12091354_1653537131524991_3860076084131834097_o

Axdı qəlbdən dilə, bir neçə kəlmə,
Söyləyim, qulaq as, sən yavaş- yavaş.
Sırınıb qəlbimə qəm ilmə- ilmə,
Dərddə qərq oluram, mən yavaş- yavaş.

Olsa da könlümdə hisslər dum- duru,
Zaman alazlayır əqli, şüuru.
Azalır günbə-gün gözlərin nuru,
Ələnir saçlara, dən yavaş- yavaş.

Itib damaq dadı, hər bir nemətdə,
Xoş bir şey görmürəm, bu əlamətdə.
Artıq söz dinləmir vücud, qamət də,
Azalır hünər, güc tən yavaş- yavaş.

Yaxamdan əl çəkmir dərd, bəla, qada,
Gərəksiz olmuşam qohuma, yada.
Xəyal da, güman da, çatmayır dada,
Itir zehin, yaddaş, zənn yavaş- yavaş.

Ümidim, pənahım,tək Ulu Rəbbim,
Ey Dövran,Onunçün döyünür qəlbim.
Rəhm etsin, sönməsin ilhamım, təbim,
Çəkilsin başımdan, çən yavaş- yavaş…

25.12.2015.