“Biz nasistlər… barbarıq. Barbar olmaq istəyirik. Bu, şərəfli bir ünvandır və bununla dünyanı gəncləşdirəcəyik”
~ Adolf Hitler
Faşizmin 20-ci əsrə basdırıldığını zənn edən böyük qism insanların gözləri bir neçə il əvvəlin Breyvik terroru ilə açılmışdı. Əslində qərb dünyası çoxdandır ki, neonasizmin fərqində idi, lakin faşist təhlükəyə qarşı, demək olar ki, biganə qalırdı. Belə olduğu halda, həmin ciddi təhlükəni öz ölkəmizdən də uzaq görmək dövlətçilik prinsiplərimizə tərs düşəcəyi üçün bu ideoloji təşkilatlanmaya qarşı daima ayıq-sayıq olmağımız zəruridir.
Bu zaman faşizmin dünyadakı ən öndə gedən təmsilçisi sayılan Adolf Hitlerin kimliyi haqda ətraflı məlumata ehtiyac duyulur. Doğrudur, bu gün Hitler ismi başda öz vətəni Almaniya olmaqla, dünyanın böyük hissəsi tərəfindən qəbul edilməyən bir addır. Lakin bir gerçəyi gözardı etmək böyük səhv olardı: geniş bir qism insanların şüuraltında “Hitler” ismi “gizli heyranlıq”, həyatda idealı olan və məqsədinə yetişmək üçün hər şeyini fəda edən, mükəmməl və dahi bir insan obrazını ifadə edir. Cəmiyyətin şüuraltına yerləşmiş bu yanlış düşüncə tərzi isə statistik göstəriciləri alt-üst edəcək səviyyədəki bir təhlükədən xəbər verir. Belə olduğu halda, Hitlerin nə dərəcədə “dahi” olduğunu üzə çıxarmaq üçün onun həm siyasi, həm də mənəvi-psixoloji həyatının pərdələrini aralamaq gərəkdir.
Hitlerin məşhur çılğın və coşğulu nitqləri… Bu nitqlər, Hitlerin hətta müxaliflərinin belə heyranlıqla qarşıladığı başlıca xüsusiyyətlərindən biridir. Əslində isə, Hitlerin qəzəb dolu, təcavüzkar, paranoik və qaba olan çıxışlarını göz yaşları içində dinləyən milyonlarla insan romantik milliyyətçiliyin təsiri altında tilsimlənir və sanki şüurlarını itirirdilər.
NSAFP-in (Hitlerin qurduğu nasional-sosialist partiya) məşhur Nürnberq mitinqləri buna gözəl bir nümunədir. Amerikalı araşdırmaçılar Beycent, Li və Linkoln Hitlerin “heyranedici” çıxışlarının əslində “içiboş, bəsit, uşaqca və təkrarlarla dolu” sözlərdən ibarət olduğundan belə bəhs edirlər:
“Bədnam Nürnberq mitinqlərində… çəkilən filmlər insanların sanki öz-özlərini sərxoş etdiklərini, bir növ transa girdiklərini, “Ziq Hayl” şəklindəki NSAFP şüarını durmadan təkrarlayaraq Hitlerə sözün əsl mənasında sitayiş edərcəsinə nasist salamı verdiklərini göstərir. Kütlələrin üzündə bomboş bir zehnin gətirdiyi xoşbəxtlik oxunur… Bu, qaneedici bir çıxışın nəticəsi deyil. Əksinə, Hitlerin çıxışları heç də qaneedici deyildir. Demək olar ki, hər zaman bəsit, uşaqca, eyni şeyləri təkrarlayan və məzmunu boş danışıqlardır. Lakin bu çıxışları etmə forması zəhərli bir enerjiyə malikdir, bir nağara ritmi kimi hipnozedicidir… Hitlerin mitinqlərində müşahidə olunan şey psixoloqların adətən mistik sınaqları açıqlamaq üçün işlətdikləri “şüur sürüşməsi” vəziyyətidir” (1).
Elə bu “şüur sürüşməsi”ni yaşayan və zehinləri üstün irq düşüncələri ilə yoğrulmuş faşist Almaniyası idi ki, II Dünya Müharibəsində 55 milyon insanın ölümünə səbəb oldu…
Hitlerin bu çıxışları təbii ki, onun ruhi dünyasının normada olmağı ilə bağlı şübhələr doğururdu və bu şübhələr zaman keçdikcə özünü daha da doğrultdu. Diaqnoz qoyulmamış olması heç də Hitlerin ruhi xəstə olmadığı mənasına gəlmirdi. Hətta bu məsələ hal-hazırda elmi icma tərəfindən də dilə gətirilən bir həqiqətdir.
