sxv

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Cib dəsmalım

qat kəsibdi nə vaxtdı
tikdiyim cib dəsmalı…
hər ilməsi nağıllı,
bəzəyi eşq misallı…

elə bil sevəni yox
çoban qızıdır, yazıq…
barmaq sığalını çox,
həm də çox axtarırıq…

ikimiz də küsmüşük
modern variantdan;
boyu bircə bükümlük
saya kağız dəsmaldan…

dəsmalımla üz-üzə
bu gün xeyli baxışdıq…
utandıq…
və dünənə
küskün bir naz da satdıq…

***

Onda dördüncü ayın
Üçüncü həftəsiydi…
Özümə ağlamağım
Uşaqlığın səsiydi…

Sən böyütdün bu qızı…
Böyümək bu imişsə…
Nə çoxu, nə də azı
Bölüşmək bu imişsə…

İndi gücüm də çatmaz
Qovmağa dərd-qəmləri…
Deyir: “Ağlamaq olmaz!”
Gəncənin həkimləri…

Nə bilirlər axı, nə?!
Mənim göz yaşım nədir?
Gözlərimin şəklindən
“Qorxub qaçmağı” nədir?

Yenə Bakıdan küsüb
Dəli qızın yuxusu…
Bəlkə də bilib…
Gülüb
Sevdasına çoxusu…

Özü “gəlincik” olan
Qızın oyunumu var?
Yığıb qəlb “sandığına”
Dərdi “sonuna” saxlar…

2015

***

Kim dedi ki, səninçün
Bu qız təkcə ağlayır?
Bürünüb küçələrə
Bütün Gəncə ağlayır…

Kim dedi axı sənə
Bu qız ölür dərdindən?
Gizlənib döngələrə
Gəncə susur qəhrindən…

Kim uydurub bu sözü:
-Bu qız sənsiz öləcək?
İnanma, ömrüm-günüm,
Qıymaz sevənə Gəncə.

* * *

Ay anam qızılgül, nənəm qızılgül…
Ölüm qucağında, laylam yel olsun,
Yağışlar süzülsün butalarından.
Ağrıyan tərəfim, qıyma, sol olsun,

Ürək boyun əyir xətalarıma.
Düşüm torpağına, andım gül olsun,
Ölsəm, sinə daşım çiçək qoxusun.
Dərdi ki, çəkirəm, dərd əsil olsun,

Bu qızın şairlər yozsun yuxusun.
Gülüşüm yaraşmır ləçəklərinə,
Bağrındakı xarın mənəm, qızılgül…
Tutulsa sol yanım, uyut ətrinlə,
Ay anam qızılgül, nənəm qızılgül…

2015