Alın yazıma qaytar…
Allah, bu nə sitəmdi,
Məni özümə qaytar.
Qismətimdən qaçmışam,
Alın yazıma qaytar.
Sirrimi quşdan çıxart,
Ağacdan, daşdan çıxart.
Bu qarlı qışdan çıxart,
Güllü yazıma qaytar.
Məni bu məndən qopar,
RUHu bədəndən qopar.
Görsən lazımam, apar,
Görsən lazımam, qaytar
***
Ruhum dara çəkilir,
Bu dardan qurtar məni.
Gəl apar uzaqlara,
Gəl, burdan qurtar məni.
Buralar qan qoxuyur,
Qanlı qəfəs toxuyur.
Bir anadil oxuyur:
Ağar dan, qurtar məni.
Dolmuşam, yağım gedim,
Abrımı yığım gedim.
Gəlmişəm, çıxım gedim
Yaradan, qurtar məni!
***
Bahar çiçək ömrüdü,
Gömgöy dilək ömrüdü.
Bahara çək ömrünü,
Qışına bel bağlama.
Aydı, gündü, saatdı,
Ömürlə zarafatdı.
Bu dünya amanatdı,
Daşına bel bağlama.
Varıb görmüşən sonu,
Görüb, bilmişəm bunu:
Tanısan da dostunu,
Aşına bel bağlama.
***
Dünyaya dünən gəldi,
Bu gün köç etdi ömrüm.
Gələndə mənnən gəldi,
Küsdü, tək getdi ömrüm.
Ruhuydu, uçdu getdi.
Safıydı, suçlu getdi.
Əlimdən qaçdı getdi,
Gözümdən itdi ömrüm.
Oxşamadım bircə gün,
Hər günü qəmə sürgün.
Məndə məndən didərgin
Yaşadı, bitdi ömrüm.
***
Hara gedim, mən bəndən
Bu yer üzündən, Allah?
Bu yer üzü yaş olub,
Axır gözümdən, Allah!
Sonuncu ümidimin,
Sonuncu şamı söndü.
Yaşamaqdan, yazmaqdan
Könlümün üzü döndü.
Of… Necə də zalımmış,
Zalımmış bu adamlar.
Bu adamlar içində,
Ürəyimə qan damar.
Hardan gəldim dünyaya,
Gəldiyim günə lənət!
Bu dünyanı dərk edib,
Bildiyim günə lənət!
Bu adamlar qoymadı,
Ömrümü yaşayım mən.
Ömür də bəhanədir,
Özümü yaşayım mən.
Bu adamlar içində,
Adam ola bilmədim.
İntihar edə bildim,
Edam ola bilmədim.
***
Dünya yaman soyuqdu,
İstilər, ay istilər.
Başım üstən küləklər,
Əsdilər, ay, əsdilər.
Yordu məni o ki, var,
Boş-bekara qayğılar.
Təmiz hisslər, duyğular
Küsdülər, ay, küsdülər.
Ha dedim, ürək, qorun,
Çiçəksən, çiçək, qorun.
İndi də korun-korun
Tüstülə, ay, tüstülə
***
Darıxmışam səninçün,
Ay təmiz, ağ ürəyim.
Hardasan, ay bənövşə,
Nərgiz, zanbağ ürəyim?
Kimdi sənə daş atan,
Kimdən gəldi xoş xatan,
Eşqi qanına qəltan,
Köksü dağ-dağ ürəyim?
Ağlama, bəsdi, kiri,
Dedimmi, sevmə şeri,
Ay bir zaman dipdiri,
Ay sappasağ ürəyim?!
İndi yan-yaxıl belə,
İndi çox sıxıl belə.
Mərd Şahinə Könülə,
Namərd, alçağ ürəyim…