Cənubi İllinoys Universitetindən professor Henri Morris keçən əsrlərdə yaşamış və siyasət səhnəsinə də sıçramış olan bir sıra təkamülçülərin ruhi və psixoloji dünyalarının araşdırıldığı “Qara Pərdənin Arxası” adlı elmi bir məqalə yazmışdır. Çarlz Darvindən Karl Marksa qədər bir çox məşhur təkamülçünün “qaranlıq dünyaları”nın araşdırıldığı məqalədə Hitler və onun ideoloji atası olan F. Nitsşe barədə isə bunlar yazılır:
“…Coşğun təkamülçü filosofun dəliliyi haqda müzakirəyə isə ehtiyac yoxdur. İstər “Tanrı öldü” propanqandası ilə Fridrix Nitsşe, istərsə də astrologiya (ulduz falı) və okkultizm obsessiyaları ilə Adolf Hitler, yaxud da başqaları. Hansı ki, bunların dünya səhnəsindəki nüfuzlu nailiyyətləri travmatik fiziki qüsurlarla və əxlaqi-mənəvi səviyyəylə əlaqədar suallarla müşayiət edilmişdir” (2).
Okkultizm (mistik inanclar) Hitlerə 1918-ci ildə qurulan Tule Cəmiyyətindən miras qalmışdı. Bu cəmiyyət Atlantida əfsanəsini yenidən canlandırmaq, qatı irqçilik və bütpərəstlik kimi prinsiplərə sahib idi və Hitler hələ öz partiyasını qurmamışdan öncə Tule iclaslarında tez-tez iştirakçı qismində otururdu. Qısa zamanda Tule mistisizmini mənimsəyən Hitler öz zehnində bu okkult düşüncələrdən ibarət bir dünya qurdu və özünü bu xəyal dünyasında yaşamağa sövq etdi. Bu xəyal dünyasının insanı həqiqətlərdən qoparan və bir sıra hisslərin əsirinə çevirən təsiri isə əqli çatışmazlıq olan şizofreniya ilə eynilik təşkil edir. Necə ki, şizofren xəstələr də həqiqətlərdən tamamilə qopur və öz xəyal dünyaları içində yaşamağa başlayırlar…
Nitsşe də faşist Almaniyasının əhəmiyyətli adlarından biridir. Dünyanın ən fanatik ateistlərindən və qatı təkamülçülərindən olan Nitsşe Hitleri geniş miqyasda təsiri altına almış, Hitler onun şərəfinə xüsusi bir abidə qoydurmuşdu. Bu təkamülçü filosofdan Hitlerə miras qalan irqçi düşüncənin yanında daha bir ciddi təhlükə- qadın düşməçiliyi də var idi. Nitsşenin “Zərdüşt Belə Deyirdi” əsəri nasistlərin müqəddəs kitabı halına gəlmişdi və bu kitabla yetişdirilmək içindəki qadın düşmənçiliyindən dolayı faşistlər arasında qadına ikinci sinif, aşağı bir məxluq kimi baxılmasına səbəb olmuşdu. Bunun üzərinə isə, qədim Sparta “mədəniyyəti”ndən miras qalmış və 1902-ci ildə qurulmuş “Xaslar Cəmiyyəti”ndən törəmiş “kişi sevgisi” gəldiyi zaman isə faşist Almaniyasında sapqın davranışlar yayılmağa başladı. NSAFP homoseksuallar klubu halına gəlmişdi…
Bu tarixi həqiqət təfərrüatlı şəkildə Skott Layvli və Kevin Abrams tərəfindən 1995-ci ildə nəşr olunmuş “Çəhrayı Svastika: NSAFP-də Homoseksuallıq” adlı kitabda analiz edilmişdir. Kitabda istər NSAFP öncülü olan cərəyan və təşkilatlar, istərsə də partiyanın idarəedici heyəti təfsilatlı şəkildə incələnmiş və bu faşist kadrın daxilində çoxlu sayda homoseksual olduğu göstərilmişdir. Homoseksual olduğu bilinən nasistlər arasında SA (Hücum Dəstəsi) komandanı Ernst Röm, Gestapo şefi Reynhard Heydrix, Hava Qüvvələri kapitanı Herman Gerinq, Rudolf Hess, “Hitler Gəncliyi” təşkilatının sədri olan Baldur fon Şirax, nasistlərin maliyyə naziri Valter Funk, Hitlerin Quru Qoşunları komandanı Verner fon Friç kimi adlar daxildir. SS lideri Henrix Himmler və Adolf Hitlerin özünün də homoseksual meyilləri olduğuna dair bir sıra dəlillər mövcuddur (3).
