1391757_1403855233180811_1376804781_a

Bir şair kimi Rafiq Yusifoğlunun orijinallığı onun istəyindən yox,həyata və hadisələrə poetik münasibətindən doğan təbii bir keyfiyyətdir.Ənənəvi mövzuları qələmə alanda onun öz səsi,öz nəfəsi, öz münasibəti dərhal gözə dəyir.O,məlum hadisələri şeir dilinə çevirərkən başqalarının işlətdiyi naxışları təkrar etmir:

Ağaclar,quşlar
məni görəndə
sevinir;
Baltam,silahım
yoxdu axı əlimdə?!
Meşə mənə
“xoşgəldin” eləyir,
sevgi kükrəyir
könlümdə…

Şairin yaradıcılığında Vətənin ikinci adı ,simvolik mənası olan peyzaj və ya təbiət lirikası da əzəli yerlərdən birini tutur.Bu baxımdan onun “Ana torpaq”, “Meşədə”, “Yarpaq verir”, “Sanki meşə gözəlləşib” və s. şeirlərini misal göstərmək olar.Müəllifin “Ana torpaq” adlı şeirində oxuyuruq:

Gözlərimdə
şimşəklər çaxdı,
Görəndə gözlərinin
dolduğunu.
Torpağa
analarımızı
tapşırandan sonra
dərk elədik
Torpağın ana
Olduğunu!

-misal gətirdiyimiz bu təbiət şeiri təbiətin bir möcüzəsi olan torpaq haqqında gözəl,poetik bir lövhə olmaqla yanaşı, həm də insana qayğını da özündə əks edir.
Şair,dənizin gözəlliyini ön plana çəkərək lirik şeirlərində onun füsunkar gözəlliyindən danışır,onun ən adi dalğasını belə mənalandırır.Ona elə boyalar,elə çalarlar seçir ki, o misraları oxuduqdan sonra dəniz haqqında yenidən düşünməli olursan, onun hər bir dalğasında,nərəsində bir Vətən sözünün yazıldığını duyursan.Belə şeirlərə misal olaraq “Dənizlə görüş” şeirini göstərmək olar:

Qəlbimin sirdaşı dəniz
Sənsiz yaman darıxmışam
Elə bil dalğalarının
Üstündə uçan bir quşam.

R.Yusifoğlu bu gün də coşqun poetik ilhamla yazıb-yaradan şairlər içərisində özünəməxsus yer tutur.