1400062562_974630_1405130569770863_1700319430_n

2004-cü ildə Əbu Musa Zərqavinin rəhbərliyində qurulan və daha sonra Əl-Qaidə terror təşkilatına qatılan, indiki adı ilə İŞİD 2006-cı ildə Əbu Ömər əl-Bağdadinin rəhbərliyində İraq İslam dövlətini qurduqlarını açıqladılar. 2011-ci ildə Əl-Qaidənin Suriya qolu olaraq qurulan Əl-Nusra Cəbhəsi ilə birləşib adını İraq Şam İslam dövləti (İŞİD) olaraq dəyişdirdi. Elə həmin il Əl-Qaidənin İŞİD-i tanımadığının və Suriya təmsilçisinin Əl-Nusra Cəbhəsi olduğunu açıqlamasından sonra İŞİD-in adı daha da gündəmə gəlməyə başladı. İraqın ikinci böyük şəhəri olan Mosulu işğal etməsinin ardından uzun müddətdir ki, dünyanın gündəm mövzusu olmağa davam edir.

Bəs İŞİD-i bu qədər güclü edən nədir?
200.000-dən artıq əsgəri olan, ehtiyatda olan əsgər və zabitlərlə 500.000-dən artıq ordusu olan İraq, sayı 10 minlə ifadə edilən bu qruplaşma qarşısında niyə aciz qaldı?

Məsələyə siyasi prizmadan baxdıqda hər şey aydın olur əslində. Ölkə əhalisinin 40%-ə yaxınını sünnilərin təşkil etdiyi İraqda əhalinin təxminən 55%-i isə şiələrdir. İraqda İŞİD-i gücləndirən əsas səbəb isə 2006-cı ildə iqtidara gələn İraq baş naziri Nuri əl-Malikinin İraqı şiələşdirmə siyasəti faktoru oldu. Beni Malik qəbiləsinə (aşirətinə) mənsub olan Maliki Bağdadda Üsul El-Din kollecindən məzun olduqdan sonra Bağdad universitetinin ədəbiyyat fakültəsini bitirir. 1960-cı ildə şiə meyilli İslami Dava partiyası sıralarına qatılır. İran-İraq müharibəsində İranın İslam keşikçiləri ordu korpusuna bağlı olan milis bölüklərin nəzarətini əlində saxlayan Maliki İraq ərazilərində İran leyhinə əməliyyatlar həyata keçirirdi. Nəhayət İslami Dava partiyası 2006-cı ildə seçkilərdə qalib gəlir, elə həmin ildə Əbu Ömər əl-Bağdadi sünni İraq İslam dövlətini elan edir (İŞİD-in ilkin forması).

Malikinin iqtidarı illərində sünnilərə ikinci sinif vətəndaş kimi münasibət göstərilir, iqtidarda sünni tayfalardan demək olar ki, təmsil olunan olmurdu. İnancını siyasətə əks etdirən Malikinin atdığı bu yanlış addım sünniləri dövlətə küsdürür. Hal-hazırda isə buraxdığı səhvin kəffarəsini İraqdakı anarxiya və xaosla verir. İŞİD dövlətin küsdürdüyü sünni aşirətlər sayəsində özünü gücləndirdi və dövlətini qurdu. Təxminən hər 10 əsgərin 4-ü sünni olan İraq ordusunun böyük əksəriyyəti məcbur qalmadıqca vuruşmur, sünni tayfa rəhbərlərinin göstərişi ilə geri çəkilirdilər. Praktika onu göstərir ki ögey övlad münasibəti istənilən ölkədə dövlətin mənfəətinə zidd olan nəticələr verir, qarşıdurma yaradır, anarxiyaya benzin töküb alovlandırır.
İçlərində radikalların qismən az olduğu hesab edilən şiəliyin “ənənəvi din” olduğu üçün dövlət tərəfindən dəstəklənməsi digər məzhəb nümayəndələrini qıcıqlandırır, nəticədə onların iqtidara arxa çevirmələrinə səbəb olur.

Əvvəlcə ənənəvi dinə qısa bir baxış keçirək. Qeyd edim ki, ənənəvi din mücərrəd bir anlayışdır və nisbidir. Ənənəvi din dedikdə mütləq şəkildə haqlı olan dini həyat tərzi nəzərdə tutulmur. Çünki İraqda, İranda ənənəvi din dedikdə şiəlik nəzərdə tutulursa, Türkiyədə, Səudiyyə Ərəbistanında və digər dövlətlərdə ənənəvi din sünnilik sayılır, bu ölkələrdə şiəlik qeyri-ənənəvi din kimi qəbul olunmuş olur. Yəni bir məzhəbə ənənəvi din başlığı verməklə onun İslamı tam anlamı ilə əks etdirdiyini söyləmək tamamilə yanlışdır.

Yaxşı bəs bu məzhəb problemləri hardan gəlir və qaynağı nədir? İslam dininin tək qaynağı olan Qurana baxdığımızda nə təəssübkeşliklə, nə də radikallıqla qarşılaşa bilərik.

