Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin kitabxanası daha bir dəyərli araşdırma kitabı ilə zənginləşmişdir. Kitabın müəllifi tanınmış tədqiqatçı-alim Nazir Əhmədlidir. Qeyd edək ki, yaxın günlərdə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş 480 səhifəlik Azərbaycan aşıqları və el şairləri” kitabı AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilmişdir. Kitab müəllifin 2019-cu ildə hazırlayıb çap etdirdiyi eyniadlı tədqiqat əsərinin təkmilləşdirilmiş yeni nəşridir. Əsərin elmi əhəmiyyətinin əsasını bu vaxtadək çap olunmuş nəşrlərdə ortaya atılmış “faktlar”ı tamamilə kölgədə qoyan daha səhih məlumatlar təşkil edir. Belə ki, müəllifin də yazdığı kimi, ilk nəşrin işıq üzü görməsindən ötən yeddi il müddətində tədqiqatçı-alimin apardığı gərgin axtarışların məntiqi nəticəsi bir çox yeni faktların ortaya çıxmasında özünü göstərir. Azərbaycan, Gürcüstan və Ermənistan arxivlərində saxlanan sənədlər əsasında müəllif, bugünəcən folklorşünaslıq və ümumilikdə ədəbiyyatşünaslıq sahələri üçün qaranlıq qalan sahələrin üzərinə işıq salınmasına nail olub. Kitab, barəsində müfəssəl məlumat və bilgilər verilmiş Azərbaycan aşıqları və el şairlərinin yaşayıb-yaratdıqları xeyli geniş ərazini əhatə edir ki, bu coğrafiyaya Axısqa, Borçalı, Qərbi Azərbaycanın Göyçə, Dərələyəz, Şimali Azərbaycanın Şəki, Şirvan, Qarabağ, Şəmşəddil, Gəncəbasar bölgələri, belə demək mümkünsə, bütövlükdə Cənubi Qafqaz regionu daxildir.
Kitabın annotasiyasında da qeyd olunduğu kimi, XVIII əsrin ortaları-XX əsrin birinci yarısında yaşamış Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndələri Qul Qarani. Aşıq Valeh, Xaltanlı Tağı, Axısqalı Xəstə Hasan, Ağ Aşıq(Allahverdi), Şair Məmmədhüseyn, Aşıq Söyün Şəmkirli, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Dərələyəzli Aşıq Cəlil, Daşkəndli Aşıq Nəcəf, Aşıq Hüseyn Bozalqanlı – ümumilikdə götürdükdə, on doqquz tanınmış aşıq və el şairinin ömür yolu arxiv sənədləri əsasında yenidən araşdırılmış, indiyə qədər yol verilmiş təhriflər aradan qaldırılmış, elmi ictimaiyyətə məlum olmayan Aşıq Məhərrəm, Aşıq Qara, Aşıq Rüstəm, Şair Mustafa kimi yeni adlar üzə çıxarılaraq, barələrində məlumat verilmişdir.
Müəllif bu günə kimi bir çox elmi mənbələrdə yol verilmiş yanlışlıqlara aydınlıq gətirmiş, heç bir elmi əsası olmayan məlumatları tutarlı faktlarla təkzib etmişdir. Belə ki, məşhur aşıqların, el sənətkarlarının yaşadıqları dövrlərdə o dövrün hökumət dairələrinin qərarı ilə keçirilən siyahıyaalmaların ortaya qoyduğu faktların daha tutarlı olduğunu nəzərə alaraq, Aşıq Valeh, Ağ Aşıq, Xəstə Hasan, Şair Məmmədhüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma və bir çox başqa sənətkarlara saxtalaşdırılmış doğum və ölüm tarixi düzüb-qoşanların elmi ictimaiyyətə təqdim etdikləri məlumatların kökündən yanlış olduğunu tutarlı faktlarla sübut etmişdir. Kitabın sonunda təqdim edilən siyahıdan da bir daha aydın olur ki, məs: Ağ Aşığın doğum tarixi başqa mənbələrdə göstərildiyi kimi heç də 1754-cü il deyil, 1791-ci ildir. Xəstə Hasan 1766-cı il deyil, 1799-cu il doğumludur. Aşıq Alı əvvəlki tədqiqatçıların kitablarında yazıldığı kimi, 1801-ci ildə deyil, 1835-ci ildə dünyaya göz açıb. Aşıq Ələsgər də eləcə… 1821-ci ildə yox, 1852-ci ildə doğulub. Və sair, və i…
Təbii ki, Nazir Əhmədli halal və fədakar tədqiqatçı olaraq, yalnız həqiqəti gün işığına çıxarmağı qarşısına məqsəd qoyub və buğunun özündə də onun keçmişdə araşdırmaçıların yol verdikləri yanlışlıqları təkzib edən faktları ortaya qoyduğuna görə daim haqsız hücumlara məruz qaldığının şahidi oluruq. Lakin inanırıq ki, kitabın elmi redaktoru, ustadımız Əli Şamilin də dediyi kimi, gün gələcək: “Müəllifin böyük zəhmət bahasına hazırladığı kitab 19-cu yüzildə yaşamış aşıqlarımızın ömür yolunu dəqiqləşdirdiyinə görə, ensiklopediyalar üçün məqalələr hazırlayanlar, dərslik yazanlar, almanax tərtib edənlər həmin faktlardan istifadə etməli olacaqlar. Heç də sanmayaq ki, bu iş asanlıqla baş verəcək. Köhnə kitablarda, ensiklopediyalarda yazılmış rəqəmlər bir müddət hələ də təkrarlanacaq, yalnız sonradan yavaş-yavaş yanlışlıqlar aradan qalxacaqdır”. Və əminik ki, bu, həqiqətən baş verəcək!
“Azərbaycan aşıqları və el şairləri” kitabının elmi redaktoru Əli Şamil, elmi məsləhətçiləri Məhərrəm Qasımlı və Əziz Ələkbərli, rəyçiləri isə Qiymət Məhərrəmli və Avtandil Ağbabadır.