“Çəhrayı Svastika”da bu sapqınlığın nasistlərlə məhdudlaşmadığı, Amerikada fəaliyyət göstərən müxtəlif neonasist qruplaşmaların və irqçi təşkilatların liderləri arasında da bir çox homoseksualın olduğu və bu sapqınlığın faşizmdə, sözün əsl mənasında, nəsildən nəslə ötürüldüyü də yenə faktlarla dəyərləndirilir.
Buraya qədər incələdiklərimiz Hitlerin dırnaqarası dahiliyini nümayiş etdirmək üçün artıqlamasıyla kifayətdir. Lakin Hitler ideologiyasının ən təhlükəli bir yönü vardır ki, tarixən bəşəriyyətə bəladan başqa heç bir şey qazandırmamışdır. Bu, irqçilikdir. İrqçilik Çarlz Darvinlə birlikdə dirçəlmiş qanlı bir cərəyandır və təkamül nəzəriyyəsinin dünyaya vurduğu ən böyük zərbə olmuşdur. Təkamülçü və irqçi Tule Cəmiyyətindən almış olduğu təlimlə Hitler də qatı təkamülçüyə çevrilmiş və alman irqini dünyadakı ən üstün irq olaraq görmüşdü.
Hitlerin darvinizmə olan bağlılığı hələ 1925-ci ildə nəşr olunan “Mənim Mübarizəm” adlı kitabında görünür. Məsələn, kitabının 4-cü hissəsində darvinizmin müvəffəqiyyətli Almaniya üçün yeganə təməl olduğunu ifadə etmişdir.
“Darvin: əvvəl və sonra” kitabının yazıçısı Klark Hitlerin darvinizmə olan bağlılığından belə bəhs edir:
“Təkamüli fikirlər (olduqca açıq bir şəkildə) “Mənim Mübarizəm”in ən pis hissələrinin və (Hitlerin) xalqa nitqinin qaynağıdır. Hitler üstün irqin həmişə aşağı irqə qalib gələcəyi nəticəsinə gəlmişdir” (4).
Elə bu təkamülçülükdən yola çıxaraq Hitler “alman irqini saflaşdırma” kompaniyasına başladı və bunu ilk öncə öz xalqı üzərində tətbiq etdi. Xalqın içindəki xəstə, şikəst, anadangəlmə kor və ya əlil insanları “zərərli ünsür” və “çürüməyə məhkum” adlandıraraq sıradan çıxarmağa başladı. Hitler deyirdi:
“…Fərdin həyatına yüksək qiymət verilməməlidir. Əgər fərd təbiətin gözündə əhəmiyyətlidirsə, təbiət onu qorumaq üçün lazımi marağı göstərəcək. Bir ağcaqanadın qoyduğu milyonlarla yumurtanın içindən çox azı yumurtadan çıxır, amma yenə də ağcaqanad irqi inkişaf edir” (5).
Halbuki din əxlaqında xəstə, əlil insanlar “çürüməyə məhkum” deyil, tam əksinə, insanlar onlara kömək etməli, sağalmaları üçün var gücülə çalışmalıdırlar. Din əxlaqına görə, həyat güclülərlə zəiflərin mübarizəsindən ibarət deyildir, əksinə, din güclülərlə zəiflərin köməkləşməsini, cəmiyyətdə mərhəmətin, sevginin, sülhün və sosial ədalətin bərqərar edilməsini təşviq edir.
Lakin təkamül nəzəriyyəsini özünə prinsip seçmiş nasizm bu gözəlliklərin tam əksini həyata keçirmişdi. Hitlerin fövqəltəbii güclərə malik, qüsursuz və yanılmaz bir “öndər” (“fürer”) olduğuna və onları mütləq zəfərə aparacağına aldanmış faşist Almaniyası tarixdə bənzəri görülməmiş qırğınlara və cinayətlərə imza atdı. Auşvits həbs düşərgəsindən II Dünya Müharibəsinə qədər yaşanmış inanılmaz vəhşiliklərə Hitlerin gətirdiyi bəhanə isə belə idi:
“Yaşamaq istəyi qarşıdurmaya aparmalıdır, çünki bu istək təmin edilə bilməməklə yanaşı, eyni vaxtda, həyatın təməlidir. Yaşanan sahə məhduddur. Buna görə, insaniyyətdən çox mərhəmətsizlik həyatda əsasdır! İnsan ixtilaflar və davam edən mübarizə nəticəsində dünyanın sahibi olmuşdur. Bu, insanlığın deyil, güc və hakimiyyəti qazanan qüvvənin üstünlüyüdür” (6).