“Hicr” surəsinin 9-cu ayəsində də deyildiyi kimi, Quran təhrif olunmayıb və hal-hazırda məzhəblər arasında ayrılığa səbəb deyil. Quran müsəlmanlara birləşdiricilik ruhunu, sülhü və sevgini aşıladığı halda, İslam dünyasında fitnə çıxarmaq istəyən qruplar tərəfindən yönləndirilən alim fətvaları və hz.Muhəmmədin (səv) vəfatından 300-500 il sonra qələmə alınan rəvayətlərin onun adından kimi müsəlmanlara təlqin və təqdim edilməsi zehinlərdə məzhəbçilik toxumunun əkilməsinə səbəb oldu. “Nəhl” surəsinin 89-cu ayəsində Quranın İslamın tək qaynağı olduğu, hidayət axtaran müsəlmanlara yol göstərici rəhbər olduğu vurğulanır. “Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (Nəhl surəsi, 89)
Lakin Quranın yetərincə oxunmadığı, oxunsa da hər hərfinə 1000 savab almaq adı ilə ərəbcə oxunduğu cəmiyyətdə təlqinlərlə, peyğəmbər adına anladılan yalan rəvayətlər və Qurana uyğun olmayan hədislər anlatmaqla istənilən təriqəti yaymaq olar. Bunun olmaması üçün eşidilən məlumatların doğruluğunu yoxlamaq, haqqı batildən ayırmaq üçün insanlar Quran haqqında məlumatlı olmalıdırlar. Qurani-kərimdə bildirilir ki, Peyğəmbərimizin Allaha ümmətindən yeganə şikayəti olacaq, o da qövmün Quranı tərk edilmiş bir kitab halına salmasıdır. Çünki Quranı bir kənara qoyub hər qaynağı etibarlı mənbə hesab edirlər. Allah Quranı kifayət görsə belə onlar dini yaşamaq üçün Quranı natamam görürlər. Buna səbəb isə yaşadığı məzhəbi Quranda görməmələridir. Baxış bucağını dəyişsələr, yaşadığım “din” Quranda yoxdursa, inancım yanlışdır desələr, ixtilaflar da bitər əslində. Ancaq nə etməli, səmimiyyət hər igidin işi deyil. “Peyğəmbər də “Ey Rəbbim! Həqiqətən, qövmüm bu Quranı tərk etmişdi!” – deyəcək.” (Furqan surəsi, 30)

Azərbaycan əhalisinin 95%-dən çoxu inanclı müsəlmandır. Yaradılış fitrəti gərəyi olaraq hər bir müsəlman gənc, Allaha ibadət etmək və onun rızasını qazanmaq üçün saleh əməllər etmək istəyir. Lakin bunu necə edəcəyini bilmir, ibadət qaydalarını və dini yaşama şəklini öyrənəcəyi qaynaqlar axtarmağa başlayır. İslamı yaşamaq istəyən bu gəncə seçim üçün şiəlik və sələfilik təqdim olunur. Halbuki, ilk təqdim olunmalı olan Quranı oxumaq olmalıdı. Çünki Allahın insanlara göndərdiyi din Qurandadır və hər bir müsəlman dinini yaşaması üçün Allahın bildirdiyi kimi tək-tək açıqlanmış olan ayələri oxumalı və İslamı Qurandan öyrənməlidir. Quranda, yəni İslamda radikallıq yoxdur, fitnə törətmək qətl etməkdən daha pis davranış kimi sayılır və qınanır. Hətta savaşın qızğın anında belə aman istəyənə aman ver deyən dinimiz var. “Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra onu əmin olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!” (Tövbə surəsi, 9)

Məzhəb problemlərinin yaşandığı hər ölkə kimi Azərbaycanda da ən doğru addım “ənənəvi dinin”, yəni şiəliyin dəstəklənməsi və model olaraq təqdim edilməsi deyil, hər kəsin inancına hörmətlə yanaşılması, lakin eyni zamanda dövlətin radikalizmə qarşı maarifləndirmə işi aparmasıdır. Çünki bu yaşanan “ənənəvi din” özü də bir məzhəbdir və məzhəb olduğuna görə İslam dinini tam anlamı ilə təmsil etmir. Qeyri- ənənəvi dinin fərdləri də bu ölkənin vətəndaşıdır və dövlət istənilən vətəndaşın ona arxa çevirməsinin əlbəttə ki, marağında deyil. Hələ də atəşkəs şəraitində yaşayan dövlətimizdə xarici kəşfiyyat idarələrinin provokatorluğunu edən sapı özümüzdən olan baltalara ehtiyacımız yoxdur və bu zehniyyətli radikal gəncliyin yetişməməsi, çətinliklə qurulmuş sabitliyin pozulmaması üçün dini radikalizmə qarşı maarifləndirmə işində bu işin əhli olan ilahiyyatçılar və intellektual gənclər dövlətin müvafiq qurumlarına dəstək olmalı, bu real təhlükəni əvvəlcədən görüb hərəkətə keçməli və Azərbaycanı İraqa və Suriyaya çevirmək istəyənlərin önü kəsilməlidir.
Hər bir müsəlman birlik və bərabərlik içində olmalı, Quranı rəhbər alaraq İslamın sevgi və sülh dini olduğunu unutmamalı, hətta öz dinindən olmayanlarla belə ən gözəl tərzdə mübarizə apar deyən Rəbbimizin ayəsini xatırlamalıdır.

“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran surəsi 103)

Ramil Rüstəmov