Polad Sabirli

Əyri çoxalandan inam yox düzə,
Quru öz oduna yandırdı yaşı.
Haramlar halalla durub üz-üzə,
Gəl belə dövranda dolandır başı.

Sözümün kəsəri qılıncdan iti,
Boş yerə bir kəlmə demədim qəti.
İpək qiymətinə verdilər çiti,
Zərin dəyərini anlamaz naşı.

Tutulaydı namus, ləyaqət baha,
Heç kəs batmayaydı yersiz günaha.
Sığındım haqqıma, uydum Allaha!
Bəs niyə xar etdi qardaş qardaşı?

Heç vaxt qıymadım ki, ucalar enə,
İmansız gələydi imana, dinə.
Hər yerindən duran göz qoyur mənə,
Deyəsən ağırdır Poladın daşı.

27.07.2014