nazkowe

Yaxın Şərqdə son dövrlərdə artaraq davam edən məzhəb təəssübkeşliyinin nəticəsi olaraq meydana gələn şiddət, zorakılıq ilk dəfə son həddə çatıb. Eyni dinin eyni ortaq təməl dəyərlərinə inandıqları halda, İslamı fərqli şərh edən məzhəblərin öz aralarındakı münaqişələri, əlbəttə, qəbuledilməz haldır. İslam aləmində bu cür sevgisizlik və münaqişə ab-havası İslama ziddir. Bununla yanaşı, ortaya çıxan mənzərə həm bölgə, həm də dünya üçün böyük təhdiddir.
Bəzi strategiya mütəxəssisləri Orta Şərqdəki məzhəb münaqişələrinin bölgədəki diktatura rejimləri ilə aradan qaldırılacağını düşünərək yanılırlar. Bu fikir qəbuledilməzdir. Aydındır ki, bu diktaturalar şiddəti aradan qaldırmaqdan çox şiddəti şiddətlə yatırmağa çalışan, dərin dövlət terroru və mafiya metodları ilə insanları ifrat radikallığa sürükləyən ən ağılsız, ən qəddar sistemlərdir. Bu təzyiq sistemi insanları daha dərin kin, nifrət və sevgisizliyə sürükləyir, hətta şüuru tamamilə örtülən insanların terroru dünya ictimaiyyətinə tətbiq etməsinə səbəb olur.
Halbuki, dünyada şiddətin qarşısını alan qüvvə bütün insanların fitrətində olan sevgi, şəfqət və mərhəmət kimi duyğuların, inananlar üçün üç böyük dinin kökündə olan mənəvi dəyərlərin ön plana çıxarılmasıdır.
Quranda insanlar elmə, tədqiqata, kainatı tanımağa, düşünməyə, oxuma-yazmaya təşviq edilir, habelə, bir məsum cana qəsd etməyin bütün bəşəriyyəti məhv etməyə bərabər olduğu bildirilir. Odur ki, bir terror təşkilatının İslam adı altında cinayət törətməsi, münaqişə yaratması İslam əxlaqına uyğun deyil. Bu cür yanlışların izah edilməsi və bütün dünyaya həqiqi İslamın tanıdılması çox vacibdir.
Münaqişələrə səbəb olan xurafatçılar dində olmadığı halda şiddəti dinə əsaslandırırlar. Halbuki, şiddətin mənbəyi ancaq bu insanların xurafatçı düşüncələridir. Həqiqi İslam sülh, əmin-amanlıq və qardaşlıq dinidir. Ona görə də şiddətin qarşısını almaq üçün, əvvəlcə, xurafatçılıq aradan qaldırılmalı, bu yanlış məntiq dəyişdirilməlidir.
Saf vəhyə əsaslanan İslam xurafatçılıqdan fərqli olaraq ultra modern həyat tərzidir. Allah biz müsəlmanlardan dünyada cənnətə bənzər model formalaşdırmaq üçün çalışmağımızı istəyir. Hər şeyin ən yaxşısını, ən gözəlini hədəf seçməyimizi istəyir. Vicdanlı, sevgi dolu, şəfqətli, mərhəmətli, nəzakətli, baxımlı, təmizlikdə ən qabaqcıl olmağımızı əmr edir. Sosial ədalətin, bərabərliyin ən mükəmməl tətbiqi İslamda var.
İslam dinində heç kimə təzyiq olunmaz. Heç kimin inancına qarışılmaz, təzyiq və məcburiyyət olmaz. Elmin ən yüksək səviyyəsi, incəsənət, estetika, musiqi, rəssamlıq, heykəltəraşlıq İslamda var. İslam Allah sevgisidir, gözəl əxlaqdır, dostluqdur, ağıldır, keyfiyyətdir, təmizlikdir, azadlıqdır, sülhdür, əmin-amanlıqdır. İslam dünyanı aydınladan işıqdır.
Bu gün sadəcə Misir, Suriya, Mərakeş, Tunis, Əlcəzair deyil, bütün İslam ölkələrinin səhabə İslam anlayışına – yəni ultra modern, həqiqi İslam modelinə ehtiyacı var. Ölkəmizdə də gənclik artıq xurafatçılığı deyil, keyfiyyətli müsəlman anlayışını görmək istəyir. Xurafatçılığın qaranlıq fikirlərinə fikrən qarşı olan, müasir İslamı mənimsəyən nəslin olması çox yaxşı irəliləyişdir. İnşaAllah, İslamla heç bir əlaqəsi olmayan xurafatçılıq haqqında insanların məlumatı artdıqca illərdir müsəlmanların əzilməsinə, əziyyət çəkməsinə səbəb olan bu oyun tamamilə pozulacaq. Gözəl dinimiz İslamın insanlara təqdim etdiyi gözəlliklər səmimi istək və sevinclə mənimsənəcək.