Təkamül nəzəriyyəsinə əsasən canlılar təsadüflərlə əmələ gəlmiş və yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar meydana gətirmişdir. Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə həqiqətən belə bir gücün olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü həyata keçirəcək təbii mexanizmlər varmı? Bu gün təkamül nəzəriyyəsi adlandırdığımız neodarvinist model bu məsələ ilə bağlı iki əsas mexanizm irəli sürür: “təbii seçmə” və “mutasiya”. Nəzəriyyənin əsas iddiası belədir: “Təbii seçmə və mutasiya bir-birlərini tamamlayan iki mexanizmdir. Təkamül xarakterli dəyişikliklərin mənbəyi canlıların genetik quruluşunda meydana gələn təsadüfi mutasiyalardır. Mutasiyaların səbəb olduğu xüsusiyyətlər təbii seçmə mexanizmi vasitəsilə seçilir, beləliklə, canlılar təkamül keçirirlər”. Lakin bu mexanizmlərin işləmədiyi ortaya çıxdıqdan sonra təkamül tərəfdarları əlavə olaraq təcridlər, yəni izolyasiyalar və populyasiya dalğalarını fərziyyənin hərəkətverici qüvvəsi kimi iddia etməəyə başladılar. Bu ssenarini bir az təhlil etdikdə isə, əslində ortada konkret “təkamül mexanizminin” olmadığını görərik. Çünki nə təbii seçmə, nə mutsiyalar populyasiya dalğaları , nə də təcridlər növlərin təkamül keçirmələri və bir-birlərinə çevrilmələri iddiasına ən kiçik töhfə verməyiblər. Bu məqalədə isə izolyasiyaları , coğrafi təcridləri araşdıracağıq.
Coğrafi təcrid anlayışı ilə bağlı həm elmi dairələrdə, həm də ictimaiyyətdə hakim olan fikir elmi baxımdan həqiqətləri əks etdirmir. Xüsusilə bəzən həm yerli, həm də xarici mətbuatlarda mövzu ilə bağlı məlumat əskikliyindən qaynaqlanan yanlış fikirlərə rast gələ bilirik. Bunun üçün də gəlin coğrafi təcrid anlayışının nə olduğu ilə tanış olaq.
Eyni növdən olan canlılar bir quru ərazisinin çökməsi və ya qitələrin bir-birindən ayrılması kimi səbəblərdən coğrafi təcridlərə məruz qalırlar. Belə olan halda, iki ayrı bölgədəki canlılar arasında fərqli bir genetik xüsusiyyət meydana çıxır. Başqa sözlə desək, coğrafi təcridlər populyasiyaları bir-birindən ayırır. Məsələn, quruda yaşayan canlılar geniş çöllər və sularla, ya da yüksək dağlarla bir-birindən ayrılırlar.1 Əgər bir populyasiya coğrafi olaraq iki və ya daha çox bölgəyə ayrılırsa, aralarındakı fərq getdikcə çoxalır və bir müddət sonra bu fərqli ərazilərdəki canlılar fərqli coğrafi irqlər meydana gətirir.2 Bu ayrılıq populyasiyalar arasında gen axınının qarşısını alacaq həddə çatdıqda, daha əvvəl bir-biri ilə oxşar xüsusiyyət daşıyan bir növün fərqli variasiyaları arasındakı bənzərlik azalmış olur.
Bu mövzu ilə bağlı təkamülçülərin yanıldığı məqam belədir: təkamül tərəfdarları ayrı qitələrdə, ya da mühitlərdə yaşamağa məcbur qalan canlıların fərqli bir növə çevrildiklərini iddia edirlər. Halbuki, fərqli ərazilərdə ortaya çıxan fərqli xüsusiyyətlərə sahib canlılar populyasiya fərqliliklərindən başqa bir şey deyil. O ərazidə cütləşmək məcburiyyətində qalan canlıların genetik kombinasiyaları sərhədli qalır və genlərindəki müəyyən xüsusiyyətlər daha ön plana çıxır. Lakin yepyeni canlı növü qətiyyən meydana gəlmir, gələ də bilməz. Təkamülçülər növlərin mənşəyi məsələsinə izolyasiya ilə açıqlama gətirməyə çalışırlar. Çünki yer üzündə bu qədər çoxlu sayda növün necə ortaya çıxdığı onların baxış tərzinə görə olduqca çətin bir sualdır. İzolyasiya termini də təkamülçülər tərəfindən yeni bir növ əmələgətirən hərəkətverici qüvvə kimi təqdim olunur. Amma elmi həqiqətlər izolyasiya ilə yeni növün meydana gəlməsinin qeyri-mümkünlüyünü açıq şəkildə göstərir.
