10501339_1432713340345919_458758336_n

Ölüm olduğu zaman günlərlə yas tutmaq, gülməmək, sevincə dair hər şeyi həyatdan çıxarmaq cahiliyyə adətidir. Ölüm müsəlmanlar üçün dünyadakı imtahanın sona çatması, əsl yurd olan axirətə keçid və hər şeydən əhəmiyyətlisi ən sevimli olan Rəbbimizə qovuşmaqdır. Buna görə müsəlmanlar biri öldüyünə görə matəm tutmazlar. Tam əksnə, sevdiklərinin Allah’a qovuşmasından ötrü sevinər, “inşaAllah Rəbbim ondan razı olmuşdur” deyə dua edərlər. Matəm qədərdəki hikməti qavraya bilməyən, qədərə könüldən təslim olmamış, Allah’ın yaratmasındakı gözəllikləri görə bilməyən, dünyanın keçici olduğunu bilməyən insanların batil bir adətidir.
Buna görə ölüm hadisəsi olanda müsəlmanlar bir-birlərinə yas tutmağı, kədərlənməyi tövsiyə etməzlər. Hüznlü olmağı, bədbəxt olmağı məsləhət görməzlər. Ölüm olduğunda müsəlmanlar bir-birlərinə gözəl şəkildə səbir etməyi, Allah`ın qədərdə təqdir etdiyini sevinclə qarşılamağı tövsiyə edərlər. Çünki yas tutmaq , haşa, Allah’ın təqdir etdiyi qədərdən razı olmamaq deməkdir. Yas tutmaq demək, haşa, Allah’ın yaratdığına üsyan etmək deməkdir.
“Suriyada, Fələstində, Misirdə insanlar ölərkən, siz necə əylənə bilərsiniz?” kimi düşünən bəzi insanlar da bu həqiqəti unudurlar. Suriyada, Misirdə, İraqda və dünyanın hər hansı bir yerində yaşanan itkilər, əzablar qarşısında müsəlmanların etməli olduqları şey yas saxlamaq deyil, bu əzabların sona çatması üçün səy göstərməkdir. Qaldı ki, bu tənqidi söyləyən insanların özləri də dünyadakı bütün bu ağrı-acılara baxmayaraq, toylarda gülüb-oynayır, televiziya söhbətlərini gülərək izləyir, seriallara, filmlərə baxaraq yaxşı vaxt keçirirlər.
Mömin üçün ölüm son demək deyildir. Tək gerçək sevgilisi və dostu olan Allah’a qovuşmaqdır. Mömin özü üçün ölümü necə sevinclə qarşılayırsa, sevdiyi bir insanın ölümünü də sevinclə qarşılayar. Ölüm qarşısında kədərlənməyin vacib olduğu inancı isə cahiliyyəyə aid bir düşüncədir. Allah’ın gücünü və qüdrətini gərəyi kimi qavramayan insanlar ölümdəki hikmətləri də təqdir edə bilməzlər. Ölümü yox olmaq hesab etdiklərinə görə kədərlə qarşılayırlar.
Bu səbəbdən cahiliyyə cəmiyyətlərində və xüsusilə köhnə bütpərəst mədəniyyətlərdə bir çox batil matəm adətləri vardır.
Məsələn, qədim Misirdə bir şəxs öləndə yas evinin qadınları başlarına, üzlərinə palçıq çəkir, paltarlarını, bədənlərini iplə sarıdıqdan sonra çılpaq sinələrini döyərək gəzərdilər. Buna bənzəyən adətlər aşşurlularda, fars, yunan və romalılarda da vardı. Yəhudilikdə də matəm adətləri arasında paltar cırmaq, yerdə oturmaq,başına kül səpmək, kül üzərində yatmaq, bədən kəsmək, saç yolmaq, ağlayıb öz-özünü döymək kimi adətlər vardı. Bəzi sivilizasiyalarda isə ağlamaq üçün xüsusi insanlar tutulmasından bu insanların günlərlə ağladığı aydın olur.
Məkkəli müşriklərin də ölən birinin ardından matəm tutmaqları məlumdur. Peyğəmbərimiz (s.ə.v.) isə yas tutmağı müsəlmanlara qadağan etmişdir:
İbn Abbas (r.a) deyir: “Rəsulullah əleyhissalatu vəssalam buyurur ki: “Yas tutmaq cahiliyyə işlərindən biridir…”
İbn Ömər (r.a) deyir: “Rəsulullah əleyhissalatu vəssalam, yüksək səslə ağlayan qadınlar olan cənazələrə baxmağı qadağan etdi.”
Cərir Mövla Müaviyə deyir: “Hz. Müaviyə (r.a) Xümsdə xalqa xütbə verdi və xütbəsində Rəsulullahın (s.ə.v) yas tutmağı (nəvh) qadağan etdiyini də xatırlatdı.”
Oğlu İbrahim vəfat edəndə Peyğəmbərimizin (s.ə.v.) çox qısa bir an ağlamış olması isə peyğəmbərimizin (s.ə.v) şəfqətinin və mərhəmətinin təcəllisidir. Peyğəmbərin (s.ə.v) bu gözəl əxlaqını səhv başa düşüb, cahilcə müşrik adətlərini davam etdirmək istəyənlər isə çox yanlış edirlər.
Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.(“Qəmər” surəsi, 49)
De: “Allah’ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər Allah’a təvəkkül etsinlər!” (“Tövbə” surəsi, 51)
Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir! (“İnsan” surəsi, 30)
Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (“Ənam” surəsi, 59)
Allah’ın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allah’a iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. (“Təğabun” surəsi, 11)