10487043_1428299980787255_1081544755_n

Möminin ən əsas xüsusiyyətlərindən biri bağışlaya bilməsidir. Bağışlaya bilməyən insanlar isə qəlblərindəki qəzəbin qaranlığında qalmış insanlardır….
Rəbbimiz insanlar üçün həzz alacaqları nemətlər yaradıb. Ancaq insanların böyük əksəriyyəti mənfi xüsusiyyətləri və davranışlarına görə bu nemətlərdən uzaq qalırlar. İnsanların mənfi xüsusiyyətlərindən biri də bağışlaya bilməməkdir. Əksər insanlar bağışlaya bilmədiyinə görə öz əli ilə özünü dünyanın bir çox nemətindən məhrum edir.
İnsanların bir-birlərini bağışlamasına mane olan hisslər arasında ən təsirlisi, şübhəsiz ki, kin və qəzəbdir. Xüsusilə də əgər insan qəzəblənməkdə özünə haqq verirsə, belə olan halda, həmin insanın qəzəbini cilovlayıb qarşısındakını bağışlaması daha da çətinləşir. İnsanın özünə haqq qazandırması çox vaxt qarşı tərəfin, həqiqətən, böyük səhv etməsindən qaynaqlanır. “Mənə qarşı necə belə şey edib?” “Necə bu qədər düşüncəsiz, eqoist, ağılsız ola bilər?” kimi qarşı tərəfin, həqiqətən, pis davranışlarına əsaslanan haqlı nəticələri bu insanların qəzəblərini daha da artırır.
Halbuki, burada nəzərdən qaçan çox mühüm xüsus var: əlbəttə, insan qüsurlu varlıqdır. Həyatının sonuna qədər heç səhv etmədən yaşaması mümkün deyil. Allah bir çox hikmətlə insanı səhv edəcək şəkildə yaratmışdır. Ona görə, insanın qarşısındakı şəxsin ömür boyu heç səhv etməməsini gözləməsi yanlışdır. Dünyanın ən mükəmməl, ən gözəl əxlaqlı şəxsi də insandır. Allah onu aciz yaratdığına görə, təbii olaraq unudacaq, səhv edəcək.
Ancaq bir insan, həqiqətən, xoşniyyətli, səmimi və dürüstdürsə, səhvini düzəltmək üçün əlindən gələni edər. Ona görə, insanı dəyərləndirərkən onun heç səhv etməməsini gözləmək və səhv etdikdə də dərhal onu həyatından silib atmaq düzgün ölçü deyil. Əksinə, aciz varlıq olduğunu unutmamaq, səhv etdikdə də səhvini nə qədər səmimi şəkildə düzəltməyə çalışdığına baxmaq lazımdır. Əgər səhv edən insan səhvini düzəltmək və qarşı tərəflə münasibəti yoluna qoymaq üçün çalışıb əlindən gələni edirsə, onu bağışlamaq gözəl əxlaqdır.
Cəmiyyətdə qəlblərindən heç cür silə bilmədikləri kin və qəzəb hisslərinə görə bir-birlərini bağışlamayan, hətta məhz buna görə ən çox sevdikləri adamlardan belə ayrı qalan bir çox insan var. Məhz bağışlaya bilmədiklərinə görə sevməkdən, sevilməkdən, dostluqdan, yaxınlıqdan, sirdaşlıqdan, sədaqətdən, vəfadan, hörmətdən tamamilə məhrum olmuş həyat yaşayırlar.
Nəfs qürur adı altında insanları bir-birlərini bağışlamaqdan, güzəştə getməkdən, anlayışlı davranmaqdan, bir-birlərinə etibar etməkdən, hüsnü-zənn etməkdən, xoş niyyətlə, sevgi və mərhəmətlə yanaşmaqdan uzaq qoyur. İnsanlara qüruru müqəddəs (Allah`ı tənzih edirik) və təqdirəlayiq xüsusiyyət kimi göstərir, onları qürurlarından dönməməyə təşviq edir. Bağışlayan insanı alçalacağına, ağılsız vəziyyətdə qalacağına, məğlub olacağına inandırır. İnsanlar da nəfslərinin bu təlqinini dinləyir, qürurları kin və qəzəb hisslərini daha da artırır.
Halbuki, bağışlamaq kin bəsləməkdən də asan, rahatlıq verən, bərəkətli, gözəl duyğudur. İnsan 100% haqlı olduqda belə, bağışlayarsa, çox dərin rahatlıq, sevinc hissi yaşayar. Ona qəlbində bu gözəl hissləri yaşadan isə ancaq Allah`dır. Allah Onun rizasına uyğun davranan, nəfsinin təlqinlərinə baxmayaraq yaxşılıq etməyi seçən qullarına Öz dərgahından lütf edir. Bağışlaya bilməyən insan hər gün, hər saniyə qəlbindəki kin və qəzəbin əzabını, sıxıntısını keçirir: “Görəsən, bağışlamalıydım?” -deyə düşünərək mənəvi əzab və peşmançılıq içində yaşayır. Bağışlaya bilən insanlar isə gözəl əxlaqları ilə sevgi, hörmət, dostluq qazanırlar.

“Qoy, aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. Qoy, əfv edib bağışlasınlar. Məgər siz Allah`ın sizi bağışlamasını istəmirsinizmi? Allah bağışlayandır, rəhmlidir.”(Nur surəsi, 22)

“Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!” (Maidə surəsi, 13)