Hamı xalq adından danışsın, ancaq
Xalqın inamına inamı varsa.
Dünyada ən güclü adam olacaq,
Kim onu özünə inandırarsa.

Xalq səngər kimidir, çətin işində
Hamı boğazacan onda gizlənir.
Adam var əlinə bir iş düşəndə
Xalqa minnət vurur, xalqa hirslənir.

Xalq ümid deməkdir, gələcək demək,
Ümidsiz nə varsa ondan uzaqdır.
Dünyada hər bir şey ölüb gedəcək,
Heç zaman ölməyən, dünyada xalqdır.