İç dünyam
Nizamlayar, tarazlayar, düzləyər
Dünyam məni, dünyam məni, iç dünyam.
Naqislikdən, nadanlıqdan gizləyər
Dünyam məni, dünyam məni, iç dünyam.
Qoymaz məni bölünməyə, bölməyə,
Toxunulmaz əl dəyməmiş ilməyə,
Vaxtsız-günsüz qocalmağa, ölməyə
Dünyam məni, dünyam məni, iç dünyam.
Yaradandı, yaşadandı, qurandı,
Məsləkimin keşiyində durandı.
Müqəddəsdən müqəddəsdi, Qurandı –
Dünyam mənim, dünyam mənim, iç dünyam!
Ögeyliyə ögeylərdən ögeydi,
Güneyinə həsrət qalmış quzeydi.
Şəhidlərə məzar olmuş muzeydi –
Dünyam mənim, dünyam mənim, iç dünyam!
Keçilməyən bir qalamdır – Ərg kimi,
Ümidgahım, səcdəgahım – pir kimi!
Qəbul eylər hər ərkimi – ər kimi –
Dünyam mənim, dünyam mənim, iç dünyam!
Baxtım
Mürgülü gözlər kimi
Hərdən mürgülü baxtım.
Ülgülü sözlər kimi
Qəlbi, ülgülü baxtım.
Bir hörgü daşısanmı?
Bir bulaq başısanmı?
Eşqimin yaşısanmı –
Eşqi hürkülü baxtım?!
Mizan-tərəzimisən?
Tale qərəzimisən?
Bir eşq mərəzimisən –
Dizi bükülü baxtım?!
Səni kim oyadar, kim,
Ay sonuncum, ay ilkim.
Bir az qımılda, silkin,
Taxtı sökülü baxtım.
Yol qurama, həndəsi,
Haqq tanımaz bəndəsin.
Küt gedəndə kündəsi
Külə tökülü baxtım.
Yol getdim yarımadan,
Yarı büt, yarı adam.
Baxtımı yarıdanam,
Məndən küsülü baxtım…