10363926_845257905502955_2798938368722294118_n

Bahadur QOBUSTAN (Seyidov Bahadur Eyub oğlu) 1984-cü il 1 avqust tarixində Qobustan rayonunun Bəklə kəndində anadan olub. Orta məktəbi Doğulduğu kənddə başa vurub. 2002 ci ildə Gəncə Dövlət Ünveristetinə qəbul olub və 2006 cı ildə bu həmin Univeristetdən məzun olub. Unvristet illərində (2002-2006) Töhfə qəzetində müxbir kimi çalışıb. 2006-2007 ci illrdə hərbi xidmətini başa vurub. 2007-2011 ci illərdə Qobutan rayon Bəklə kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib. 2011 İldə Anews.az saytında müxbir kimi fəaliyyət göstərib. 2012-ci ildən etibarən Azad Azərbaycan Müstəqil Teleradio Şirkətində (ATV) redaktor kimi çalışır.
500-dən çox şeir, 20 hekayə, bir roman müəllifidir. Əsərləri müxtəlif almanaxlarda, qazet və jurnallarda, Elektron dərgilərdə mütamadi olaraq dərc olunub. Bir tərcümə kitabının müəllifidir.
Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan ” Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
Dokkuziklim.net ədəbiyyat saytının baş redaktorudur.Ailəlidir. Iki uşaq atasıdır.

Bahadur Qobustanın müxtəlif illərdə yazdığı bir neçə şeirini sizə təqdim edirik.

Qaralar bizi dərdilər

Qaralar bizi dərdilər,
Ağ yuyub qara sərdilər
Bizə bir tikə verdilər
Bizim milyon tikəmizdən

Bağladı qapı-bacalar
Çözülmədi tapmacalar
Qırıldı bap-balacalar
Zərbə gəldi yekəmizdən

Hərə bir tikə götürdü
Qalnın yekə götürdü
Vətən də ləkə götürdü
Vicdandakı ləkəmizdən

Böyümədi adamlar

Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi…
Yenə də insan oğlu
Tikana qarğış etdi,
Gülə alqışlar dedi.

Beləcə keçdi ömür…
İnsanın atdığı daş
Dəyişdi yavaş-yavaş
Daha da ağır oldu
Böyümədi adamlar
Bitmədi göz yaşları
Yenə quru yer üstə
Elə o yerdən ötrü
Düşdü insan başları.

Beləcə bir-birinə
Zənci dedi adamlar
Rus, ingilis, türk dedi
Sığındığı kölgəyə
Güclü dedi admlar.
Biri özünə uca
O biri böyük dedi.
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi.

Beləcə kölgə oldu
Dünyanın hər bir yanı.
O dedi günəş hanı
Bu dedi ay necoldu
Yenə sevgi qazandı
Yenə dünyadan ötrü ölənlər gülünc oldu
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi.

Və ən axrıcı dəfə
Yığşdılar adamlar
Məzar üstə əl açıb
Göylərə boylandılar
Allah düşdü yadına
Hər günahkar adamın
Sonra torpaqladılar üstünü yavaş yavaş
Qədirbilməz qonşular
Laqeyid qohum-qardaş
başladılar övgüyə
Biri dedi ay idi
Bir dedi günəş idi
Beləcə illər ötdü,
Bir udum ay yedi dünya
Bir udum günəş yedi.

O qız desəydi

Görüb onu bircə kərə
Vurulmuşdum birdən-birə…
Bütün aləm ağlasaydı,
Sözünü salmazdım yerə
Gülərdim, o qız desəydi.

Çox sevirdim mələyimi,
Puç elədi diləyimi…
Tikə böldüm deməsə də…
İki yerə ürəyimi
Bölərdim, o qız desəydi.

Heç kəsə inanmaz idim,
Mən ürəkli qanmaz idim…
Cəhənnəmdə yurd salsaydı,
Yanına yubanmaz idim
Gələrdim, o qız desəydi.

İndi ondan təmənna yox,
O qızla bağlı dünya yox..
Sadəcə bir təsəlli tək
Məni sevərdimi ya yox
Bilərdim, o qız desəydi.

Bulud var şimşək çaxmayıb,
O su bu arxa axmayıb…
Allahın yazığı gəlib
Şükür, dilindən çıxmayıb
Ölərdim, o qız desəydi.

Görünmür

Həyatda çırpışır xeyir ilə şər,
Biri hökm edərkən biri görünmür.
Əzəldən qəribə yaranıb bəşər,
Qəribə dünyanın sirri görünmür.

