kosssse (1)

Bu gün qabaqcıl təkamülçülər belə bitki və heyvan seleksiyasını təkamül nəzəriyyəsinə sübut olaraq qəbul etmirlər. Lakin bəzi təkamülçülər bu iddialardan əl çəkməməkdə qərarlıdırlar. Ona görə də gəlin bu mövzunun təkamül nəzəriyyəsi ilə əlaqəsi olmadığını elmi dəlillərlə birlikdə araşdıraq.

Bitki sortlarının və heyvan cinslərinin seleksiyası Darvin təkamül nəzəriyyəsini ortaya atmazdan daha əvvəl insanlara məlum idi… İt, qoyun və inək kimi heyvanlar arasında ətlik, südlük və sürətlə qaçan cinslər əldə etmək üçün seleksiyaçılar xüsusi bir ardıcıllıqla bu prosesi həyata keçirərək daha faydalı cinslər yetişdirmişdirlər. Bunu edənlər isə təkamülçülər deyil, əksəriyyəti təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi olmayan insanlar olmuşdur. Bu adət 19-cu əsrdə elmi bir dayağa söykədilmişdir. Bunun səbəbi isə təkamülçülərin düşündüyü kimi təkamül nəzəriyyəsi yox, Mendelin kəşf etdiyi genetika qanunlarıdır. Mendel dindar, Allaha inanan, yaradılışı müdafiə edən və təkamül nəzəriyyəsinə qarşı çıxan bir elm adamı kimi məşhurlaşmışdır. Bəzi təkamülçülərin bitki və heyvan seleksiyasını təkamülün bir dəlili kimi göstərmək cəhdləri səthi bir məntiqə əsaslanır: “Seleksiyaçılar bir neçə nəsil içərisində fərqli cins heyvanlar əmələ gətirə bilirlər, elə isə milyonlarla il ərzində bütün növlər bir-birindən əmələ gələ bilər”. Ancaq bu məntiqin əsassızlığını bir neçə maddəylə izah etmək olar:

Heyvan və ya bitki növləri üzərində aparılan seleksiya işləri insanlar tərəfindən- xüsusi bir məqsədə görə ağıl sahibi insanlar tərəfindən şüurlu şəkildə həyata keçirilir. Ancaq təbiətdə belə bir şüurlu mexanizm yoxdur.

Ən vacibi isə budur ki, bu proses heç bir zaman müəyyən bir sərhədi keçə bilməz. Bu üsulla yeni canlı növləri meydana gətirilə bilməz. Darvinin yaşadığı dövrdə genetika bilinmədiyi üçün o, bitki və heyvan seleksiyaçılarının sərhədsiz dəyişmə həyata keçirə biləcəklərini zənn etmiş, amma bu fikir 20-ci əsrdə genetik araşdırmalar sayəsində çürüdülmüşdür. 20-ci əsrdə canlılar üzərində aparılan bəzi təcrübələr nəticəsində genetik dəyişməzlik (genetic homeostatis) qanunu elmə məlum olub. Bu qanun bir canlı növünü dəyişdirmək üçün həyata keçirilən bütün seleksiya işlərinin müəyyən bir sərhəddən kənara çıxmadığını göstərir, canlı növləri arasında keçilməz sərhədlər olduğunu sübut edir. Bunu süni seçmənin müxtəlif metodlarında daha ətraflı araşdıra bilərik:

Fərdi seçmə. Əgər insana hər hansı bir bitkidə müəyyən bir əlamət xoş gəlibsə, onda insan ona qarşı fərdi seçmə tətbiq edir, yəni:

1. O, bu bitkini öz-özünə tozlandırmaqla çoxaldır, beləcə arzu olunan əlaməti möhkəmləndirir.

2. Beləliklə insan saf xətlər alır.

3. Lakin saf xətlərdə homoziqotların sayı artdığından mutasiyaların da üzə çıxma ehtimalı çoxalır.

4. Mutasiyalar hər zaman zərərli proseslər olduğuna görə insan öz-özünə tozlandırmanı dayandırır, alınmış müxtəlif saf xətləri bir-biriylə çarpazlaşdırır.

5. Bunun nəticəsində alınmış nəsildə heterozis effekti (hibrid qüvvəsi) üzə çıxır (Heterozis- iki saf xəttin çarpazlaşmasından alınan nəsildə yüksək həyatilik qabiliyyətinin və dözümlüyünün meydana çıxmasıdır).

6. Lakin ikinci nəsildə heterozis zəifləməyə başlayır.

Gördüyümüz kimi, həqiqətən də canlılar müəyyən bir sərhəddən sonra dəyişməyə deyil, əksinə, öz orijinal vəziyyətinə qayıtmağa daha çox meyl göstərirlər. “Darvin Retried” (“Darvin Yenidən Mühakimədə”) adlı kitabın müəllifi Norman Makbet bu mövzuyla bağlı belə deyir:

“Problem canlıların həqiqətən də sərhədsiz bir ölçüdə variasiya (müxtəlifləşmə) göstərib göstərmədikləridir. Növlər hər zaman sabitdirlər, seleksiyaçıların əldə etdikləri müxtəlif bitki sortlarının və heyvan cinslərinin müəyyən bir nöqtədən sonra dəyişmədiyi, hətta hər zaman orijinal formalarına qayıtdığını bilirik…”1

Seleksiya mövzusunda dünyanın ən məşhur mütəxəssislərindən biri sayılan Lüter Berbank bu həqiqəti “bir canlıda meydana gələ bilən dəyişmə ehtimalının bir sərhədi vardır və bu qanun bütün yaşayan canlıları müəyyən olunmuş bəzi çərçivələr içərisində saxlayır”2 deyərək ifadə edir.

Variasiya nədir?

Variasiya genetika elmində işlədilən termindir və “müxtəlifləşmə” mənasını verir. Bu genetik hadisə bir canlı növü daxilindəki fərdlərin və ya qrupların bir-birlərindən fərqli xüsusiyyətlərə malik olmasına səbəb olur. Məsələn, yer üzündəki insanların hamısı, əsas etibarilə, eyni genetik məlumata malikdirlər, amma bu genetik məlumatın imkan verdiyi variasiya potensialı sayəsində bəziləri qıyıq gözlüdür, bəziləri sarışındır, bəzilərinin burnu uzun, bəzilərinin boyu qısadır.

Variasiya təkamülə dəlil deyil, çünki variasiya onsuz da mövcud olan genetik məlumatın fərqli cütləşmələrindən ortaya çıxır və genetik məlumata yeni xüsusiyyət qazandırmır. Təkamül nəzəriyyəsi qarşısında duran sual isə budur: tamamilə yeni növə aid yeni məlumat necə üzə çıxır?

Variasiya həmişə genetik məlumatın hüdudları çərçivəsində olur. Genetika elmində sözügedən hüduda “gen hovuzu” deyilir. Bir canlı növünün gen hovuzunda mövcud olan bütün xüsusiyyətlər variasiya sayəsində müxtəlif formalarda üzə çıxa bilir. Məsələn, variasiya nəticəsində bir sürünən növü daxilində digərinə nisbətən daha uzun quyruqlu və ya daha qısa ayaqlı cinslər meydana gələ bilər, çünki qısa ayaq məlumatı da, uzun ayaq məlumatı da həmin növün gen hovuzunda var. Amma variasiya sürünənlərə qanad taxıb, lələk əlavə edib, maddələr mübadilələrini dəyişdirib onları quşa çevirmir. Çünki bu cür çevrilmə canlının genetik məlumatında əlavələr olmasını tələb edir, lakin variasiyalarda belə vəziyyət baş vermir.

Darvin nəzəriyyəsini irəli sürdükdə bu həqiqəti dərk etməmişdi. Variasiyaların hüdudu olmadığını düşünürdü. 1844-cü ildə yazdığı bir məqaləsində “bir çox yazıçı təbiətdəki variasiyanın bir hüdudu olduğunu qəbul edir, amma mən bu düşüncənin əsaslandığı konkret səbəbi görə bilmirəm” demişdi. “Növlərin mənşəyi”ndə də müxtəlif variasiya nümunələrini nəzəriyyəsinin ən böyük dəlili kimi göstərmişdi. Məsələn, Darvinin fikrincə, daha çox süd verən inək cinsləri yetişdirmək üçün müxtəlif inək variasiyalarını cütləşdirən heyvandarlar nəticədə inəkləri başqa canlı növünə çevirə biləcəkdilər. Darvinin bu “hüdudsuz dəyişiklik” fikrini “Növlərin mənşəyi” kitabında yazdığı bu cümləsi ən yaxşı şəkildə ifadə edir:

“Bir ayı cinsinin təbii seçmə yolu ilə getdikcə daha çox suda yaşamağa uyğun quruluş və vərdişlər əldə etməsində, daha böyük ağıza malik olmasında və nəticədə bu canlının nəhəng balinaya çevrilməsində heç bir çətinlik görmürəm”3.

