METENİ GÖRDÜM DÜNƏN

Əkbər Qoşalıya

Meteni gördüm dünən,
Köçəsgərə gəlmişdi,
Qucaqlaşdıq, görüşdük.
Üst-başından, saçından
Yovşan qoxusu gəldi,
Təzə yağmış qar ətri,
Turan qoxusu gəldi.

Meteni gördüm dünən,
Köçəsgərə gəlmişdi,
Əlini sıxdım onun,
Ürəyim dağa döndü,
Qayalar çiçəklədi,
Səhralar bağa döndü.
Şükr elədim Tanrının
Kərəminə, lütfünə,
Yuxularım çin oldu.

Meteni gördüm dünən,
Köçəsgərə gəlmişdi,
Tanrı nuru üzündə,
Dünyanın dərdi-qəmi
Gözəlləşdi gözümdə.

Meteni gördüm dünən,
Köçəsgərə gəlmişdi,-
Tonqallar çatmaq üçün
Haçadağın başında!
Millət yumruğa dönər
Dağ dağa qovuşanda!