Köhnə xatirənin həmişəyaşıl şeiri…
Ümid ömrümə sığmırsa
tək səbir gətirmək olmur…
xatirəni nə qorumaq,
nə salıb itirmək olmur.
tale borcdu, ömür kirə…
bəxt-ağ gününə kirkirə…
bu ömürdən o ömürə
bir gün pay ötürmək olmur.
ayrılıq da bir həvəsmiş,
xatirən ömrümə bəsmiş.
sənsizliyin bəd rəngdəymiş
geyinib bəzənmək olmur.
kədər ömrün bac-xəracı,
nə ahdı bu acı-acı?!
həsrətin göz yaşı acı
ağlayıb yetirmək olmur.
zəfər deyil ömrü aşmaq
sevinc bir tay qızıl başmaq
nə sənsiz ömrü yaşamaq,
nə də ki bitirmək olmur…