Eyni vəziyyət insanlar üçün də əsaslıdır. Yer üzündəki fərqli irqlər coğrafi izolyasiyalar vasitəsilə fərqli irqi xüsusiyyətlərə sahib olublar. Bəzi insanlarda qara dərililik xüsusiyyəti üstün olmuş (dominant), bunlar eyni ərazidə yaşadıqları və öz aralarında çoxaldıqları üçün qara dərili irq meydana gətirmişdir. Qıyıq gözlü uzaq şərq irqləri də eyni şəkildədir. Əgər coğrafi izolyasiya olmasaydı, yəni dünyadakı bütün irqlər əsrlər boyunca bir-biri ilə hər zaman qarışıq ailə həyatı qursaydılar, onda hər kəs metis olardı: zəncilər, ağ dərililər, qıyıq gözlülər olmaz, insanların hamısı mərkəzə uyğunlaşmada olardılar. Bəzən coğrafi səbəblərdən ötrü bir-birindən ayrı qalan variasiyalar yenidən bir yerə gətirildikdə bir-birləri ilə cütləşmirlər. Buna görə də müasir biologiyada növ anlayışına görə alt növ deyil, ayrı növ halına gəlmiş olurlar. Buna növ əmələgəlmə (speciation) deyilir.
Təkamülçülər isə bu anlayışdan başqa mənalar çıxarırlar: “Təbiətdə növ əmələgəlmə var, yəni yeni canlı növləri təbii mexanizmlərlə əmələ gəlir, deməli, bütün növlər bu formada ortaya çıxıb”. Amma burada çox böyük və gizli yalan var.
1) Bir-birlərindən izolyasiya olunmuş A və B variasiyaları bir araya gətiriləndə cütləşməmə halı ola bilər. Amma bu vəziyyət, adətən, cütləşmə davranışından qaynaqlanır. Yəni A və B variasiyalarına aid fərdlər digər variasiyaları yad gördüyü üçün onu özlərinə yaxın hiss etmir və cütləşmirlər. Lakin cütləşmələrinə mane olan heç bir genetik uyğunsuzluq yoxdur. Qısası, genetik məlumat baxımından yenə də eyni növlərdirlər.
Ç.Darvinin Qalapaqos adalarında müşahidə etdiyi birəbitdən quşlarının ayrı növlər hesab edilib təkamülə dəlil kimi göstərilmə səbəbi də elə budur.
