10 İyul 2015-ci il tarixində, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc xanım yazar Aliyə Əsədovanın “Payız nəğməsi” adlı ikinci şeirlər kitabının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, yazıçı Qalib Şəfahət, “Gənc Ədiblər Məktəbi”nin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Günay Həsənli və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri, şairə Fərqanə Mehdiyeva ilk növbədə tədbir iştirakçılarını salamlayaraq, gənc xanım yazar Aliyə Əsədovanın yeni işıq üzü görən “Payız nəğməsi” adlı kitabı haqqında məlumat verərək, yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu ilk günlərdən bu yana daim axtarışda olduğunu dilə gətirib.Daha sonra düzənlənən tədbirdə iştirak edən qonaqlar da öz növbələrində yeni işıq üzü görmüş kitab haqqında öz fikir və düşüncələrini bölüşüblər, yeni yaradıcılıq uğurları və fəaliyyəti dinləyiblər.Tədbirin gedişatında yaradılan şəraitə görə, müəllif Aliyə Əsədova Azərbaycan Yazıçılar Birliyinin Rəhbərliyinə müraciət edərək, onlara dərin təşəkkürünü bildirib, məmnun olduğunu bildirib. Sonra isə yeni işıq üzü görmüş kitablarından tədbir iştirakçıları üçün imzalayaraq hədiyyə edib. Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti