10585524_550119735111527_1369820917_n (1)

(Türkiyəli şair Osman Başın “Xarıbülbül” kitabını vərəqləyə – vərəqləyə süzülüb gələn düşüncələr)

Türk Türk olalı, dərdinə sarıldı. Amma ağlamadı, gözlərində düşməninə nifrət, dostuna sədaqət yaşadı. Onun ümidləri gözlərindən oxundu. Sevdasına sarıldı həm də. Çünki, sevdasından böyük, sevdasından ulu, sevdasından qutsal heç nə yox idi və ola da bilməzdi.
Bir eşq nağılına qulaq asdı. Bir sazın incə melodiyaları səsləndi qulaqlarında. Anasının laylası, atasının dağdan ağır nəsihəti hər daim onunla idi. “Oğlum, unutma ki, biz Türkük” – deyən bir ananın. “Hər zaman doğru ol, doğruya zaval yoxdur” – deyən atanın sözləri, söhbətləri aldı onu bu günlərə gətirdi.
Türk Türk olalı, bayrağını sevdi. Dalğalanan Türk bayraqları önündə diz çökməsini,öpüb başının üstünə qoymasını bildi. Göy üzü qoşa dalğalanan bayraqlarla bəzənəndə Türkün qürur mənbəyi həmin bayraqlar olur.

Göy üzü al bayraqlarla bəzənəndə
Qardaş bayraqlara külək oluram.

Göy üzündə dalğalanan qoşa bayraqlara heyran olan, onun uğrunda hətta külək olub əsməyə hazır olan Türk görün övladına nələri tövsiyə edir:

İtkin səhraların tənha balası,
Göylər dağları qarşına gətirməli.
Vətəninə hücumlar olanda
Üfüqlərin Fateh kimi geniş olmalı.

Hansı bir ulus, bir millət öz övladına bu qədər dəyərli nəsihətlər edib onu mərdliyə, Mübarizliyə, eyni zamanda haqqa və ədalətə, düşmənə qarşı qılınc kimi sərt, dosta qarşı həlim, yumşaq olmağı öyrədər, göstərin mənə. Göstərə bilməzsiniz, çünki dünya dünya olalı onun məhvərində fırlanan heç bir ulus dünyaya, Tanrıya, onun yaratdıqlarına Türk qədər sayğılı olmayıb. Onu və Onun yaratdıqlarını heç kim Türk qədər sevməyib. Amma heç bir ulus da Türk qədər Onun və yaratdıqlarının hüzuru üçün qılıncını qından sıyırıb qəza etməyib. Qutsal savaşlara qatılmayıb. Fərq etməz bu nədir, Görklü Göy Tanrının yaratdığı hər bir varlıq bu ulus üçün qutsaldır. Şuşada, Cıdır düzündə bitən Xarıbülbül də ola bilər bu, dağlarda əzəməti ilə hamını özünə heyran edən məğrur baxışlı şahin də. Gül də, çiçək, quş da, böcək də, hər şey qutsaldır ona görə. Amma ən əsası onun üçün qutsal olan Ana torpaqdır.

Bura insanlara dayan deyilən yer,
Bir alov məşəlinin min dərd üçün yandığı yer,
Ural – Altay kimi köklü çinarı
Qaşqara kimi uzanan könül gözü
Günəşin sulara təslim olduğu
Küləyin buludları əydiyi yer.

Ana torpağı qutsal bilən, ona toxunanın gözlərini oymağa hazır olan Türkün nəzərində bayrağı harda dalğalanırsa, Tanrının nəfəsini hara qədər apara bilibsə, gözü, könlü haranı özünə Vətən sayırsa, ora onun yurdudur, ora onun Vətənidir. Və o, Vətən bildiyi torpaqlara səslənəndə bu cür səslənir:

Ey ürəyimin dalğaları!
Qaf dağı boyda sevdalarım
Həsrətim, vurğun olduğum Xəzərim…
Bilirəm tanıyırsan məni
Balıqlar, qağayılar kimi
Yaxınam sənə;
Dağlar kimi, üfüqlər kimi
Xarıbülbül kimi uzağam sənə…

Türkün səbri genişdir. Susub gözləməyi bacarır. Amma intiqamı, qəzəbi və düşmənə qarşı savaşı çox ağır olur. Əslində, bunu bilənlər bilir. Elə ona görə də daim Onun başını qatmağa, xırda – xuruş işlərə müsəllət etməyə çalışırlar. Bilirlər ki, nizami – Aləm onun sancağının asıldığı yerdən başlayır. Çünki anası Türkü bələyəndə, ona baldan şirin laylalar oxuyanda:

Biz Türkük, oğul! Sazı ilə, sözü ilə, inancı ilə…
Bu dağların hər qarşının
Dostluğu da, yarlığı da Türkdür…

-deyib ana südü ilə canına, qanına milli – mənəvi dəyərlərini, kimliyini hopdurub, onu özündən uzaqlaşmamağa səsləyib. Çünki, Türk özündən uzaqlaşdıqca əsirə çevrilib. Çünki, Türk özündən uzaqlaşdıqca başı kef – damağa, eyş – işrətə qarışıb, təkrar özünə gəlib toparlanması isə bir çox mətləblərdən uzaq düşməsindən sonra baş verib. Amma, eyni zamanda Türk müharibə istəmir, Türk savaşçı olduğu qədər sülhün tərəfdarıdır. O, bir uşağın gözlərindəki təbəssüm üçün hər şeyi qurban verməyə hazırdır. O, qəlbinin əlacını tapanda bir saniyəsi bir il kimi görünür gözünə. Yəni, nə qədər çılğındırsa, bir o qədər də sevgi doludur.

Varlığı nə qədər gözəl,
Dizə gəldi əbəd, əzəl.
Bir saniyəm ilə bədəl,
Qum saatı doldu bu gün.

Bəli, əzəl əbədə yol gedən, hər gördüyünü, hər duyduğunu, hər hissetdiyini könül süzgəcindən keçirib bu günlərə gətirən Türk milləti və onun sevda elçiləri, şairləridir. Qarabağ həsrətimizi, Xarıbülbül nisgilimizi ulus olaraq dünyaya çatdırmağın bir yolu da heç şübhəsiz ki, şeirdir.
Şeir nədir – misra-misra, bənd – bənd həsrətinə doğru çəkilən yol. Elə Anadoludaki Xarıbülbül həsrətli şair Osman Başın Xarıbülbül üçün, Şuşa üçün çəkdiyi yol da Şuşanın, Cıdır düzünün, İsa bulağının özü kimi uğrunda qurban olunası yoldur.

Indi bahardayam, yolum Şuşaya
Cıdır düzündə bülbül olacağam…
Xarıbülbülün üstünə qonacağam əvvəlcə,
Düşmənimə şimşək olub çaxacaq
Dostun həsrətinə son qoyacağam…
Bu yol qutsaldır, Osman Baş! Qəzanız mübarək!