Xurafatçılar yəhudilərin lənətli olduqlarını, mütləq öldürülməli, sürgün edilməli və insan kimi rəftar edilməməli məxluqlar olduqlarına inanırlar.
Xurafatçılar arasında qadın düşmənçiliyindən və təriqət düşmənçiliyindən əlavə daha bir mövhumatçı düşüncə vardır ki, bu da yəhudilərə qarşı duyduqları amansız nifrət hissidir. Xurafatçılar yəhudilərin lənətli olduqlarını, mütləq öldürülməli, sürgün edilməli və insan kimi rəftar edilməməli məxluqlar olduqlarına inanırlar. Bu yazımızda xurafatçıların Quran əxlaqından tamamilə uzaq düşüncə və rəftar formalarını yenə Quran ayələri işığında incələyəcəyik. Unutmaq olmaz ki, Quranda yəhudilərin təhdidi ilə bağlı ayələr onlardan sadəcə bir qisminə yönəlmişdir. Allah Quranda Kitab Əhlinin (yəhudi və xristianların) içində gözəl əxlaqlı və pis əxlaqlı insanların da olduğunu bildirir. Belə ki, Allah xüsusilə yəhudilərə diqqət çəkərək: “Musa qövmündən (yəhudilərdən) haqqa çatdıran və onunla ədaləti bərqərar edən bir qrup vardır” (Əraf, 159) deyə buyurur. Bundan əlavə, Quranda dəfələrlə yəhudi və xristianların sadəcə bir qisminə xitab edildiyi də vurğulanmışdır:
“Kitab Əhlindən çoxu…” (Bəqərə, 109)
“Kitab Əhlindən bir qrup…” (Ali-İmran, 69)
“Kitab Əhlinin bir hissəsi…” (Ali-İmran, 72)
“Kitab Əhlindən elələri vardır ki…” (Ali-İmran, 75)
“Onların hamısı bir deyildir. Kitab Əhlindən bir camaat vardır ki…” (Ali-İmran, 113)
“Bəzi yəhudilər…” (Nisa, 46)
“…Yəhudi müdriklərindən bir çoxu…” (Tövbə, 34)
“İsrailoğullarından (yəhudilərdən) müdriklər…” (Şuəra, 197)
Ayələrdən açıq-aşkar görünür ki, Quranda yəhudilərə və xristianlara bütövlükdə xitab edilmir. Eynilə digər ayələrə də baxdığımız zaman, Kitab Əhlinin- yəhudi və xristianların içində doğru yolu mənimsəmiş insanların olduğu açıq şəkildə bildirilir:
“…(Yəhudi və xristianların) aralarında haqqı etiraf edən bir camaat vardır…” (Maidə, 66)
“…Kitab Əhli də inanmış olsaydı, əlbəttə özləri üçün xeyirli olardı. İçlərindən iman edənlər vardır…” (Ali-İmran, 110)
Yəhudilərdən bir qismi Cənnətə girəcək
Xurafatçıların şiddətlə dəstəklədikləri fikirlərdən biri də yəhudi və xristianların qətiyyən Cənnətə girə bilməmələridir. Bunun üçün xurafatçılar Quranın bu ayələrini də təkzib etməyə hazırdırlar:
“Şübhəsiz ki, möminlərdən (Müsəlmanlardan), yəhudi, xristian və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər” (Quran, 2:62)
“Onların (yəhudi və xristianların) hamısı bir deyildir. Kitab Əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, Axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndir. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır” (Quran, 3:113-115)
“Həqiqətən, Kitab əhlindən (yəhudi və xristianlardan) elələri də var ki, Allaha itaətkar olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir” (Quran, 3:199)
“Lakin onlardan (yəhudilərdən) elmdə dərinləşənlər ilə möminlər sənə endirilənə və səndən öncə endirilənə inanırlar. Namazı dosdoğru qılanlar, zəkatı verənlər, Allaha və axirət gününə inananlar- məhz bunlar, Biz bunlara böyük bir əcir verəcəyik” (Quran, 4:162)
“İman gətirənlərdən (Müsəlmanlardan), yəhudilərdən, sabii və xristianlardan Allaha və Axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər” (Quran, 5:69)
Quranın bu ayələrindən açıq-aşkar görünür ki, Allah Müsəlmanlardan əlavə, yəhudi, xristian və sabiilərin də bir qisminə Cənnəti vəd etmişdir.