2) Ən vacib məqam isə odur ki, haqqında danışılan növ əmələgəlməsi genetik məlumat artımı deyil, əksinə, məlumat itkisi prosesidir. Müxtəlifləşmənin səbəbi, variasiyalardan birinin və ya hər ikisinin yeni genetik məlumat əldə etmələri deyil. Belə bir proses mümkün deyil. Məsələn, iki variasiyadan biri yeni bir zülal molekuluna, yeni bir fermentə, yeni bir orqana sahib olmur və ortada bir irəliləyiş yoxdur. Əksinə, daha əvvəllər fərqli genetik məlumatları eyni məkanda birləşdirən populyasiya (məsələn, həm uzun, həm də qısa tük xüsusiyyətini; həm açıq, həm də tünd rəng xüsusiyyətini əks etdirən populyasiya) əvəzinə, indi genetik məlumat baxımından daha kasıb iki populyasiya var. Lakin son illərdə aparılan elmi təcrübə və müşahidələr dar populyasiyaların genetik cəhətdən təkamül nəzəriyyəsinin lehinə yox, əleyhinə olduğunu ortaya qoymuşdur. Dar populyasiyalar yeni növ əmələ gətirmək bir tərəfə qalsın, əksinə, ciddi genetik pozuntular üzə çıxarırlar. Bunun səbəbi dar populyasiyalarda fərdlərin daima dar genetik hovuz çərçivəsində cütləşmələridir. Buna görə normal halda heteroziqot olan fərdlər getdikcə homoziqota çevrilirlər. Bunun nəticəsində də normal halda resessiv olan pozulmuş genlər dominant genə çevrilir və beləliklə, populyasiyada getdikcə daha çox genetik pozuntu və xəstəlik üzə çıxır.3
Bu mövzunu tədqiq etmək üçün toyuqlar üzərində 35 il davam edən müşahidə aparılmışdır. Müşahidələrdə dar populyasiyada saxlanılan toyuqların getdikcə genetik cəhətdən zəiflədiyi müəyyən edilmişdir. Toyuqların yumurtlaması 100%-dən 80%-ə, çoxalma faizi də 93%-dən 74%-ə düşmüşdür. Ancaq insanların şüurlu müdaxiləsi ilə, yəni başqa bölgələrdən gətirilən toyuqların populyasiyaya qarışdırılması ilə bu genetik zəifləmə prosesi dayanmış və toyuqlar normal hala düşməyə başlamışlar.4
Nəticə olaraq, növ əmələgəlməsinin təkamül nəzəriyyəsini dəstəkləyən heç bir tərəfi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlı növlərinin hamısının sadədən mürəkkəbə doğru təsadüflər yolu ilə ortaya çıxdığını iddia edir. Eyni zamanda, təcridlər təkamül üçün irsi istiqamətləndirilməmiş, yəni təsadüfi material verir. Ona görə də təcridlər canlı üçün nəyin əlverişli və nəyin uyğun olmadığına qərar verə bilməz. Əlaqəli olaraq da bu fərziyyənin əhəmiyyətli sayılması üçün genetik məlumat artıran mexanizmlər göstərməlidirlər. Gözü, qulağı, ürəyi, ağciyəri, qanadları, ayaqları və ya digər orqan və sistemləri olmayan canlıların bunları necə qazandığını, bu orqan və sistemləri açıqlayan genetik məlumatın haradan gəldiyini izah etməlidirlər. Onsuz da mövcud olan bir canlı növünün genetik məlumat itkisinə məruz qalaraq ikiyə bölünməsi, şübhəsiz, təkamüllə heç bir əlaqəsi olmayan haldır. Bütün canlıları üstün güc, qüvvət sahibi olan Rəbbimiz yaratmışdır. Sonda tövsiyə olaraq onu da qeyd edim ki, əsassız olduğu dəfələrlə müxtəlif elm sahələri tərəfindən sübut olunmuş fərziyyələrlə vaxt itirmək, bunun üçün külli miqdarda pullar xərcləmək və elmin məqsədindən kənara çıxıb cəmiyyətə, millətə, dövlətə heç bir töhfə verməmək əvəzinə, Allahın yaratdığı canlılardakı kompleks sistemləri öyrənib elmi-texniki, tibbi və s. istiqamətlərdə irəliləyişlər əldə etmək şübhəsiz ki, müqayisə olunmaz üstünlükdür .
Mənbələr
1. Prof. Dr. Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayınları, Ankara, 1995, s.690
2. Prof. Dr. Ali Demirsoy, Yaşamın Temel Kuralları, Genel Biyoloji/Genel Zooloji, Cilt-I, Kısım-I, Ankara, 1993, s.606
3. M. E. Soulé and L. S. Mills, “Enhanced: No need to isolate genetics”, Science, 1998, vol. 282, səh. 1658.
4. R. L. Westemeier, J. D. Brawn, J. D. Brawn, S. A. Simpson, T. L. Esker, R. W. Jansen, J. W. Walk, E. L. Kershner, J. L. Bouzat and K. N. Paige, “Tracking the long-term decline and recovery of an isolated population”, Science, 1998, vol. 282, səh. 1695.
Toğrul İbrahimov