SEVDİYİN QADIN
Ciyərlərinə çəkdiyin siqaretindir sevdiyin qadın…
yanındaykən belə çox vaxt çaşıb qonşu otaqda axtarırsan onu…
xatireleşdirib səni…
xatırlayasan deyə…
suya həsrət devə kimidir sevdiyin qadına məhəbbətin…
dözürsən…
Sənə odur, dözür…
Mən olsam, dözməzdim.
Bu,mənəm , dözürəm,
Heç kim dözməzdi…
QADINA BƏNZƏYƏN QIZ AĞLAYANDA
Ölüm ölməzliyə qovuşub qalar..
Varaq darıxanda , söz ağlayanda..
Hardasa səninçün dil danışanda,
Hardasa səninçün göz ağlayanda…
Saçların sığala tamarzı yatar,
Başını xatirə, xəyallar qatar,
Arzun arzularda arzuya çatar,
Bir başa həsrətli diz ağlayanda…
Qəfil yuxulardan oyanıb susar,
Gözləri qan-yaşa boyanıb susar,
Qapı arxasında dayanıb susar,
Qadına bənzəyən qız ağlayanda…
MARKESƏ MƏKTUB
Cıxıb ayrılığın bətnindən çıxıb,
Astarın üzünə tikdi bu qadin…
içində “yüz ilin tənhalığı” var,
Yüz ildi tənhadi, təkdi bu qadin.
Qışın oğlan çağı unudulubdu,
Yayın ortası da üşüdüb onu.
Kiçik ayrılıqlar yaşamayibdi,
Böyük ayrılıqlar yaşadıb onu…
Quylanıb qorlara qız doğulalı,
Körüyü üstündə közdü bu qadın..
Yüz ildi tənhadı, yüz ildi təkdi..
Qadın cildindəki qızdı bu qadın…
SƏNƏ
evindəki son işıqdı qadınlığım…
son lampadı, son közərti,son ümid…
əlindəki stəkanda sonuncu çay qurtumudur
boğazından keçməyən sözlərim…
otağının həniridir, ürəyimin istisi
Xəyalında başını söykədiyin dizlərim…
bir az alatorandır gözlərimin sənə düşən işığı,
axşam işdən gələn simandır
mənim yoxladığım dəftərlər… cümlələr…
bəzən səliqəli, bəzən oxunaqsız…
bəzən rəvan, bəzən müəmmalı nələr… nələr…
yaşına sığdırmadığım hərəkətindir qaçışın…
otağındakı kaktus güllərini əbəsmi sevmişəm?
onlar bilgisayarının şüasını,
mən canının qadasını alıram…
Sən gedirsən, mən qalıram…
Yat, yuxun şirin olsun.
KOD
Mənim bu dilimin acılığından,
Ezop da yüyürsə, dadına çatmaz,
Könlünün “Axilles dabanı”n bilir,
İnan ki, kimsə bu qadına çatmaz…
Sən elə bilirsən, asan qadındı,..
Mənim məhəbbətim sərin mey deyil.
Sənin itkin ilə mənim qazancım
“Pirrin qələbəsi”, başqa şey deyil.
“Qu quşu yuvası” saxlayar bizi,
“Simurq”u yandırsan, oduma çatmaz,..
Bu qadın bir baxar, qatar yuxunu,
İnan ki, kimsə bu qadına çatmaz.