böyük sədd yaradırdı. Yazıçı İlyas Əfəndiyev yazırdı: “İndiyə qədər bəzi tənqidçilər tələb edirdilər ki, qəhrəman gərək əsərdə tamam “yuyulub təmizlənmiş” halda çıxsın, yəni onun səhvləri əsərdə mütləq düzəlsin. Yazıçı qəhrəmanın nailiyyətləri ilə yanaşı, onun nöqsanlarını da təbii olaraq göstərməlidir”.(3)
Bu problem Azərbaycan Yazıçılar İttifaqının XVII plenumunda (1953-cü il 26-28 dekabr) daha ətraflı şəkildə müzakirəyə çıxarıldı. Belə ki, plenumun əsas mövzusu “konfliktsizlik nəzəriyyəsi”, ədəbiyyatımızın vəziyyəti, ona dəyən zərər və çətinliklər oldu. Bu da tamamilə əsaslı və zəruri idi. Çünki 40-cı illərin sonu 50-ci illərin əvvəllərində ədəbiyyatda sovet gerçəkliyini üzdən, saxta yollarla təsvir edən çox sayda əsərlər yaranmışdı. Ədəbiyyatşünas, dramaturq C.Məcnunbəyov yazırdı: “Təəssüf ki, bizdə elə vəziyyət yaranmışdı ki, pyeslərdə zavod direktorları eyni idi, raykom katibləri eyni idi, kolxoz sədrləri eyni idi, hətta sevgiləri də eyni olurdu”.(4)
Cəmiyyətin yeniləşməsi prosesi Sov. İKP MK-nın XX qurultayından (1956-cı il 14-25 fevral) sonra daha intensiv xarakter aldı. Bu dövrdə Sov. İKP MK-nın “Şəxsiyyətə pərəstiş və onun nəticələrini aradan qaldırmaq haqqında” qərarı çıxdı (1956 30 iyun) və mərkəzi mətbuat səhifələrində dərc olunan silsilə məqalələrdə İ.V Stalinin şəxsiyyətinə pərəstişin zərərli nəticələri pislənib tənqid edildi. Bu ədəbiyyat və incəsənətin yeni bir problemi kimi meydana çıxıb böyük əhəmiyyət kəsb etdi. Ölkənin yaradıcılıq təşkilatları bu qərarı böyük rəğbətlə qarşıladı.
Dünya arenasında və Sovetlər cəmiyyətində gedən bu proseslər ədəbiyyat və incəsənətin tamamilə yeni istiqamətdə inkişafına zəmin yaratdı. Bu səpkidə yeni-yeni əsərlər yaranmağa başladı və milli ədəbiyyatımıza yeni, gənc yazarlar nəsli daxil oldu. Bu yazarlar yazdıqları əsərlərdə əsas diqqəti partiya və təsərrüfat həyatına deyil, birbaşa insana, onun daxili aləminə yönəltdilər. Artıq əsərlərdə insanın fəaliyyətindən çox, onun daxili aləminə üstünlük verilirdi və burada insan sadə əmək qabaqcılı deyil, düşüncə fəaliyyətinin birbaşa subyekti olan ziyalı idi. Söhbət – şəxsiyyətə, fərdə, mənvəi-psixoloji “daxilə”, “içə” artan bədii maraqdan gedir, mənəvi potensialı bir başa “ictimai sistem və struktur” kimi yox, daha əvvəl vicdani, etik səltənət, əxlaq mehrabı kimi açan bədii təhlil və tədqiqatdan gedir”.(5, səh. 24)
Yeni dövrün ədəbiyyatında insan kollektiv düşünən, kollektiv fəaliyyət göstərən tək tipli mexanizmin bir parçası deyil, əksinə kiçik və böyüklüyündən asılı olmayaraq insan faktoru artıq şəxsiyyət kimi önə çıxırdı və “homo sovetikus”dan fərqli yeni «düşünən insan» modeli hekayə və romanlarda öz əksini tapırdı.
Şübhəsiz ki, ümumilikdə ədəbiyyat və incəsənətin inkişafına mane olan “konfliktsizlik nəzəriyyəsi” uşaq ədəbiyyatına da neqativ təsirini göstərməyə bilməzdi. Hadisə və predmetin zahiri təsviri, bədii konfliktin bəsitliyi, obrazların qeyri-kamilliyi bu dövrdə yaranan əsərlərin başlıca nöqsanları kimi nəzərə çarpırdı.
Beləliklə, 60-cı illərdən başlayaraq, milli ədəbiyyatımız təkcə sovet ədəbiyyatının son, tükədilməsi mərhələsinə öz töhfəsini vermədi, eyni zamanda milli qaynaqlar hesabına daxili inkişaf qanunauyğunluqlarına qayıtdı, onu tədricən bərpa etməyə çalışdı. Ədəbiyyatımızın keyfiyyətcə yeni mərhələyə qədəm qoyması təbiidir ki, uşaq ədəbiyyatına pozitif təsirini göstərdi.
