Bir Şəmşir olaydı, bir mən olaydım,
Ovsun o olaydı, sirr mən olaydım.
Cahan o olaydı, şir mən olaydım,
Kaş mən o yuxudan ayılmayaydım.
Hər igid dağların mərdi, əriydi,
Hər gözəl məclisdə nazlı pəriydi.
Dövrədə Kəlbəcər şairləriydi,
Kaş mən o yuxudan ayılmayaydım.
Sıldırım qayaları düşmən qorxudan,
İnsan oxuyandı, dağlar oxuyan.
Məni kim ayıltdı şirin yuxudan,
Kaş mən o yuxudan ayılmayaydım.
Qarlı zirvələri öyəydi Məmməd,
Kövrək şeirlərdən deyəydi Məmməd,
Paltarı çiçəkdən geyəydi Məmməd,
Kaş mən o yuxudan ayılmayaydım.
Oynaşan görəydim oğul-uşağı,
Qaynaşan görəydim odu-ocağı.
Üzümə güləydi “Ceyran” bulağı,
Kaş mən o yuxudan ayılmayaydım.
Hərə bir arzuda, hərə bir yaşda,
Güləydi ömrümüz torpaqda, daşda.
Qəmbər oturaydı yuxarı başda,
Kaş mən o yuxudan ayılmayaydım.
Can verər iştaha, dəm verər aşa,
Ruh verər ömürə, ruh verər yaşa.
Baxdıqca baxaydım “Yeddiqardaş”a,
Kaş mən o yuxudan ayılmayaydım.
Qoca Dəlidağın dəli köhləni,
Cığırdan cığıra ataydı məni.
Çığnayıb keçəydim dumanı, çəni,
Kaş mən o yuxudan ayılmayaydım.
Bir zindan kəsildi bizlərə, zindan,
Bir göz qırpımında dəyişdi zaman.
Hanı Güllü nənə, hanı Ağdaban,
Kaş mən o yuxudan ayılmayaydım.
Uzun bir söhbətdir, bir mərəkədir,
Torpaq əsarəti qara ləkədir.
Ayılmaq özü də bir təhlükədir,
Kaş mən o yuxudan ayılmayaydım.
Yamyaşıl yarpaqdı, sapsarı xəzəl,
Bu dağlar qədimdi, bu dağlar əzəl.
Nə gözəl yuxuydu, Allah, nə gözəl,
Kaş mən o yuxudan ayılmayaydım.
Səmtini itirən yoldu, cığırdı,
Yazıqdı, yetimdi, kütdü, fağırdı.
Zəlimxan olmağın dərdi ağırdı,
Kaş mən o yuxudan ayılmayaydım.