Yəhudilərin yeməyini yemək halaldır
“…Kitab verilənlərin (yəhudi və xristianların) yeməyi sizə halal, sizin də yeməyiniz onlara halaldır…” (Maidə, 5)
Yəhudilərlə evlənmək halaldır
“…Möminlərdən azad və iffətli qadınlar ilə sizdən öncə kitab verilənlərdən (yəhudi və xristianlardan) azad və iffətli qadınlar da namuslu olduqları, zina etmədikləri, gizlin dostları olmadıqları və mehrlərini verdiyiniz təqdirdə sizə halal edildi…” (Maidə, 5)
Allahın Quranda bildirdiyi və xurafatçıların şiddətlə qarşı olduqları bu həqiqətlərdən bir çox insan xəbərsiz qalır. Allahın “onlarla evlənə bilərsiniz” deməsi, yəhudi və xristianlarla eşq dərəcəsində bir yaxınlıq qura biləcəyimizin açıq göstəricisidir. Allah “onlarla eşq yaşayın” dediyi halda, xurafatçılar lənətləməkdən və öldürməkdən bəhs edirlər. Bu isə, Quran əxlaqına tamamilə ziddir.
“İsrail” Hz. Yəqub peyğəmbərin başqa bir adıdır
Xurafatçılar “lənət olsun İsrailə” (haşa) kimi çıxışlar etdikləri zaman unutduqları böyük bir həqiqət vardır. Xurafatçılar Qurandan bixəbər olduqlarına görə “İsrail”in, əslində, Yəqub peyğəmbərin digər bir adı olduğunu unudurlar. Bunu Allah Ali-İmran surəsi, 93-cü ayədə açıq şəkildə bildirir.
“İsrailoğullarını Aləmlərə Üstün Etdik”
Xurafatçılar yəhudiləri xor görüb alçaltdıqları halda, Allah Quranın bir çox ayəsində İsrailoğullarını aləmlər üzərində seçilmiş və üstün olduqlarını vurğulayır:
“Ey İsrailoğulları, sizə verdiyim nemətimi və sizi aləmlərə üstün qıldığımı xatırlayın” (Bəqərə, 47)
“(Hz. Musa dedi:) “O (Allah) sizi aləmlərə üstün etdiyi halda mən sizə Allahdan başqa bir İlahmı axtaracağam?” (Əraf, 140)
“And olsun ki, İsrailoğullarını o alçaldıcı əzabdan qurtardıq… And olsun, Biz onları bir elm üzrə aləmlərə üstün etdik” (Duxan, 30,32)
“And olsun ki, Biz İsrailoğullarına kitab, hökm və peyğəmbərlik verdik, onları gözəl və təmiz şeylərlə rizqləndirdik və onları aləmlərə üstün etdik” (Casiyə, 16)
Yəhudilərin içində müdrik xadimlər var
“Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. Allaha təslim olan peyğəmbərlər yəhudilərə bununla hökm verirlər. Müdrik xadimlər və yüksək müdriklər də Allahın Kitabını qorumaqla məsul olduqlarına və onun üzərində şahid olduqlarına (görə onunla hökm verirlər)” (Maidə, 44)
“Müdrik xadimlər və yüksək müdriklər onlara günah sözləri və haram yeməyi qadağan etməli deyilmiydilər? (Maidə, 63)
“İsrailoğullarından müdriklərin onu (Quranı) bilməsi onlar üçün bir dəlil deyilmi?” (Şuəra, 197)
Peyğəmbərlərin bir çoxu yəhudidir
Xurafatçılar səthi düşüncələrindən dolayı yəhudiləri lənətləyərkən unutduqları daha bir böyük məsələ vardır ki, bu da tarix boyunca yaşamış və Quranda bəhs edilən peyğəmbərlərin bir çoxunun əslən yəhudi olmalarıdır. Hz. Lut, Hz. İshaq, Hz. Yaqub, Hz. Harun, Hz. Yusif, Hz. Süleyman kimi daha bir çox peyğəmbəri Allah yəhudi qövmündən seçmişdir. Allah peyğəmbərləri xüsusilə yəhudilərin içindən çıxardığını da ayələrində bildirir:
“O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm, Allahın üzərinizdəki nemətini xatırlayın. İçinizdən peyğəmbərlər çıxartdı, sizi rəhbərlər etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi”. (Maidə, 20)
“Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!” (Ənkəbut, 27)
“Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə`i, Yunusu və Lutu da. Hamısını aləmlərdən üstün etdik. Onların atalarından, nəsillərindən və qardaşlarından bəzilərini də. Onları seçdik və düz yola yönəltdik. Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı. Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir…” (Ənam, 84-89)
Yəhudilərin İsraildə yaşamaq haqqı var
Xurafatçılar amansızcasına yəhudi nifrətini təbliğ edərkən onların İsraildən sürgün edilmələrini də istəyirlər. Buna bəhanə olaraq isə İsraillə Fələstin arasındakı münaqişəni səbəb göstərirlər. Halbuki Müsəlmanlarla yəhudilər eynilə Peyğəmbərimizin (sav) dövründəki kimi bir yerdə əmin-amanlıqla yaşaya bilərlər. Xurafatçıların əsl hədəfi isə yəhudiləri İsraildən çıxarmaq deyil, onları yer üzündən birdəfəlik silməkdir. Lakin Allah təbii ki onların bu qəddar düşüncəsinin həyata keçməsinə yol verməyəcəkdir. Hz. Musa öz qövmü ilə İsrail ərazisində məskunlaşdıqdan sonra Allah İsrailoğullarına bu torpaqların mirasçıları olduqlarını deyir:
Orada bərəkətlər verdiyimiz yerin (İsrailin) şərqinə də, qərbinə də o xor görülüb zəif buraxılanları (Musa qövmünü) mirasçılar etdik. Rəbbinin İsrailoğullarına (yəhudilərə) olan o gözəl sözü (vədi) səbir etmələri qarşılığında tamamlandı. Fironun və qövmünün etdiklərini və yüksəltdiklərini də yerləbir etdik” (Əraf, 137)
Nəticə
Quranla yaxından tanış olan hər bir insan, xurafatçıların və onların bəzi saxta, uydurma hədislərindəki yəhudi nifrətinin qətiyyən Quran əxlaqı ilə uzlaşmadığını və Quran əxlaqından tamamilə uzaq olduğunu dərhal görər. Xurafatçılar yəhudilərin yer üzündən silinməsi ilə kifayətlənmir, dinsizlərin, xristianların, qadınların, hətta Müsəlman olub onun təriqətindən olmayanların bütünlüklə yaşama haqlarının olmamasını arzu edirlər. Onların bu qorxunc və çirkin ideologiyalarına qarşı Qurana sarılmaq və Allahın bizə nazil etdiyi və məsul olduğumuz yeganə Kitabdan dinimizi çox yaxşı öyrənməliyik.
Xurafatçılar bütün yəhudiləri lənətlənmiş adlandırdıqları halda, Qurana uymadıqları və Allahın, Onun Peyğəmbərinin (sav) adından yalan danışdıqları üçün özləri lənətləniblər:
“Allaha qarşı yalan uydurub iftira yaxandan daha zalım kim var? Bax bunlar Rəblərinə təqdim ediləcəklər və şahidlər: “Rəblərinə qarşı yalan söyləyənlər bunlardır” deyəcəklər. Xəbəriniz olsun: Allahın lənəti zalımların üstünədir” (Hud, 18)
Rafət Əlizadə