Bu baxımdan 70-80-ci illər uşaq nəsrinin inkişafı baxımından səciyyəvidir. Artıq yaranan əsərlərdə insana, onun daxili aləminə diqqət dərinləşdi, özəlliklə, milli-mənəvi dəyərlər qabarıq şəkildə təzahür etməyə başladı. Tək böyüklər üçün deyil, kiçik yaşlı oxucular üçün də daha köklü, dərin problemlər əsərlərə sirayət etdi. Yeni nəslin nümayəndələri Z.Xəlil, Ə.Səmədli, N.Süleymanov, E.Mahmudov, Ə.Babayeva, B.Həsənov, R.Yusifoğlu, T.Qarabağlı, İ.Hümmətov, X.Hasilova və başqaları xalqımızın əsrlər boyu formalaşan milli-mənəvi dəyərlərini ideoloji müstəvidə ədəbi cəhətdən təhlil edərək tam anlaşıqlı biçimdə kiçik yaşlı oxuculara çatdırırdılar. Yazılan əsərlərdə uşaq obrazları süni dialoq qurmur, şişirtmə qəhrəmanlıq göstərmir, universitet təhsili almış tələbə kimi danışmır, hadisə və faktları real həyatda olduğu kimi yaşayır, qəbul edir və yerinə yetirirdilər. Bu da ilk növbədə milli ədəbiyyatımızın məhdud çərçivədən, “şəxsiyyətə pərəstiş” buxovundan, ən əsası isə “konfliktsizlik nəzəriyyəsi”ndən azad olmasından irəli gəlirdi.
Qeyd etdiyimiz yeniliklər heç şübhəsiz uşaq ədəbiyyatının da çağdaş, lirik-psixoloji, fəlsəfi çalarlarla zənginləşməsinin bilavasitə önəmli səbəblərindən idi. Avropa və dünya ədəbiyyatında planetar miqyasda baş verən sosial-siyasi dəyişiklərə qeyri-ənənəvi prizmadan yanaşmalar fərqli personajların, o cümlədən, yeni uşaq obrazlarının yaranması, onların dünyagörüşünün daha da dərinləşməsi, uşaq nəsrinin artıq yeni formatda inkişafına zəmin yaratdı. Bu ədəbiyyata “burjua” damğası vuran “sovetlər cəmiyyəti” istəməsə də, dünyada yaranan müasir əsərlər imperiyanın sərhədlərini yararaq bütün ölkə ərazisinə, habelə “milli ucqarlar”a da yayıldı. Ümumi ədəbiyyatın mənzərəsi kimi, uşaq ədəbiyyatı da forma və məzmun xüsusiyyətləri baxımından köklü dəyişikliyə uğradı. Beləliklə də, müasir uşaq nəsrinə E.Ağayev, X.Hasilova, Ə.Babayeva, H.Zeynalova, E.Mahmudov, Ə.Əhmədova, B.Həsənov, N.Süleymanov, T.Qarabağlı, R.Yusifoğlu, İ.Hümmətov, Z.Xəlil kimi yeni gənc ədəbi qüvvələr gəldi.
Əlamətdardır ki, onların yaradıcılığında gənc nəslin dünyada və qismən də olsa sovetlər ölkəsində özünü büruzə verməyə başlayan yeni dövrün ruhuna uyğun tərbiyə olunması, uşaqlarda Vətənə, millətə məhəbbət, milli-mənəvi dəyərlərə və milli şüura sədaqət, həyatda şəxsiyyət kimi formalaşmaq kimi məsələlər prioritet təşkil edirdi. Janr baxımından hekayələrə üstünlük verən yazarlar yeri gəldikdə povest və ədəbi nağıllarlara da müraciət edir, yaratdıqları əsərlərdə ilk növbədə hər hansı bir problemə müasir prizmadan yanaşmaq, uşaqlarda milli özünədərki formalaşdırmaq məqsədi güdür, ən önəmlisi elm və təhsilin insan həyatında nə dərəcədə mühüm amil olduğunu kiçik oxuculara çatdırırdılar. Ümumi problemə müxtəlif prizmadan yanaşan yazarlar, öz sələflərinin qələminə sadiq qalır, yeri gəldikdə onlara müxalifət təşkil etməkdən çəkinmirdilər.
