1405676128_vefa

Gündəlik xəbər saytlarını izlədikcə başlıqlar insanı heyrətə gətirir: gənc qızlara təcavüz edilməsi, zorakılıq faktları, intihar hadisələri, özünə qəsd – özü də ən dəhşətli hallarda: özünü yandırmaq, doğramaq. Bundan başqa, milli konçitalar, sənət naminə soyunanlar və bunun kimi bir çox biabırçı, tragikomik hadisələr…
Əxlaqi degenerasiya insanların beynini, ruhunu dondurub rəsmən.
İnsanlar sevgisizlikdən caniləşib, zövqsüzlükdən bilmir nələr etsin, mənəvi çöküntüdən depressiv hadisələrin sayı-hesabı yoxdur.

İnsanların ruhunu zənginləşdirəcək, yaşamaq sevinci gətirəcək, gözəl əxlaqı yaşamağa səbəb olacaq yeganə həll yolu Quran əxlaqıdır.
Niyə Quran əxlaqı? Çünki insanlara edilən təlqin nəticəsində bir çoxu kor-koranə dünyaya gəldiyini, özbaşına olduğunu və təsadüflər nəticəsində də dünyadan köçüb gedəcəyinə inanıb. Belə bir dünyagörüşünə sahib olan insanın əsaslandığı gerçəklər, inanclar puçdur. Dünya həyatının bütün zövqlərini yaşayıb tükədir, nəticədə, heç nədən zövq almayan, davamlı kədərli, sıxıntılı bir həyata məhkum olur.
Əlbəttə ki, özünün təsadüfən var olan kainatda təsadüfi bir yer tutduğunu düşünən bir insan gözünü belə qırpmadan cinayət törədə bilir. Heç kimə verəcək hesabının olmadığı üçün rahatlıqla müdafiəsiz insana təcavüz edə bilir.
Allah`ın varlığını bilən, daim özünü gördüyünü, axirətdə etdiklərinin cavabını verməli olduğunu bilən birisi, əlbəttə, hər əməlinə diqqət edər. Zorakılıq etmək bir tərəfə, düşüncələrində belə insanlara haqsızlıq etməkdən çəkinər. Yaradılanı sevər Yaradandan ötrü. Bütün kainatı, canlı-cansız hər varlığı, dünyanı və bütün sistemləri Allah`ın yaratdığının şüurundadır inanclı insan. Ədaləti, sülhü, barışı bərqərar etməyə can atar. Gözəl əxlaqı yaşamağı və yaşatmağa vasitəçi olmağı özünə borc bilər.
Əxlaqi dəyərlərə önəm vermək, leqal çərçivədə yaşamaq da insanın ülvi inanclara sahib olması ilə mümkündür. Halal dairəsində yaşamaq insanlara çətin görünə bilər. Lakin bunu çətin göstərən nəfsdir. Zinadan, əyyaşlıqdan, cinsi azğınlıqdan heç kim zövq alıb, xoşbəxt həyat yaşaya bilməz. Xoşbəxt kimi görünüb, özünü bu rola inandırmağa çalışar sadəcə. Ki, bütün maddi imkanlara sahib olduğu halda, depressiyadan əziyyət çəkən və intihara meyil edənlərin sayı minlərlədir. Allah Özündən uzaq düşənlərin sıxıntılı həyat yaşayacağını Quranda bildirib:
Kim Mənim zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olar… (Taha surəsi, 124)
Bir çox insan dini yaşayacağı təqdirdə həyatının məhdudlaşacağını düşünür. Halbuki, Allah Quranda dinin asan olduğunu, Quranı çətinlik çəkməyimiz üçün deyil, qaranlıqlardan nura çıxmağımız üçün nazil etdiyini bildirir. Dini çətin göstərən xurafatçı zehniyyətdir. Allah adına yalan danışan, Quranda olmadığı halda, yüzlərlə haram uyduran, halalları haram edən zehniyyət. Bidətlərdən uzaq, Allah`ın Quranda bildirdiyi İslam dinini yaşamaq çox asandır. İnsanı bir çox boyunduruqdan qurtaran, əsl azadlığı və xoşbəxtliyi yaşadan gerçək din əxlaqıdır. Allah ayələrdə qəlb rahatlığının, xoşbəxt həyatın sadəcə iman gətirməklə mümkün olacağını bildirir:
Bunlar, iman gətirənlər və qəlbləri Allah`ı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allah`ı zikr etməklə rahatlıq tapır. ( Rəd surəsi, 28)
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. ( Nəhl surəsi, 97)

Bütün problemlərin qaynağı düşüncə tərzindədir. Həyata baxış bucağındadır. Dünyada qonaq olduğunu bilən, ev Sahibini də yaxşı tanıyar. Bu evin Sahibkarının hər qayda-qanununa da əməl edər. Hədəfi əsl yurdu axirətə ən gözəl şəkildə qayıtmaq olan birisi hər an, hər əməlinə, hər düşüncəsinə diqqət edər.
Bunları edərkən Allah`ın sevgisini qazanmağı hədəf alar. Əks halda, Onun razılığından uzaq düşməkdən çəkinər. Pis əməllərdən çəkinməsinin səbəbi Allah`ın özünü tərk edəcəyi və Onun sevgisindən uzaq olacağı qorxusu olar. Bu qorxu hörmət və sevgi dolu qorxu olar.
Dolayısilə, başıboş olmadığını bilən, məsuliyyətinin şüurunda olan insan həm öz daxili aləmini gözəlləşdirər, həm də ətrafına gözəllik bəxş edər. İstər gündəlik həyatda, istərsə də, sosial şəbəkələrdə hər yazısı, hər cümləsi sevgi və hikmət dolu, faydalı və ali məqsədli olar.

Vəfa Kərimzadə