İlkin ABBAS (Abbasquliyev İlkin Qadir oğlu) dekabr ayının 8-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı orta məktəb illərindən başlanmışdır. Şairin “Ana dili” adlı ilk şeiri 2010-cu ildə Naxçıvan redaksiyasındakı qəzetlərdən birində dərc olunmuşdur.. Orta təhsilini Naxçıvan şəhərindəki Hüseyn Cavid adına orta məktəbdə aldıqdan sonra Türkiyə Cumhuriyyətinin Bursa şəhərində yerləşən Uludağ Universitetinə daxil olmuşdur. Gənc Şairin bəzi şeirləri ilə tanış olaq :
ANA
Məni bu dünyaya gətirən gündən,
Şirin xəyallara daldın, anacan.
Gözünün nurunu içirib mənə,
Gecələr yuxusuz qaldın, anacan.
Layla sədasıyla verib yuxuya,
Gözünün işığı bildin sən məni.
Sənə olan sevgi sözlə deyilməz,
Qələm acizdir ki vəsf edə səni.
İstərəm nə qədər ömrüm var mənim,
Həyata keçirim hər bir arzunu.
Nə qədər çalışıb vuruşsam yenə,
Qaytara bilmərəm sənin borcunu.
Anacan, fərəhlə bax gələcəyə,
Qoymaram qəm-kədər qəlbini oya.
Qarşında diz çöküm, sən icazə ver,
Öpüm əllərindən mən doya-doya.
Məni bu dünyaya gətirən gündən,
Şirin xəyallara daldın, anacan.
Gözünün nurunu içirib mənə,
Gecələr yuxusuz qaldın, anacan.
Əlvida Demədən Çıxıb Gedəcəm
Sən mənim ömrümə dərd gətirmisən,
Bir gün ildırımtək çaxıb gedəcəm.
Bulaqtək gəlmişdim ömrünə sənin,
Bir gecə səssizcə axıb gedəcəm.
Nə üçün ömürdə hər gün sarsılaq,
Dedim gəl bu eşqə bir əlac qılaq,
Səninsə son sözün oldu – ayrılaq,
Əlini əlimə sıxıb gedəcəm.
Sən gəldin ömrümə kəsildin qənim,
Oldun başım üstə dumanım, çənim,
Necə ki qəlbimi yandırdın mənim,
Qəlbini yandırıb, yaxıb gedəcəm.
Göylərə ucaldı qəmim, imdadım,
Kimsəyə yetmədi nalə-fəryadım,
Dilində olsa da tək mənim adım,
Sənə xəyal kimi baxıb gedəcəm.
Vağzalı
Vağzalı çalınır yenə bu gecə,
İki sevən ürək qovuşur bu gün.
Məhəbbət oxunur cüt gözlərindən,
Sevgidən ürəklər alışır bu gün.
Qoy Allah qorusun sizi nəzərdən,
Bəla uzaq olsun evdən-eşikdən.
Arzumdur Allahdan bir ildən sonra,
Körpə səsi gəlsin evdə beşikdən.
Gəlin ağ geyinib, su sonasıdır,
Bəy qardaşım əyləşibdir xan kimi.
Sevin sevilin siz həyatda qoşa,
Sevgi məhəbbətdir qəlbin hakimi..
İki gəncin toy günüdür bu gecə,
Sevgidən ürəklər alışır bu gün.
Məhəbbət oxunur cüt gözlərindən,
İki sevən ürək qovuşur bu gün..
Xoşbəxtlik ömrümdən, günümdən qaçıb,
Göylərdən intizar, qəm-kədər saçıb,
Bir gün ayrılığın qapısın açıb,
Əlvida demədən çıxıb gedəcəm.
BU ŞƏHƏRDƏN GEDİRƏM
Mən ölən sevgimə yas saxlayıram,
Həsrət üzür məni yaman əzizim.
Artıq olan olub, keçən keçibdir,
Yoxdur qovuşmağa güman, əzizim.
Xəyanət qəbimi göynətdi mənim,
İnana bilmədi gördüyünə göz.
Səninəm əbədi, bir ömür sənin,
Niyə vermişdin ki mənə yalan söz?!
Sənlə bu şəhərdə üz-üzə gəldik,
Onda baxışların yaman şirindi.
İndi o sevgidən əsər qalmayıb,
Ayrılıq yarası demə dərindi…
Sevgimi sən vara, dövlətə satdın,
Özünə eylədin zərər, ay üzlüm.
Sevgi qiymətlidir dünyadan belə,
Anlasan bilərsən əgər ay üzlüm.
Xoşbəxtsən, bilirəm yad ocağında,
Gülərüz açırsan hər bir səhəri.
Sənsiz ürəyimdə tək sənin adın,.
Daha tərk edirəm mən bu şəhəri…