İlahə BAYANDUR 1970-ci il iyul ayının 18-də Masallı rayonunda anadan olub.Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir.Dövri mətbuatda şeirləri ilə çıxış edib.İlahə Bayandurun şeirləri “Sözün sehri”, “Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Azad qələm” qəzetlərində, “Ziyalı Ocağı”, “Kümbet” dərgilərində, müsxətli ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
“Sumqayıt Univesiteti” qəzetinin Baş Redaktorudur.“Ziyalı Ocağı” İctimai Birliyinin sədridir.“Gənc Yazarlar” Ədəbi Birliyinin Bədii Rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Direktorudur.
2012-ci il fevral ayının 14-də İlahə Bayandurun təklifi ilə “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsini irəli sürən “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı fəaliyyətə başladı.Azərbaycanın müxtəlif bölgələrindən olan gənc yazarlara dəstək olmaq, gənc yazarları ictimaiyyətə çatdırmaq məqsədilə müxtəlif günlərdə Portalın səhifələrindən yeni məlumatlar hazırlanıb ictimaiyyətin nəzərinə sosial şəbəkə vasitəslilə çatdırdı.
2012-ci il sentyabr ayının 24-də Türkiyə Yazarlar Birliyinin Nümayəndə Heyətinin üzvləri tərəfindən ödüllərə layiq görüldü.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalınn Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Direktoru seçilmişdir.

YETMİŞLƏ, SƏKSƏNLƏ VARAM DÖYÜŞDƏ

Elə bil dünəndi uşaq olduğum,
-Nə vaxt böyüyəcəm?-deyib dolduğum.
Nə tez keçdi günlər, ötdü fəsillər,
Oğurladı məndən ömrümü illər.

İllər insafsız nə deyim ona,
Aldadaraq məni girdi min dona.
Telimə ağ çəkdi, saçıma daraq,
Ötən gəncliyimdən verdilər soraq.

Bir də ayıldım ki, yaş ötüb keçib,
Əllini yavaşca adlayıb, biçib.
Altmış yaşımı haqladım göydə,
Yetmişlə, səksənlə varam döyüşdə.

Qalib döyüşçüyəm həyat yolunda,
Oğlum, qızlarım var sağım-solumda.
Məni öz canı tək sevən yarın da,
Doxsanca yaşımda olacam yanında.

SALMISAN

Hünərdən, qeyrətdən dərs söyləyənim,
Yadından çıxarma, iki almısan.
Torpaq paylayanım, el böldürənim,
Tərlanın işini sara salmısan.

Sənin nadanlığın tutdu gözünü,
Pula həris idin, yedin sözünü.
Indi ha qucaqla, bükük dizini,
Milləti ağladıb, dara salmısan.

Etdiyin nöqsanlar bağışlanmazdı,
Elə bir dərd verdin, odda yanmazdı.
Torpaqdan pay verən nadan, qanmazdı,
Tarixin köksündə yara salmısan.

Səni doğan xəcalət çəkər,
Atanın dizləri sustalar, çökər.
Torpağın haqq-sayı cismində itər,
Dumanda azdırıb, qara salmısan.

Bizi bu pislikdən çıxarmaq çətin,
Başı dik dayanmaz, qorxaq millətin.
Qalmışıq əlində zülmün, zillətin,
Bu xalqın yolunu hara salmısan?!

DOVŞAN ÜRƏKLİDİ TALEYİM, NEYNİM!

Düşüncələr qoynunda itib-batıram,
Fikrim axıb gedir, çaışb qalıram.
Ötən günlərimi yada salıram,
Dovşan ürəklidi, taleyim, neynim!

Hürkütdünmü susar, dinməz, danışmaz,
İncitdinmi. Ağlar, küsər, barışmaz.
Su üzündə yağa dönər, qarışmaz,
Dovşan ürəklidi, taleyim, neynim!

Daşın daşdan keçən taleyi, baxtı.
Zindan üzərində qurulub taxtı.
Mələklər döçünə qırmızı taxdı.
Dovşan ürəklidi, taleyim, neynim!

Bu daş üərklilər yandırdı, yaxdı.
İstehza eyləyib, qıyqacı baxdı.
Beynimdə gurlayıb, şimşəklər çaxdı,
Dovşan ürəklidi, taleyim, neynim!

Baxırsan qızıldan vardır dirəyi.
Məclislərdə başda durur yeməyi.
Mənim daşdan çıxır duzum-çörəyim.
Dovşan ürəklidi, taleyim, neynim!

Eqoist deyiləm, kini sevmirəm.
Olum onun kimi, inan, demirəm.
Mən “qara daş” kimi haram yemirəm,
Dovaşn ürəklidi, taleyim, neynim!

FƏLƏK

Nə hallara saldın məni, ey fələk,
Ağlasam, göz yaşım eyləməz kömək.
Yoxmuydu qəlbimdə bir arzu-dilək?!
Əlindən neyləyim, bilmirəm, fələk?

Niyə çatdırmadın istəyə, kama?
Həsrətmi qalacam su dolu cama?
Sən sınıq könlümü, ha sarı, yama,
Əlindən neyləyim, bilmirəm, fələk?

Gözlərim yollara həsrətlə baxar.
Vüsal qollarıma qandallar taxar.
Ünvanım düzsə də, çaşar, yad salar,
Əlindən neyləyim, bilmirəm, fələk!

Uğursuz bəndənəm bu yer üzündə,
Şadlıq heç görünməz qamlə çöhrəmdə.
Çağlar dərya təki yaş gözlərimdə,
Əlindən neyləyim, bilmirəm, neynim!

Ay mənə tikanlı məftillər hörən,
Bu qədər qisasdan doymadın görən?
Bu mən deyiləmmi ağılar deyən?
Əlindən neyləyim, bilmirəm, fələk!

HARA QAÇIM, HARA GEDİM?

Dağlar dumana bələnər,
Göydən yerə od ələnər.
Dərdim üstə çilənər,
Hara qaçım, hara gedim?

Nə qarşımda yol açılar,
Nə bu dumandan qaçılar.
Beynimə ox tək sancılar,
Hara qaçım, hara gedim?

Qaranlıqdan nur saçılmaz,
Dan ulduzu görsə, çıxmaz.
Dərya məni udar, sıxmaz,
hara qaçım, hara gedim?

-Bəndənin ögey balası,
Dözməlisən, döz qadası.
Yandım, yandıqca yanası,
Hara qaçım, hara gedim?