Şübhəsiz ki, 70-80-ci illərin uşaq nəsrinin ən ümdə məsələsi ədəbi qəhrəman, xarakter problemi idi. Çünki o dövrdə uşaqlarda möhkəm xarakter tərbiyə etmək, onların şəxsiyyət kimi formalaşmasına yardım etmək uşaq ədəbiyyatının qarşısına qoyulan başlıca tələb idi. Görkəmli yazıçımız M.İbrahimov yazırdı: “Uşağın zövqü, həyat hadisələri haqqında anlayışı ilk oxuduğu kitabların təsiri altında müəyyənləşməyə başlayır. Uşaqlar ədəbi qəhrəmanlara çox həssas yanaşır və özlərini onlara oxşatmağa çalışırlar. Buna görə də, uşaq ədəbiyyatında güclü xarakterlər yaradılmasına bu gün də böyük ehtiyac hiss olunur”.(6)
Bütün bunları nəzərə alan gənc uşaq yazarları yazdıqları əsərlərdə daha dolğun xarakterlər yaratmağa başladılar və bu xarakterlərin daxili aləmlərinin lirik-psixoloji təsvirində çağdaş metodlardan, yeni üsul və vasitələrdən, orjinal ifadə çalarlarından istifadə etdilər. Bu əsərlərdə gənc nəsillə yanaşı, müdrik ağsaqqallar – Mirzə Muxtar (“Taxta qaşıq” – E.Ağayev), Əlican dayı (“Balıqçılar” – Q.İlkin), Heydər kişi (“Alapars” – Ə.Babyeva), Xankişi baba (“Peşmançılıq” – N.Süleymanov), bütün əxlaqi normaları ilə azəri xanımları – Sənəm arvad (“Dünyanı özü ilə aparmaq istəyən Bəşir” – Z.Xəlil), Səkinə xanım (“Qoca həkim” – B.Həsənov), Leyla xala (“Saf sular” – T.Qarabağlı) və s. kimi xarakterlər iştirak edirlər. Uşaqları sevən, onlara dəyərli məsləhət verən, yeri gələndə həyat məktəbinin müəllimi funksiyasını üzərinə götürən bu insanlar özlərinin bütün hərəkətləri və yaşam tərzləri ilə kiçik oxucular üçün örnək olurlar.
Əsərlərdəki bu xarakterlərin hamısı özünəməxsusluğu ilə seçilirlər. Hər bir yazarın təxəyyülünün məhsulu olan bu xarakterlər bir-birindən istər xasiyyətcə, istərsə də yaşadığı mühitə görə fərqlənirlər. Ə.Səmədlinin, Ə.Babayevanın, T.Qarabağlının qəhrəmanları sırf milli adət-ənənələrə söykənən şəxslərdirsə, Z.Xəlil, E.Mahmudov, N.Süleymanovun qəhrəmanları daha çox çağdaş, bəşəri dəyərləri ön plana çəkən insanlardır.
Təəssüflər olsun ki, 70-80-ci illərin uşaq ədəbiyyatında yeniliklərlə yanaşı, olduqca mühüm nöqsanlar da nəzərə çarpırdı. Belə ki, dünya uşaq ədəbiyyatında elmi-fantastik, elmi-texniki tərəqqinin inkişafına dair əsərlərin çoxluq təşkil etdiyi bir zamanda, bəzi yazarlar aktual olmayan məsələlərdən bəhs edən əsərlər yazırdılar. Ədəbiyyatşünas A.Əliyev haqlı olaraq yazır: “Aşkarlıq və demokratiya işığında deməliyik ki, uşaq ədəbiyyatının hazırki vəziyyəti yarıtmazdır. Onun yaradıcıları bu günədək ixtisaslaşmayıb. Bir gün elmi fantastikadan, dramaturgiyadan, sabah tarixi keçmişdən “əsər” yazır. Uşaq ədəbiyyatında layiqli yerini tutan roman, poema, pyes və s. olduqca azdır”.(7, səh. 136)
Uşaq nəsrinin bir nöqsanı da, əsərlərdə olduqca mürəkkəb həyat hadisələrinin geniş təsvirindən ibarət idi. Adı çəkilən dövrdə ədəbi mühitin birbaşa diqqət mərkəzində olan uşaq ədəbiyyatında bu tip mövzuların seçilməsi təbiidir ki, kiçik yaşlı oxucular üçün böyük problemə çevrilir və onları maraqdan salırdı. Görkəmli yazarımız Ə.Babayeva haqlı olaraq qeyd edirdi: “Uşağa kiçik yaşlarından mürəkkəb həyat hadisələrindən, hətta məhəbbətdən, sevgidən də danışmaq olarmi? Əlbəttə, ancaq bu məsələlərdə ölçünü bilmək, uşaq təbiətinin və bədii ədəbiyyatın imkanlarını nəzərə almaq zəruridir. Burada yüksək romantika olmalıdır, yazıçı, yeniyetmənin əlindən tutub onu müqəddəs hisslər aləminə aparanda bu uşağı daxilən zənginləşdirməli, düşünməyə sövq etməlidir”.(8, səh. 205)
Olduqca haqlı tənqidə məruz qalan bu tip problemlər uşaq nəsrinin inkişafına mane olur, onun dünya ədəbiyyatı ilə ayaqlaşmaq prosesini ləngidirdi. Lakin belə bir zamanda ədəbiyyata gələn yeni nəsil yazarlar janr baxımından hekayə və povestlərə üstünlük verərək, mövzu və məzmun etibarilə çağdaş əsərlər yazır, səciyyəvi obrazlar yaradır, uşaq ədəbiyyatını daha da zənginləşdirirdilər.
