Möhtərəm poeziya həvəskarları!
Hamınıza yaxşı məlumdur ki, SSRİ adlı möhtəşəm bir dövlət dağıldıqdan sonra, xırda məmləkətlər müstəqillik əldə edib, özəl həyata qədəm qoydular. Bütün bunlarla bərabər iqtisadiyyatda çətinlik və gərginliklər yaranmağa başladı. Elə məhz həmin gərginliklər müxtəlif millətlərdən olan insaları təsbeh muncuqları kimi, dünyanın dörd bir tərəfinə səpələdi. Onlardan biri də bizlərik. . .
Uzaqlıq, qürbət anları ürəklərimizdə elə dərin nisgillər qoyub ki, hər dəfə sevincimizdən sonra,qəlbimizdən kədər, qəm məqamları da sovuşub. Mənə elə gəlir ki, ən yanqılı həsrətlər, ayrılıq notları qürbətdən vətənə havalanan ürək təşnələridir. Bu təşnəlik poeziya və şeiriyyətlə həmqəlb olan insanlarda daha qaynar, daha da coşğun olur.
Çünki, poetik adamlar hər zaman cəmiyyətin ağrılarından doğan könül sarsıntılarını, vicdan hayqırtılarını millətə, xalqa çatdırmaqda özlərini borclu sayırlar. Bu ədəbiyyatın və poeziyanın məqsəd və məramıdır.
Əlimdə şairə İradə Əlilinin 2013 – cü ildə Bakıda nəşr olunmuş “ Mənim sevgi dünyam “ adlı şeirlər kitabını vərəqləyirəm. Şairə mənim kimi vətəndən uzaqlarda yox, vətənimizin paytaxtı Bakı şhərində yaşayır və yaradıcılıqla məşğul olur. Elə ona görə də şairə İradə xanım Vətən və torpaq həsrətindən deyil, məhəbbətin və eşqin insan qəlbində yaratdığı yanqılı ehtizazlardan söhbət açır, oxucusunu öz yanar eşqinin pərvanəsinə çevirməyə sövq edir.
Kitabın içindəki şeirlər bütünlüklə bir sevgi coşğusu, bir sevda fırtınası və bir acı sevgi hayqırtılaıdır.
Sevirsənsə, məni sev həmişəlik!
Uyma yad baxışa, özgə gülüşə.
Hissini qəlbində saxla ömürlük
Qoyma mən atım yalan görüşə.
Ürək titrədən sevgi həsrəti, saf eşqin coşğun tərənnümü, torpağa bağlılıq İradə Əlilinin qələmə aldığı sətirlərin yönəmi və nəfəsidir.
Mən yüzlərlə şeir kitablarını mütaliə edirəm, lakin şairə İradənin şeiriyyətdə məhəbbət və eşqin yanqılı təsvirini qəlbin sücgəcindən təşnəcəsinə keçirən şairlər çox azdır desəm yanılmaram.
Hər kəsə bir tale yazı yazılıb,
Ömrümdən ömrünə şikayətim var.
Sənin bu sevdana məzar qazılıb,
Olan acılara dəyanətim var.
Dərdlərinə ortaq olum deyirsən,
Mən sənə qayıdacağam !?
Ayrılıq yollarının nə qədər keşməkeşli olduğunu öz aşiqinə işarət edən şairə düşüncələrini oxucuya belə nəzm edir :
Dərin düşüncələr apardı səni,
Özünü itirib hara gedirsən?
Gedişin yandırdı məndəki məni,
Uzaq sevda yolun. Sən ki, bilirsən.
Kədərinlə paylaşaraq deyirsən,
Mən sənə qayıdacağam!?
İradə Əlilinin kitabda cəmlənmiş şeirlərindən biri də “ Gərək öyrətməzdin” başlığı altında olan şeirdir. O yazır:
Saçım əllərinin tumarın istər,
Sözüm gözlərinin odlu mehrini.
Əlim ovucunda isinmək istər,
Sözüm sözlərinin şirin mehrini.
Həsrət qalırdımsa ayaq izinə,
Gərək öyrətməzdin məni özünə!
Ürəyinin sevgi atəşindən alovlanan hisslər, bütövlükdə şairənin yaradıcılığına işıq saçır,sətirlərinə can verir və onun poetikasında rəngarənglik yaradır . İlahi sevgi və həsrət duyğuları, yağış damlaları kimi birləşib poeziya axarına çevrilir, şairənin daxili dünyası oxucunu istər-istəməz öz aləminə məftun edir.Onun daxili dünyası vətənə, anaya,doğma torpağa olan sevginin təzahürüdür. Keçən il işıq üzü görmüş “Mənim sevgi dünyam” şeyirlər toplumunda oxucuların ixtiyarına verilmiş poetik nümunələr həssas qadın ürəyinin sevgi ilə alışıb yanan, istək və arzularından doğan poetik düşüncələrin nəzmə çəkilən təzahürüdür. Kitabda sevgi ilə yoğrulub, sevgi ilə ərsəyə gətirilmiş yeni deyimli, yeni poetik çalarlar,şairənin ürəyindəki niskilin oxucularla görüşə gələn ilk nişanələridir.Allahın göylərdən yerə göndərdiyi nurlu yağış damcıları şairənin tükənən arzularının üzərinə su səpir, onların ömrünü uzadır, onun illərdən bəri yığılıb qalmış kədər və niskilini saflığı və təmizliyi ilə yuyub aparır. Bu hikmətdən təsirlənən şairə belə yazır.
Yağış yağır, həsrətimin yağışıdır,
Bu həsrətin pəncərəmdə izi qalır.
İradə Əlilinin yaratdığı sevgi dolu, həsrət dolu poeziya nümünələri, rəngarəngliyi və bənzərsizliyi ilə seçilən xırdaca bir qalaktikanı xatırladır. Buradakı ulduzların azacıq seçilə bilən parıltısı isə çox uzaqlardan görünməkdədir.İnanıram ki, zaman ötdükcə İradə xanımın şeiriyyət ulduzu dahada parlayacaq, qədirbilən oxucularını əsrarəngiz gözəlliyi ilə özünə daha da məftun edəcəkdir.
Vətən torpaqları müqəddəsdir, əzizdir; O yad torpaqlarda özüm gəzsəm də,
Ruhumun qidası torpağımdadır.
deyən şairə ruhən vətən torpaöına bağlı olduğunu, bu torpaqların həmişə ruhunun qidqsı olduğunu göstərir.İradə xanımın könü dünyası əsil sevgi təşnəsidir,sevgi dəryasıdır və həmin təşnə ucsuz-bucaqsız bir okeana bənzəyir. Ümid edirəm ki, bu okeanın dalğaları poeziyamıza, şeiriyyətimizə eşqlə dolu bahar nəfəsi və yaz havası gətirəcəkdir.
Bu enişli-yoxuşlu yollarda və yaradıcılıq axtarışlarında İradə xanıma uşurlar və zirvələr arzu edirəm.
Vasif MƏMMƏDOV.
“Şəhriyar” ədəbi-mədəni cəmiyyitinin sədri,
Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasının üzvü.