rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

GÖNDƏRƏSƏN

“Könül dəftərim” – silsiləsindən

Ya Rəbb, yarı görcək, aşiqi oldum,
Ağlar bulud kimi, yamanca doldum.
Payız yarpağıtək saralıb, soldum,
Könül isitməyə, yay göndərəsən.

Gəlsin gül ömrümə bahar,yaz kimi,
Qonsun sinəm üstə telli saz kimi.
Çəksin hər cəfamı sərvi- naz kimi,
Bu aşiq qəlbimə, pay göndərəsən.

Ağ atlı igidtək, kəhər belində,
Səmum küləyitək, tumar telində.
Sevirəm kəlməsi bitsin dilində,
Sevda harayıma, hay göndərəsən.

Eşqi məskən salsın qəlbdə, canımda,
Mehri- məhəbbəti coşsun qanımda.
Yanıma yaraşan, olsun yanımda,
Sevgimə- sevgisin, tay göndərəsən.

Dəyərin dərk edək zamanın, anın,
Birgə tutaq nəbzin fani dünyanın.
Sevincdə qərq olsun, ömrü Dövranın,
Zülmət gecəsinə, Ay göndərəsən.

YA RƏBB QURTAR MƏNİ

“Könül dəftərim” – silsiləsindən

Yağmura dönməyə hazır buludam,
Qədər aman vermir, dərdi unudam.
Fələyin çəngində sızlayan udam,
Ya Rəbb, qurtar məni, fələk felindən.

Kamantək inləyir sədəfli sazım,
Dönüb qarlı qışa baharım, yazım.
Qüssədir, hicrandır, alnımda yazım,
Ya Rəbb, qurtar məni,qəmin əlindən.

Yanaqda iz salıb duzlu göz yaşım,
Xəyal, xatirədir sadiq sirdaşım.
Nisgildən qurtulmur bəlalı başım,
Ya Rəbb qurtar məni,kədər selindən.

Bəxt aça bilməyir düyün, ilməni,
Dil tapa bilməyir, haqlı kəlməni.
Dərdimi bilməyən, qınayar məni,
Ya Rəbb, qurtar məni, elin dilindən.

Ömür vəfa etmir, acımır zaman,
Nə sevənim qalıb, nə də ki, heyran.
Diz çöküb önündə, yalvarır Dövran-
Ya Rəbb, qurtar məni, qurtar zülümdən…