Polad Sabirli

Əzilsəm də dost yolunda,
Əziz tutdum sədaqəti.
Əhvalımın bu halında,
İtirmədim ləyaqəti.

Üz geyərsə, kim üzünə,
İnam olmaz heç düzünə.
Elə döyər hey dizinə,
Yaman olar aqibəti.

Qaça-qaça dəyənəkdən,
Yorulmadım haqq deməkdən.
Keçirdim, keçdim ələkdən,
Tapdım haqqı-ədaləti.

Dən-dən olub üyüldüm ki,
Qarşısında əyildim ki,
Ona görə sevildim ki,
Mən də sevdim həqiqəti.

Tərs düşsə də yeklə şeşin,
Yola gətir bişin-bişin.
Gözəl olar savab işin,
Gözəl olan fəziləti.

Yandırdılar, kül dedilər,
Ağlatdılar, gül dedilər.
Zəhər verib ləl dedilər,
Hara yozum bu niyyəti.

Kim ki, vurar mıxa, nala,
Düşə bilməz aydın yola.
Polad haqlı ola-ola,
Haqq yolundan dönməz qəti.