Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.
***
Xəstə baxışların
qaba sızıltılara sürtür özünü,
ürəyinin ritmi pozulur
tez-tez kökdən düşən
piano kimi.
Gözlərin hələ də can verir
yad baxış altda.
Nə vaxtsa
səni istəyənlərin sayı
indi sənə köhnə palaz kimi
baxanların sayı qədər olub
yəqin ki…
Sən də, bir az ayıq ol,
Axsaq, lüt-üryan kölgələrə
rəhm eləmə.
Taleyin heç kimə
yazığı gəlmir.
…Bilirsən,
səni,
bir gün aldadacam deyə
sevmədim…
***
İçimin odu qurtarır,
Güc ver da, Xudam, arada.
Bəzən örtük ola bilmir,
Başıma bu dam, arada.
Kimdi ki, əzrayıl, kimdi?
Nola, əlimə düşə tək…
Güddüyüm alagöz qızın,
Baxışı sınır şüşətək.
Allah da zülümün kəsmir,
Ömür də dada gəlmir ki…
Gedirəm, kölgəm arxamca,
Ya gəlir, ya da gəlmir ki…
Adam olmaqdan bezmişəm,
Çiynimdə heybə, gedirəm.
Soruşma, yolun haradır?
Mən artıq Qeybə gedirəm.