İlham Mikayıl-şeirlərini sevə-sevə oxuyub dövri mətbuatda qəzet və jurnal səhifələrində böyük məmnuniyyətlə çap etdirmək istədiyim gənc qələm yoldaşım və şair dostum.
Şair ürəyinin çırpıntıları təkcə şeirlərində deyil, eyni zamanda adi danışığında da duyulur.Axı o bu mənada şairdi.İstər poeziyada, istərsə də adi danışığında belə.
Kəlbəcər ədəbi mühitinin XXI əsr Çağdaş Azərbaycan poeziyası üçün yetişdirdiyi ən gözəl şairlərindən birincisidir.Çünki müasir çağdaş dövrümüzdə Kəlbəcərin həsrətini, kədərini, qəmini qəlbinin dərinliyində saxlayıb şair təxəyyülü, obrazlılığı eyni anda birləşdirərək şair qələminin süzgəcindən keçirərək ərsəyə gətirir.Özü də istər xalq şeiri, istərsə də klassik üslubda qələmə aldığı ədəbi-bədii nümunələrdə.Məhz sadalanan yüksək əxlaqi keyfiyyətlər Dünya Ədəbiyyatı, o cümlədən Türk Ədəbiyyatı üçün bənzərsiz şəxsiyyətlər yetişdirən Azərbaycan Ədəbiyyatına bağlı olması əslində zaman-zaman Böyük Türk torpağının tarixin astanasında başına gələn dəhşətli tarixi-xroniki hadisələrinə obrazlı şəkildə münasibət bildirməsi normal hal kimi qəbul olunmalıdır.
Mənsub olduğu xalqın ədəbiyyatını, mədəniyyətini, adət-ənənəsini dərindən öyrənməyə çalışan müəllif xalqın dünənini, bu gününü, sabahını varaqlayıb orada yeni bir şeiri üçün detal axtaran, qəlbən narahat və həqiqi mənada böyük ədibdir.
Folklor ənənəsinə, şifahi xalq yaradıclığına söykənəndə isə şeirində obrazlılığın gücü və təsiri daha da artır.Təbiət etibarı ilə sakit və narahat olan gənc ədib xalq ruhunda yazdığı poeziya nümunələrinin sayını artırmaqdadır.
Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış etməsinə baxmayaraq, oxucular arasında dərin və silinməz iz qoyur.
İctimai-siyasi mövzuda qələmə aldığı cəmi dörd bənddən ibarət olan “Qocalır” rədifli şeiri isə onun bu sahədə, həqiqətən də, gözəl poeziya örnəklərini yazmağa qadir olduğunu bir daha sübut edir.Şair qələmindən çıxan nümunələri özünün aktuallığını itirməyib.
Tələbəlik illərində qələm yoldaşı, şair dostu Nemət Tahirlə məktublaşma formasında yazdığı şeiri hələ də oxucuların diqqətindən yayınmır.

KƏLBƏCƏR HƏSRƏTLİ ŞAİRİM MƏNİM

Kəlbəcər ədəbi mühitinin XXI əsr Çağdaş Azərbaycan poeziyası üçün yetişdirdiyi ən gözəl ədib və gənc şairlərin ən gözəli, canı, qanı, ruhu qədər Azərbaycan torpağına bağlı olan şair qardaşım İlham Mikayıla ulu sayqılarla!

Kəlbəcər dərdinə çəkirsən haray,
Kəlbəcər həsrətli şairim mənim.
Uçmasın qəlbində qurulan saray,
Kəlbəcər həsrətli şairim mənim.

Kaş indi düşəydi güzarım mənim,
Dağılsın qəlbimdə azarım mənim.
Qazılsın torpaqda məzarım mənim,
Kəlbəcər həsrətli şairim mənim.

Ağlayan, sızlayan dən olmuşam mən,
Kəlbəcər dərdinə tən olmuşam mən.
İnləyən, göynəyən çən olmuşam mən,
Kəlbəcər həsrətli şairim mənim.

Yanaqdan gözünün yaşı düşəcək,
Ayna Xəzərimin qaşı düşəcək.
AVEYİN, MUROVUN daşı düşəcək,
Kəlbəcər həsrətli şairim mənim.

Qaralar yerində ağa dönəcək,
Yolların sol səmti sağa dönəcək.
Dərdlilər yenə də dağa dönəcək,
Kəlbəcər həsrətli şairim mənim.

Dərdimiz böyükdü bir Xəzər qədər,
Yaşanan ömrümüz getməsin hədər.
Dağılsın gözlərdən ayrılıq, kədər,
Kəlbəcər həsrətli şairim mənim.

Sənin də, mənim də dərdimiz birdi,
Koroğlu hünərdə mərdimiz birdi.
Kəlbəcər həsrəti yuxuma girdi,
Kəlbəcər həsrətli şairim mənim.

ƏLƏSGƏR ŞƏMŞİRLƏ saza dönəcək,
Zimistan torpaqda yaza dönəcək.
Çoxları azalıb, aza dönəcək,
Kəlbəcər həsrətli şairim mənim.

Bir elin, bir yurdun canındasan sən,
Yenə laxtalanan qanındasan sən.
Kəlbəcər yurdunun yanındasan sən,
Kəlbəcər həsrətli şairim mənim.

Ruhunda, canında KƏLBƏCƏR kimi,
Dastanın ərlikdə hey HƏCƏR kimi.
Həsrətli ömrümün sonuna kimi,
Kəlbəcər həsrətli şairim mənim.

KƏLBƏCƏR yurdunun canı, ruhusan,
“QURAN”da görmüsən ADƏM, NUHU san.
Yurdun ərşə çatan haray, ahu san,
Kəlbəcər həsrətli şairim mənim.

Bilirəm, dərdimiz sona yetəcək,
Qəmimiz azalıb ona yetəcək.
Sevincə atayla ana yetəcək,
Kəlbəcər həsrətli şairim mənim.

Dərin hörmət və ehtiramla:

Kənan AYDINOĞLU.
“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.