Başqa bir sözündə isə Hitler törətdiyi vəhşiliklərdən fəxrlə bəhs edirdi:
“Biz nasistlər… barbarıq. Barbar olmaq istəyirik. Bu, şərəfli bir ünvandır və bununla dünyanı gəncləşdirəcəyik” (7).
Almaniya II Dünya Müharibəsindən məğlubiyyətlə çıxdı. Hitler məqsədinə çatmadı və “Üçüncü Reyx”, yəni 1000 illik Alman İmperatorluğu xülyası puç oldu. Lakin Hitlerin olduqca qəribə bir təsəllisi var idi. Bütün bir xalqın etibar etdiyi “fürer” almanların məğlubiyyətini təbiətin bir qanunu kimi qələmə verdi! “Alman irqi məğlub oldu, demək ki, təkamül cəhətdən üstün irq deyilmiş” (!). Beləliklə, insanların gözündə “xalq qəhrəmanı” olan Hitler, əslində xalqını öz əllərilə təkamül nəzəriyyəsinə olan bağlılığına qurban verdi…
Bütün bu incələdiklərimiz Hitlerin, düşünülənlərin əksinə, uğursuz siyasətçi, əqli və ruhi çatışmazlıqları olan və öz xalqını qəsdən ölümə sürükləyən zalım diktator olduğunu göstərir. Belə olduğu halda, xalqımız Hitlerin bu qanlı ideologiyasına qarşı daima ayıq-sayıq durmalı və cəmiyyətimiz, xüsusilə də, gənc nəsil faşist ideologiyanın yanlışlığı və təhlükəsi barədə ətraflı məlumatlandırılmalıdır. Unutmayaq ki, faşist ideologiya getdikcə sirayət edir və praktikada da güclənməyə davam edir. Bunu, başda Avropada olmaqla, dünya miqyasında irqçiliyin getdikcə daha geniş surətdə inkişaf tapması ilə görmək mümkündür.
Bundan əlavə, başda da qeyd etdiyimiz kimi, Norveçdə özünü Hitlerin davamçısı sayan Anders Breyvikin törətdiyi terror aktından sadəcə bir neçə il keçməkdədir. Faşist təhlükəni Qərb dünyası elə bu yaxınlarda da hiss etdi: 14 aprel, 2014 tarixində ABŞ-da yəhudilərin Pesax bayramı öncəsində bir əlisilahlı “Hayl Hitler!” deyə bağıraraq yəhudilərə atəş açdı və 3 nəfərin ölümünə səbəb oldu. İstintaqa əsasən, cinayətkar biri uşaq, biri 70 yaşlı qadın olan qurbanlarını öldürməmişdən öncə onların yəhudi olub-olmadığını sorğulayıbmış.
Bundan əlavə, elə keçən ay doğma Bakımızın mərkəzində üzərində III Reyxin gerbi olan nasist hərbi uniforması geymiş bir gəncin Hitler salamı jestilə “Ziq” (faşistlərin “Ziq Hayl” (“Yaşasın Zəfər!” sözünü ifadə edir) sözünü təkrarlayaraq gəzməsinin görüntüləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu. Doğrudur, üzərindən bir müddət keçdikdən sonra həmin gənc bunun sadəcə bir zarafat olduğunu açıqladı. Lakin belə halların ümumiyyətlə baş verməməsi üçün Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə daha sıx bağlanmalıdır. Unutmaq olmaz ki, bu gün neonasistlər 33 ölkədə və 6 qitədə aktiv vəziyyətdədirlər və nasist meyilləri olanların yaş hüdudları isə 13-25 yaşlar arasında dəyişir. Belə olduğu halda, orta məktəblərdə və universitetlərdə faşizm haqqında sadəcə texniki məlumatlar verməklə kifayətlənmək olmaz. Tarixi faktlarla birlikdə faşizmin bəşəriyyətə necə böyük bəlalar gətirdiyini və faşizmin təməli olan darvinizmin heç bir elmi əsası olmadığını da tədris etmək zəruridir.
Ümummili liderimiz Heydər Əliyev Cənablarının bu sözlərini gənc nəslimiz heç zaman unutmamalıdır:
“Faşizm dünyaya nə qədər faciələr gətirib, insanlara nə qədər bəlalar gətirib – bunu hamı yaxşı bilir. İkinci Dünya müharibəsi məhz alman faşizminin, Hitler ordusunun dünyaya hakim olmaq iddiası ilə başlandı… Faşizm bütün dünya tərəfindən bir faciə, bir vəba kimi insanların hafizəsində yaşayacaqdır. Ancaq bəşəriyyət bir daha imkan verməz ki, faşizm meydana gəlsin” (8).