250px-Zərdüşt_Şəfi

“Nakam şairləri unutmayaq” layihəsi çərçivəsində

TƏRCÜMEYİ-HAL

Zərdüşt Şəfi 1986-cı ilin 19 noyabr tarixində Qəbələ rayonunun Bum qəsəbəsində ziyalı ailəsində dünyaya gəlmişdir. 2006-cı ildə Xəzər Universitetinin jurnalistika fakültəsinə daxil olmuş və 2010-cu ildə həmin fakültənin məzunu olmuşdur. 2005-ci ildən etibarən hekayə və esseləri dövrü mətbuatda dərc olunmağa başlamışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Mədəniyyət və Turizm Nazirliyinin və Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin 2008-2010-cu illərdə məsul katibi və fəal üzvlərindən biri olub.
2009-cu ildə Bizim Yol qəzetinin keçirdiyi sorğuya əsasən, “İlin gənc yazıçısı” mükafatı ilə təltif olunmuş, gənclərə dəstək məqsədi ilə verilən birillik prezident təqaüdünə layiq görülmüşdür. 2012-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin ilin gənci fəxri adına layiq görülmüş, 2012-ci ilin 3 avqust tarixində Bakı şəhərində qan xərçəngi xəstəliyindən vəfat etmişdir. 2011-ci ildə nəşr olunan “Başqa adamlar” kitabında müəllifin son beş ildə yazdığı hekayələr toplanıb. Zərdüşt Şəfizadə hekayə və essələrindən əlavə həm də bir çox şeirlərin, bir tamamlanmamış və iki yarım qalmış romanın müəllifidir.
Zərdüşt Şəfinin özü barədə olan fikirləri:1986-cı ildə (özümdən aslı olmayan səbəblərlə) doğulmuşam. Nə vaxt öləcəyim hələ dəqiq məlum deyil. Bir dəqiq bildiyim var: yolum uzundu, yüküm ağırdı! Dünyaya gələrkən heç kimlə heç bir şərtlə müqavilə bağlamamışam. Yeganə bağlılığım YARADANladı – bir tək onu tanıyıram bu dünyada qalan hər kəs və nəsnə şərtidi. Hər yaşdan dostlarım çoxdu. Hər birinin özünə görə hörməti var. Onlar varlığımın bənzərsiz şahidləridi. Mən də onların şahidlərindən biriyəm. Ən pis xüsusiyyətim ən yaxşı xüsusiyyətimlə bağlıdı: pisliyi də yaxşılıq kimi qətiyyən unutmuram!

ŞAİRİN ÖLÜMÜ

Eynən qatarların vəziyyətindəyəm.
Onlarçın qandal relslərdən çölə,
azadlığa çıxmağın bircə yolu var – QƏZA!

SALAM SARVAN

Kim unudub məni yol ayrıcında-
gəlsin qucaqlasın,
gəlsin aparsın…
Bu ömrü yolundan çıxarar qəza-
gəlsin qabaqlasın,
gəlsin saxlasın…
Mən ölümə gedən adamam, adam-
yadlara doğmayam,
doğmaya yadam…
Bir göyərçin gəlib, əlimə qonub
Əlimdə bir yuva salıb göyərçin,
Uçub getməyəcək, mənim olacaq,
Sevinib, əlimdə qalıb göyərçin,
yellədə bilmərəm əlimi daha-
əllərim göyərçin yuvalarıdı-
qatarlar aparsa əzizlərimi…
Üzündə əl izim qalıbsa, gülnar,
məndə əl qalmayıb,
sil izlərimi…
Bağışla ömrümü,
uzun gecədi-
Bir say ulduzları, bax gör neçədi?
Bildir Günəşimə, səs sal Ayıma,
Bir gecə qısqanıb məni dənizə
ölüm at ömrümə-
zəhər çayıma…
Mən o gün biləcəm-
O gəlib bizə…
Mən o gün dönəcəm düz kəndimizə…

TƏLƏSGƏN!

Özümdən çıxmışam,
mən yoxam daha,
ruhumun həmdəmi,
üfüq xəttimsən-
mən sənə gəlirəm, özümdən keçib!

Sənə çatmaq çətin
ələ keçməzsən,
neyləsəm-
əlimdə bir boşluq qalar!

Uzanar, qıvrılar, yollar dolanar,
zaman susar qumda ayaq səsindən,
ancaq bu bədəni tanıyan bilər-
neyləsəm, qan iyi gələr nəfsimdən,
ağlayar içimdə əlacsız ruhum-
neyləsə, üzümdə bir şeytan gülər…

Yalnzliq olarsa əzab çəkdiyim
oxuyar dodaqlar səssiz duasın-
la ilahə illəllah- deyə bitər təkliyim…

* * * * *

Əlini uzat,
bu ağ kağıza
barmaqlarından axacaq sətir-sətir sözlər…
Sən heç şeir yazdınmı?

Gözlərin susur,
kipriklərinə tökülmüş
alın yazının qalıqları
danışacaq indi-
Sən heç qar olu byağdınmı?

Uzaqda üfüq xəttində
qıp qırmızı bir od parçası var,
neçə min ildi yanır-
kimisevir
heç kim bilmir,
bilməyəcək…
Sən heç şair sevdinmi?

* * * * *

Susub,
içimdəki Günəş də susub,
susur gözümdəki ümidin səsi..

Bir günəş axşamı,
günəş sabahı
tutub silkələsəm bu məmləkəti-
qar yağar səmadan,
qar çıxar yerdən,
hər tərəf qar kimi ağın yurdudu…

Mənə qar nə lazım,
Ağı sevmirəm.
Mənə qaranlıq bir guşə gərəkdi…

Mən qara torpaqlar,
qara mayelər,
qara sevdaların yurdundan gəldim,
Mən qara-adamam,
Mən qara adam.

Bir uzaq meşədə unudun məni,
şaxtadan ağarsın-əlim,
ayağım,
Bir az da qar sürtüm dodaqlarıma-
Olum qar-adam…