GƏL VİDALAŞAQ
Mənim arzularım,ümid çırağım,
Ruhumun sevdası,gəl vidalaşaq.
Həsrətin könlümdə yanar ocağım,
Ömrümün sevdası,gəl vidalaşaq.
Son baxışınla ax,dol gözümə,
Qarış düşüncəmə,dol hər sözümə,
Sən get,özümü qaytar özümə,
Könlümün sevdası,gəl vidalaşaq.
Zamansız gəlmişdin,həvəssiz getdin,
Ümidsiz,könülsüz,nəfəssiz getdin,
Bir dünya doğmayla kimsəsiz getdin,
Canımın sevdası,gəl vidalaşaq.
Yağışımsan,dumanımsan,çənimsən,
Həsrətimsən,ümidimsən,qəmimsən,
Həvəsimsən,mənimsən,nəfəsimsən,
Qəlbimin sevdası,gəl vidalaşaq.
—OLMUR—
Bu günüm belə keçdi,
Ötən günə dönmək olmur.
Ötən günüm sənsiz keçdi,
Sənsizliyə dözmək olmur.
Sevinclərim bir anlıqdı,
Eşq-günahdı,nadanlıqdı,
Ümidlərim qaranlıqdı,
Qismətini sezmək olmur.
Hər gecənin səhəri var,
Hər səhərin ümidi var,
Hər ümidin bir sonu var
Bu həyatdan bezmək olmur.