Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
*****
Dünyanın yeriyən ağaclarıyıq
Bahara həmişə çatar əlimiz
Dünyanın yeriyən ağaclarıyıq
Bir yaşıl yarpaqdır hər əməlimiz
Palıdlar da bir az əfəldir hələ
Onların yanında çox zirəyik biz
Dumanlı, buludlu gündə də belə
Düşər yer üzünə düşər kölgəmiz
Bizim başımıza çıxmaq çətindir
Sallaşan tapılar ətəyimizdən
Bizi gövdəmizdən yıxmaq çətindir
Ancaq yıxılarıq ürəyimizdən
Torpaqda da olsa ayaqlarımız
Kök atıb qalxarıq əllərimizdən
Ağzı günə qalar budaqlarımız
Ağlımızda yuva qurular bəzən
Necə ki, necə ki dik dayanarıq
Yanarıq, olsa da dörd yanımız buz
Elə ağaclarıq höyüş yanarıq
Dünya yığışsa da yanmaz qurumuz
*****
Qaragözlüm,sığal çəkmə bu qədər
Yaman gözün,yaman olar qorxusu
Sevdiyinə ürəyini aç barı
Sevən qəlbin güman olar qorxusu
Söylə sənsiz bu dünyaya nə baxım
Qara olub hər açılan sabahım
Ürəyimdə ümid adlı pənahım
Qoruyuram,aman olar qorxusu
Məhəbbət də qəlbdə ikibaşlıdı
Sevənlərin hələ gözü yaşlıdı
Sevgi yolu kəsəklidi,daşlıdı
Olsa-olsa duman olar qorxusu
Biləydim nədəndi
Elə hey gələndi,gedəndi yollar
İnsanlar elə hey tələsir,qaçır
Ancaq sonralardan xəbərin ola
Deməyin şairlər durub fal açır
Biləsən ha yanda yolların uçrum
Biləsən on addım,yüz addım qabaq
Kimin bərəsinə düşəcək ovun
Kimlər qismətindən qala yapacaq
Biləsən tülkünün bəyliyi haçan
Biləsən nədəndi bu olacaqlar
İnana biləsən ömründən uçan
Günlərin geriyə qayıdacaqlar
Bəxtinə yazılan o hansı qızdı
Biləsən lap elə doğulan günü
Gözlərim neçə yol yolunu azdı
Yalqız gecələrə çəkdi ömrümü
Qardaş irəlidi axı qarından
Axı bu dünyada ağ elə ağdı
Adam var doymadı yerin varından
Uçalıb göyün də südünü sağdı
Hardasa sevgilər ağ günə çıxdı
Hardasa sevinc var-ağlağan uşaq
Mən bir vaxt gözümü torpağa sıxdım
Yerində bənövşə bitmədi ancaq
Dedim dağlar mənə qar payı saxlar
Bulaqlar səsimə səs verər mənim
Biləydim nədəndi bu olacaqlar
Biləydim hayana yan alır gəmim.
Bir də gördük
Başı qatıb “baş üstəmiz”,”bəlimiz”
Bir də gördük ocaq üstə süd daşıb
Bir də gördük cib kəsəndi əlimiz
Bir də gördük ürəyimiz daşlaşıb
Bir də gördük bir əkən var,min yeyən
Bir də gördük çib cuvaldı,cuval-çib
Cayır kimi çoxalıb baş girləyən
Bir də gördük şum yerində söz bitib
Bir də gördük əyri çəkir tərəzi
Adam baxır,kirpiyində yaş yanır
Haqqdan gəlir yox sözünün qərəzi-
Bir də gördük quru qalıb yaş yanır
Bir də gördük çüçə çıxdı faladan
Bir də gördük papağımız tərsinə
Gözümüzün qabağında kal adam
Gecə-gündüz aş bişirir nəfsinə
Elə bildik əl-iş tutan iş görür
Nə biləydik min döngə var, min dalan
Adam var ki, yuxusunda daş görür
Adam var ki, damağında dəyirman
Bəsdi daha qurda verdik quzunu
Toz elədik, bu bulağın gözünə
Tez ol, silək bu güzgünün tozunu
Tez ol, tez ol bir əl gəzdir özünə…
İmtahan verirəm
Mən ki möcüzəyəm başdan binadan,
Həyatın min cürə sirri var məndə.
Belə doğulmuşam,belə anadan,
Belə qalacağam böyüyəndə də.
Mənə gizli qaldı çox şey demədim,
Bir ömür yaşatdım sevgi adında.
Nə yaxşı uşaqkən “malış” yemədim,
Yoxsa boğulardı istedadım da.
Həsrətli yolları yoranlar oldu,
Gözlədim.”Bənövşə bəndə düşmədi”
Nahaqdan üzümə duranlar oldu,
And içən adamlar anda düşmədi.
Fikir də dustaqdır,sən işə bir bax,
Hər kəlməm üzümdə yanan şillədi.
Mənim şeirlərim özümdən qabaq,
Hardasa hədəfə dəyən güllədi.
Yüz ildir içimdə daşlaşır kinim,
Qardaşım üzümə ağ olur demə.
Hələ bilməyirdim,əsil düşmənim,
Mənim öz içimdə doğulur demə.
Özüm kəsilmişəm,özümə qənim,
Hər gün kədər yeyir,qəm udur məni.
Ən böyük düşmənim dilimdir mənim,
Tək onun xətası qorxudur məni.
Az-azdır insaflı,ürəyiyuxa,
Ana da üz tutmur balaya ,vallah
Haqqa yalvarmağın xeyri yox daha,
İş keçib “dayı”ya,”xala”ya vallah.
Torpağın altında qalan köz kimi,
Qeyrətim içimdə boğulur indi.
Sevgi də zor ilə gələn söz kimi,
Tanışlıq gücünə doğulur indi.
Kal söz şillə kimi dəyir üzümə,
Ürəyimdə qorxu,gözlərimdə nəm.
İmtahan verirəm özüm-özümə,
Gah qiymət alıram,gah kəsilirəm.