Ömür yollarında mənalar dərin,
Pislər zəpt eyləyib yaxşının yerin,
Mənim gözlərimdə tük seçənlərin,
Gözündə nadanlıq tiri görünmür.

Adam var düz deyil heç bir sözündə,
Kiçilib düzlərin itir izində,
Amma nədəndirsə onun gözündə,
Dünyada özündən iri görünmür.

Dolanır səhranı şölü dirilər,
Üzmür bu həyatdan əli dirilər,
Yaşayır dünyada ölü dirilər,
Ölərkən yaşayan diri görünmür.

Mənasız fikirlər satılır baha,
Insan asi çıxır indi Allaha,
Istərəm dünyadan köçüm mən daha,
Neyləyim bir ümüd yeri görünmür.

Gəncə 2002 oktyabr.

Yavaş-yavaş

Yaman dəyişmisən bilmirəm nədən,
Bir zaman eşqimə cavab verdin sən,
Indi gül üzünü alıb duman, çən,
Əllərin buz olub ürəyinsə daş,
Daha ayrılırıq biz yavaş-yavaş.

Inciyib küsürsən hər bir sözümdən,
Olmaq istəyirsən uzaq gözümdən,
Məni çıxarırsan niyə özümdən,
Hər gün bir iztirab, hər gün bir təlaş,
Daha ayrılırıq biz yavaş-yavaş.

Səni ayrılığa səsləməsəm də,
Ürəyimdə nifrət bəsləməsəm də,
Mən bu ayrılığı istəməsəm də,
Ürəyimdə kədər gözlərimdə yaş,
Daha ayrılırıq biz yavaş-yavaş.

Gözümün yaşları sel kimi axır,
gözlər… o gözlər nə məlul baxır,
Ayrılıq qəlbimi yandırıb yaxır,
Bu sevgi məhəbbət olmayaydı kaş,
Daha ayrılırıq biz yavaş-yavaş.

Axı niyə

Axı niyə məndən qaçırsan belə,
Yoxsa ki eşqimi yalan bilirsən,
Bəlkə də çoxları kimi sən hələ,
Məni də vəfasız oğlan bilirsən.

Ürkək baxışlarla baxırsan hərdən,
Qısqanır gözümü gözünə çoxu,
Səni sevdiyimi soruşma məndən,
Səni sevməyimi gözümdən oxu.

Gedirəm deyirsən

Gedirsən, bir addım uzaqlaşdıqca,
Köksümü yerindən qoparırsan sən,
Təmanna ummadın məndən sadəcə,
Vuran ürəyimi aparırsan sən.

Baxışın qəlbimdə dönüb dənizə,
Ürək bu dənizdə qəm adlı ada,
Istərəm qovuşaq bir-birimizə,
Sən atlı olmusan, mənsə piyada.

Bəlkə alnımıza belə yazılıb,
Bəlkə qismətimiz bu imiş bizim,
Düşüb dərinlikdə yolunu azıb,
Sevgimiz quruyan su imiş bizim.

Gedirəm deyirsən dilində ancaq,
Gözlərin başqa cür söz deyir mənə,
Yanır orda ümüd adlı bir çıraq,
Hələ gözlə deyir, döz deyir mənə.

Mənimçün nə qədər olmasa asan,
Hələ bu sevgidən alıram qida,
Indi iki yolun ayrıcındasan,
Gəlsən xoş gəlmisən, getsən əlvida.

Gərək sevməyəydim

Bir dəfə qoymadın ürəkdən gülüm,
Saxla nəzabını, saxla yadında,
Sən mənə bu boyda dünyada gülüm,
Kiçik çəmən idin, sevgi adında,
Haçan baxsam gördüm çiçəksiz səni,
Gərək sevmıyıydim gərəksiz səni.

Tale sevgi adlı şirin barını,
Nə olar aşiqə kal gətirməsə?
Dolanıb boşuna gəzən arını,
Qutuya qoymazlar bal gətirməsə,
Mənsə qarşıladım pətəksiz səni,
Gərək sevməyıydim gərəksiz səni.

Keçdi hər dəqiqəm qəmdə, təlaşda,
Getdin özgəsinin baxtına düşdün,
Mən səni sevməzdim indiki yaşda,
Ağlımın kəsməyən vaxtına düşdün,
Tapmışdım arzusuz, diləksiz səni,
Gərək sevməyəytdim gərəksiz səni.

Getmisən demirəm geri dön sənə,
Qayıt yaraları dərinə qoy get,
Deyirəm bir dəfə geri dön yenə,
Barı ürəyimi yerinə qoy get,
Mən axı qoymazdım ürəksiz səni,
Gərək sevməyəydim gərəksiz səni