* * *
Göydə ulduz əlçim-əlçim,
Gözlərimə baxar, gedər…
Bu həsrətə dözəcək kim,
Həsrət məni yaxar, gedər…
Göydə ulduz qatar-qatar,
Sərnişini xəyalındı,
Bəxtim elə yatar, yatar,
Röyası da hicranındı…
Göydə ulduz birər-birər,
Hərəsi bir güvən, ümid…
Məni məndən alar gedər,
Vüsaldan üzülən ümid…
Göydə ulduz düzüm-düzüm,
Unutdurar məni mənə…
Daha yoxdur sənə sözüm,
Qaytar ver özünü mənə…
* * *
Ayrılığı tanımırdın,
Ayrıldıq… Xoşun gəldimi?
Bədbəxtliyin məni saydın,
Xoşbəxtlik tuşun gəldimi?
Öz təkliyinin filmində,
Baş rolda məni çəkəsən…
Hönkürəsən dəlilərtək,
Bir azca mənə çəkəsən…
Ürəyin dərddən hayqıra,
Məni günahkar sayasan…
Öləm gedəm, ayrılıqdan
Bir şeir də sən yazasan…