Darvinin bu cür iddialı nümunələr verməsinin səbəbi yaşadığı əsrin ibtidai elm anlayışı idi. Cerri Berqman “Təbii seçmə nəzəriyyəsi ilə əlaqədar bəzi bioloji problemlər” adlı məqaləsində variasiyanın daima müəyyən genetik hüdudlar daxilində meydana gəldiyini açıqlayan bioloq Edvard Diveydən sitat gətirərək belə şərh edir:

“Divey bu nəticəyə gəlmişdir: “Çarpaz cütləşdirmə metodu ilə çox mühüm nəticələr əldə edilmişdir… Amma nəticədə buğda yenə də buğdadır, məsələn, üzüm deyil. Donuzlarda qanad əmələ gətirməyimiz quşların silindirşəkilli yumurtlamaları qədər qeyri-mümkündür. Daha müasir nümunə son əsr ərzində dünyadakı kişilərin boyunda müşahidə edilən artımdır. Daha yaxşı qidalanma və yaşayış şərtləri sayəsində kişilər son əsr ərzində boylarının uzunluğu ilə demək olar ki, rekord qırıblar; amma bu boy uzunluğu artsa da, artıq dayanma həddinə çatmışdır. Çünki artıq genetik hüduda dirənmiş vəziyyətdəyik””4.

Qısacası, bitki və heyvanlar üzərində seleksiya işləri yalnızca bir növün genetik məlumatının sərhədləri içində meydana gələ bilən bəzi dəyişikliklərdir, amma heç vaxt növlərə yeni bir genetik məlumat əlavə etmir. Buna görə də, süni seçmə prosesi təkamülə nümunə göstərilə bilməz. Müxtəlif it, inək, ya da at cinslərini nə qədər cütləşdirirsinizsə cütləşdirin, nəticədə ortaya yenə də itlər, inəklər və ya atlar çıxacaq, yeni növ əmələ gəlməyəcək.

Danimarkalı elm adamı V.L. Cohansen bu mövzunu belə xülasə edir:

“Darvinin xüsusi vurğuladığı variasiyalar, əslində müəyyən həddən irəli gedə bilmirlər və bu səbəbdən variasiyalar “daimi dəyişikliyə (təkamülə) səbəb deyil”5.

Eyni zamanda müxtəlif növlərdən olan fərdləri cütləşdirsək də, meydana çıxan nəsil dölsüz olur, çoxala bilmir.

Bundan başqa, süni mutagenezlərlə də mikroorqanizmlərin funksiyasını pozaraq vitaminlər, amin turşuları, dərman preparatları, antibiotiklər, zülallar istehsal etmək mümkündür. Bu, insan üçün faydalı, lakin canlı üçün olduqca zərərlidir, çünki canlılar öz funksiyalarından başqa prosesləri həyata keçirməyə məcbur edilirlər. Belə ki, bütün mutasiyalarda DNT sintezində dəyişiklik yaranır, bu da bir qayda olaraq orqanizm üçün əlverişsiz olur və çox zaman onun ölümü ilə nəticələnir.

Poliploidlik. Əksərən bitkilərdə tətbiq olunur. Adətən, süni surətdə, məsələn kolxisin zəhəri ilə bitki hüceyrəsinin bölünmə vətərini dağıtmaqla əldə edilir. Bölünmə vətəri dağılmış hüceyrədə xromosomlar qütblərə çəkilə bilmədiyi üçün xromosom yığımı bir neçə dəfə arta bilir. Poliploid (xromosom yığımı artmış) hüceyrələr daha iri olur və daha çox hüceyrə şirəsi toplaya bilir, bu səbəbdən də, bitki daha iri olur və çox məhsul verir. Amma hər zamankı kimi, yeni növ ortaya çıxmır, əksinə bitkiyə zərər verəcək bir proses baş verir. Buradan bu nəticəyə gəlmək olar ki, insan özü üçün faydalı hesab etdiyi əlaməti seçir, amma bu, bitki üçün heç də faydalı sayıla bilməz.

Mənbələr:

1- Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Harvard Common Press, New York: 1971, s. 33

2- Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, s. 36

3- Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 184.

4- Jerry Bergman, “Some Biological Problems With the Natural Selection Theory”, The Creation Research Society Quarterly, vol. 29, no. 3, December 1992.

5- Loren Eiseley, The Immense Journey, Vintage Books, 1958, səh. 227; Norman Macbeth, Darwin Retried: An Appeal to Reason, Harvard Common Press, Boston, 1971, səh. 33.