Sevindirici haldır ki, bu dövrdə yazarlar kiçik yaşlı oxuculara tam yeni, orjinal xarakterlər təqdim edirdilər. Bu yeni obrazlar öz hərəkət və davranışları ilə artıq hər bir kiçik oxucu üçün tədricən ideala çevrilirdi. İstər ədəbi nağıl qəhrəmanları, istərsə də müasir qəhrəmanlar öz oxucularının rəğbətini qazandı. Azman (“Cırtdanla Azmanın yeni sərgüzəştləri” – Z.Xəlil), Qəlbinur (“Qəlbinurun başına gələnlər” – Z.Xəlil), Kərəm (“Coğrafiya dərsində taxılan eynək” – Z.Xəlil), Əhməd, Şahanə (“Sehrli xalça” – Ə.Səmədli), Səməndər, İskəndər (“Artıq tamah” – Ə.Səmədli), Nargilə (“Yayda üşüyən qızın nağılı” – Ə.Səmədli), Akif, Tahir (“Peşmançılıq”, “Ən vacib məsələ” – N.Süleymanov) və s. kimi personajlar kiçik oxuculara örnək göstərilərək onların həyatda şəxsiyyət kimi yetişmələrinə yardımçı olurdular. Bundan başqa yazarların yaratdığı ədəbi nağıllarda uşaqlar nağıl qəhrəmanları ilə artıq yeni, tam müasir formatda tanış olmağa başladılar. Burada uşaqların çox qorxduğu Divlər, küpəgirən qarılar, siçanlar, cırtdanlar, qeyri-adi sehrli gücə malik olan metafizik qüvvələr – sehrli xalça, sehrli güzgü, sehrli üzük, Simurq quşu, ağ və qara qoçla yanaşı, kibrit çöpləri, vertolyot, televizor və müasir dövrün digər elmi nailiyyətləri birgə iştirak edir. Uşaqlar bu personajların köməyi ilə yaxşını pisdən, ədaləti zülmdən, xeyri şərdən seçə bilir, həyatda bütün nailiyyətlərə çatmaq üçün xeyirxah əməllər göstərmək lazım olduğunu dərk edirlər.
XX əsrin ruhunu və simasını müəyyənləşdirən elmi-texniki kəşflər uşaq ədəbiyyatında da fantastika janrının yaranmasına və inkişafına ciddi təkan verdi. Məhz bu du dövrdən (1970-80-ci illər) başlayaraq elmin inkişafını, texnikanın gələcəyini təsvir edən maraqlı əsərlər yaranmağa başladı.
Ümumiyyətlə, qeyd edə bilərik ki, 70-80-ci illər uşaq nəsri istər janr, istərsə də, mövzu və məzmun xüsusiyyətləri baxımından olduqca rəngarəngdir.
ƏDƏBİYYAT
1.Əlişanoğlu Т. Azərbaycanın yeni nəsri. – Bakı, 1999
2.Vurğun S.. Əsərləri, III c. – Bakı: Elm, 1972
3. Əfəndiyev İ. ”Bizim sevincimiz”, “Azərbaycan” jurnalı №2, 1955
4. Məcnunbəyov C. «Dramaturgiya və teatr». – «Ədəbiyyat və incəsənət» qəzeti, 1953 14 noyabr
5. Qarayev Y. Meyar – şəxsiyyətdir. – Bakı: “Yazıçı”, 1988
6. «Azərbaycan» jurnalı №3, 1970
7. Əliyev A. Ədəbiyyat və həqiqət. – Bakı: “Maarif”, 1990
8.Babayeva Ə. Yaradıcılıqda güzəştə yer yoxdur. – «Azərbaycan»jurnalı №5, 1976. – səh. 205
РЕЗЮМЕ
ПРОБЛЕМЫ ГЕРОИЧЕСКИХ ОБРАЗОВ В ДЕТСКОЙ ПРОЗЕ
В данной статье исследуются героические обрвзы в Азербайджанской детской прозе 1970-80-х годов и анализируется его стадии развития.
SUMMARY
CHARACTER PROBLEMS OF CHILDREN’S PROSE
In this article the influence character problems of Azerbaijan children’s prose in 1970-80, analysis growth stages of this prose in – story, tale, literary story.