Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

***

Sevda yuxuları sığal götürmür,
Sevda yolçuları nazçəkən olur.
Sən eşqə bu qədər inanma, dəli,
Tale qız vaxtında yazçəkən olur.

Ruhumu lal edib tabut qorxusu…
Beş kişi yığışıb gora aparır…
Allah da adamı arada sıxır;
Hardan gətiribsə, ora aparır…

Ömür quyu kimi, can deşik-deşik…
Bu bəxt də bəxtimə iri düşmədi.
Mənə eşq dəlisi dedilər… amma
Yüz qıza tor atdım, biri düşmədi…

Quzum, məndən ötrü divanə olma,
Kişinin ya qəbri, ya damı olar…
Bircə, Allah qalıb əl qaldırası,
Qorxuram, onun da adamı olar…

***

Fağıram, yazığam, nəyəmsə, buyam,
Ay zəli sifətlim, qanımı tərk et.
Bu boyda qucaqda yer tapmırsansa,
Götür çul-çuxanı, canımı tərk et.

Ancaq insaf elə, uzağa getmə,
Səni ara-sıra yoxlaya bilim.
Yaman sərt baxırsan lal gözlərimə,
Can cəsəd deyil ki, qoxlaya bilim.

Mismar axtarıram kölgəmə vurum,
Deyəsən, çürüyüb, damı laxlayır.
Hərə bir sifətdə min səhv eləyir,
Bir səhvin üzündən hamı laxlayır…

***

Gəl, səni özümə öyrədim bir az,
Qəfil də ayrılaq, dad bu əzabı…
Hamıda doğmalıq həvəsi yoxdu,
Düşünmə qoxlayar yad, bu əzabı.

Həyat lap başından qəm bardağıymış,
Tanrı eşq payımı bölmək istəyir…
Bir sağlam küncü yox bu gen cahanın,
Ruhum adam kimi ölmək istəyir.

Yaman baha olub bir əlcə torpaq,
Yaşamaq ölməkdən bahadı, neynim?
Gəl, gör nə çəkirəm ağ paltarda, qız,
Mənim dörd tərəfim kahadı, neynim?

***

Buxağın gül açıb, başına xeyir,
Yenə də sinəni qoxu basıb, qız.
Bir az yana çəkil, baxışım düşür,
Düzü, bu «divarı» çoxu basıb, qız.

Gəl, birgə su tökək bu boş çuxura,
Canımda su yoxdur, qazmaqla çıxmır.
Mən abid deyiləm, dua bağlayım,
Mən şair adamam, yazmaqla çıxmır…

Səhv cığır açmışıq qəmin altından,
Hicran qız vaxtında ney xəstəsiydi.
Bir yol mey içmədi Xəyyam bicarə,
Di gəl ki, deyirlər, mey xəstəsiydi…

***

Əcəlin havası beş yüz manatdı,
Dərd özün asmağa kəmər yollayıb…
Əzrayıl sur çalmaq bacarmır, quzum,
Fələk də bu yandan nəmər yollayıb.

Biz indi neyləyək, sabah açılır?!
Beş-on dar ağacı qurulub gendə.
Bəlkə çıxıb gedək yad adamlartək?!
Sular sevgi kimi durulub gendə.

Qalırsan? Ayıq ol, hicran su verir,
Sənə heç kim deməz çölümə sədd çək.
Tanrı, bu əzabda dad qalmıb artıq,
İçimi üşüdür, çölümə sədd çək.