Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürovun iştirakı ilə Şuşa rayon nümayəndəliyində zona müşavirəsi keçirilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Klub, kitabxana, muzey və rəsm qalereyası işçilərinin iştirakı ilə keçirilən müşavirədə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov çıxış edib.
“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli 1932 nömrəli Sərəncamının icrasının təmin edilməsi, maliyyə, kadr islahatı, daxili subardinasiya məsələləri, o cümlədən müəssisələrdə aparılan yoxlama işlərinin vəziyyəti, davamiyyətin zəifliyi, nizam-intizam qaydalarına riayət, inventarizasiya məsələləri, mədəniyyət işçilərinin qarşılıqlı əməkdaşlığı, tədbirlərin müntəzəm olaraq keçirilməsi, mətbuat və kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, səmərəli fəaliyyət göstərmiş mədəniyyət işçilərinin fəxri adlarla təltif edilməsi barədə geniş məlumat verən idarə rəisi öz irad və təkliflərini də bildirib.
Xüsusilə kitabxanaların fəaliyyətinə toxunan idarə rəisi bildirib ki, kitabxanalar həm də tərbiyə ocağıdır. Orada keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir. Əgər biz “Şüşa Azərbaycanın mədəniyyət beşiyidir” deyiriksə, mədəniyyətə olan sevgi məhz Şuşanın mədəniyyət ocaqlarından qaynaqlanmalıdır.
Daha sonra Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov, Şüşa rayon MKS-nin direktoru Güsarə Ağayeva, MİHİ Şuşa rayon Komitəsinin sədri Yaşar İbrahimov çıxış edərək Şuşa rayon mədəniyyət işçilərinin fəaliyyəti, görülən işlər və perespektiv planlar haqqında məlumat verib, nöqsanların aradan qaldırılacağını, işin günün tələbləri səviyyəsində quracaqlarını bildiriblər.
Sonda Sumqayıt Regional Mədəniyyət və Turizm Idarəsinin rəisi Mehman Şükürov müşavirə iştirakçıları ilə görüşüb, səmimi söhbət edib.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Mətbuat xidməti